Mədədə bir neçə gün qala bilirlər: Ən gec həzm olunan qidalar (SİYAHI)
Bu gün, 12:37

Bəzi qidalar digərlərindən daha uzun müddətdə həzm olunur. Bu proses bəzən bir neçə saat, hətta günlərlə davam edə bilər. Həmin müddət ərzində qida həzm sistemində qalır, bağırsaqlarda fermentasiya prosesinə məruz qala və köp, ağırlıq hissi kimi narahatlıqlara səbəb ola bilər.
Qaynarifno xəbər verir ki, Rynekzdrowia.pl portalının məlumatına görə, belə qidalar arasında həm fastfud məhsulları, həm də bəzi sağlam qidalar yer alır. Mütəxəssislər onların normada və ehtiyatla istehlak edilməsini tövsiyə edirlər.
Hamburgerlər
Ən məşhur fastfud növlərindən olan hamburgerlər aclıq hissini tez aradan qaldırsa da, mədədə ən uzun müddət qalan qidalardan hesab olunur. Onların həzmi bir neçə saat, bəzi hallarda isə üç günə qədər davam edə bilər.
Bunun əsas səbəbi tərkibində yüksək miqdarda trans yağların, yəni hidrogenləşdirilmiş bitki yağlarının olmasıdır.
Pizza
Pizza da uzun müddət həzm olunan fastfud məhsulları sırasındadır. Onun həzmi bəzi hallarda altı saata qədər davam edə bilər.
Göbələk, qoz-fındıq və paxlalılar
Göbələklər yüksək su tərkibinə malik olsalar da, orqanizm tərəfindən çətin həzm olunur. Bunun səbəbi onların tərkibində insanın həzm fermentlərinin parçalaya bilmədiyi, sellülozaya bənzər polisaxarid olan xitinin mövcud olmasıdır. Nəticədə göbələklər mədədə daha uzun müddət qala bilir.
Diyetoloqlar göbələkləri qaymaq və ya qaymaqlı souslarla deyil, yalnız öz şirəsində bişirməyi məsləhət görürlər. Həmçinin onların ət və spirtli içkilərlə birlikdə istehlakı tövsiyə edilmir.
Qoz-fındığın həddindən artıq istehlakı da köp, qarın ağrısı və həzm pozğunluğuna səbəb ola bilər. Bu problemlərin qarşısını almaq üçün gündə az miqdarda və çiy qoz-fındıq yemək tövsiyə olunur.
Çətin həzm olunan desertlər
Çizkeyk, beze və digər şirin xəmir məmulatları da mədədə bir neçə saat qala bilər. Bunun səbəbi onların tərkibindəki kərə yağı, pendir, yumurta, qaymaq və şəkərin birlikdə həzmi çətinləşdirməsidir. Bu məhsulların həzmi bəzi hallarda 12 saata qədər davam edə bilər.
Donuz əti
Tərkibində yağ və xolesterinin yüksək olması səbəbindən yağlı donuz əti yüksək kalorili və çətin həzm olunan məhsul hesab edilir. Bununla belə, yağsız donuz əti daha az yağ tərkibinə malik olduğundan daha asan mənimsənilir və orqanizm onun tərkibindəki zülalların təxminən 80 faizindən faydalana bilir.
Qeyd edək ki, qidaların həzm müddəti insanın yaşından, sağlamlıq vəziyyətindən, maddələr mübadiləsinin sürətindən və qəbul edilən qidanın miqdarından asılı olaraq dəyişə bilər.

