Qırmızı ət, duz və turş qidalara yaranan qəfil istəyin tibbi səbəbləri
Bu gün, 07:56
Daimi olaraq qırmızı ət, o cümlədən quzu və ya mal əti istehlak etmək istəyi orqanizmdə zülal aclığı və ya dəmir çatışmazlığının göstəricisi ola bilər.
Bu məlumatı qastroenteroloq Yekaterina Kaşux RT-yə açıqlamasında qeyd edib.
"Orqanizmdə dəmirin azlığı anemiya yaradır ki, bu da özünü gücsüzlük, dəri rənginin solğunlaşması və qeyri-adi qida istəkləri ilə büruzə verir. Qidalara davamlı duz əlavə etmək və ya şorabalara olan artan həvəs isə elektrolit balansının pozulduğunu göstərə bilər", - deyə mütəxəssis bildirib və əlavə edib ki, bədən duz vasitəsilə su-duz tarazlığını tənzimləməyə və mayeni qoruyub saxlamağa cəhd edir.
Həkim, həmçinin vurğulayıb ki, limona və kələm turşusuna qəfildən yaranan tələbat mədə şirəsində turşuluğun aşağı olmasının əlamətidir. Eyni zamanda, bu vəziyyət aşağı sekresiyalı qastrit xəstəliyinin ilkin simptomu kimi də qiymətləndirilə bilər.