Şah İsmayılın anasını öldürməsi iftirasına cavab

15-08-2026, 09:48           
Şah İsmayılın anasını öldürməsi iftirasına cavab
XXI əsrdə, xüsusən Türkiyə gündəmində Reha Çamuroğlunun "İsmayıl" və İsgəndər Palanın "Şah və Sultan" adlı əsərlərində, başqalarının akademiklik ərz etdirməyən köşə yazılarında İsmayılın 1501-ci ildə Təbrizi ələ keçirdikdən sonra həm Ağqoyunlu sülaləsinə aid olduğu, həm də sünniləri müdafiə etdiyinə görə anasını öldürdüyü yazılmışdır. Bu iddiaların mənbəyi olaraq isə Şah İsmayıl dövrünə aid Venesiya səyahətnamələrinə istinad edilməkdədir. Namiq Musalı bu dövrə aid üç əsas venesiyalı müəllif olan Katerino Zeno, Ciovan Maria Angiolello və adının Françesko Romano olduğu düşünülən bir tacir olduğunu yazır. O, bu üç şəxsdən ən əsasının Venesiyanın Ağqoyunlu sarayındakı nümayəndəsi olan Katerino Zenonun xatirələrinin ölümündən sonra qardaşı oğlu tərəfindən Venesiyada, 1873-cü ildə İngiltərədə, 1970-ci ildə İranda və 2006-cı ildə İstanbulda nəşr edildiyini yazır və əlavə edir ki, hər 4 dildəki əsərin qarşılaşdırılması zamanı türkcə tərcümədə böyük yanlışlığa yol verildiyi bəlli olur. Bu yanlışlıq nəticəsində İsmayılın anası Aləmşah Bəyimi öldürdüyü iddia edilmişdir: (1) "Bununla da qalmayaraq, anasının yanına gətirilməsi əmrini verdi. Bu qadın Heydərin ölümündən sonra Dərbənd savaşında şahın tərəfdarları arasında olan qabaqcıl şəxslərdən biri ilə evlənmişdi. Ona təhqiramiz sözlər dedi, xəyanət etdiyi üçün onu qınadı, nəhayət belə bir alçaqlıq və uyğunsuz bir qadının atasının haqqına bir az da olsa hörmətsizliyindən dolayı başını kəsməyi əmr etdi." (2)
Bunu qeyd etdikdən sonra Namiq Musalı digər dillərdəki orijinal qeydləri də göstərərək sübut edir ki, burada sözügedən qadın İsmayılın anası yox, bir zamanlar atasının cariyəsi olmuş hansısa başqa qadındır.(3)
Bir digər məşhur türk tarixçisi Faruq Sümər bir italyan mənbəyində - Angiolellonun səyahətnaməsində - İsmayılın anasını öldürdüyü yazıldığını bildirməkdədir. Sümer bunu yazarkən Greyin yayımladığı ingiliscə tərcümənin 105 və 191-ci səhifələrinə istinad etməkdədir. Həqiqətən də həm Angiolelloda, həm də bir digər tacirin yazdığı əsərdə belə bir məlumat verilməkdədir. Lakin Sümerin diqqətindən yayınmışdır ki, Grey Sümerin də istinad etdiyi səhifələrdə bu məlumatın yanlış olduğunu, digər mənbələrlə müqayisəli tədqiqat nəticəsində İsmayılın öz anasını deyil də, atasının hansısa cariyəsini öldürdüyünün bəlli olduğunu qeyd etmişdir. Həmçinin iranlı tarixçi Yusif-Camali Şah İsmayıl ilə bağlı Edinburq Universitetində yazdığı doktorantura tezisində Venesiya mənbələrini incələyərək İsmayılın öz anasını öldürmə iddialarının yanlış olduğunu yazmışdır.(4)(5)(6)
Həm Şah İsmayıl dövründə, həm də ondan sonrakı Səfəvi şahlarının hakimiyyəti dövründə yazılmış əsərlərdə Aləmşah Bəyimdən böyük hörmət hissi ilə bəhs edilməkdədir. Məsələn, Şah İsmayıl yazmış olduğu şeirlərdən birində atasını İmam Əliyə, anasını Həzrəti Fatiməyə, özünü isə 12 imamlardan birinə bənzətməkdədir:(7)
"Adim Şah İsmayıl, Haaqun sirriyəm,
Bu cümlə qazilərin sərvəriyəm,
Anamdur Fatimə, atam Əlidür,
On İki İmamun mən də piriyəm (biriyəm)"
Bəzi mənbələrdə Aləmşah Bəyimin 1501-ci ildən sonra yaşaması barədə açıq məlumatlar vardır. Məsələn, mənbələrə görə, İsmayıl 1503-cü ildə İsfahanı ələ keçirərkən orada xalası Məryəm Bəyimlə qarşılaşmış, o, İsmayıldan bacısını soruşmuş və onun yaxşı olduğu cavabını almışdır.(7)(9)
Yenə İsmayılın Aləmşah Bəyimi öldürməsi iddialarını yalanlayan başqa bir sübut Katerino Zenonun əsərindən əldə edilir. Belə ki, Uzun Həsənin Dəspinə Xatundan Aləmşah da daxil olmaqla 3 qızı və bir Maqsud adlı oğlu var idi. Həsənin ölümündən sonra Maqsud qardaşları tərəfindən öldürülür və digər iki bacı qorxduqları üçün əvvəlcə Hələbə, daha sonra isə Şama qaçmışdırlar. Zenonun nəvəsi gənc tacir Katerino Şamda bu bacılardan biri ilə tanış olmuş və söhbət etmişdir. Söhbət zamanı Aləmşahın bacısı Şah İsmayılın hakimiyyətə gəlməsindən məmnun olduğunu, özünün də Təbrizə getməyə hazırlaşdığını yazmışdır. Musalı buna əsaslanaraq iddia edir ki, əgər İsmayıl Ağqoyunlu və sünni olduğu üçün öz anasını öldürsəydi, bu ananın bacısı heç bir zaman Təbrizə gəlmək istəməzdi.(10)(11)(12)
Aləmşah Bəyimin oğlu tərəfindən öldürülmədiyini məlum edən bir digər məqam isə onun Ərdəbildəki məzar daşıdır. Məzar daşı üzərindəki epiqrafik abidədən məlum olur ki, Aləmşah Bəyim 1522-1523-cü ildə, yəni oğlunun ölümündən təxminən 1-2 il əvvəl vəfat etmişdir.(10)
Qaynaqlar:
1) Musalı, 2016. səh. 46-47
2) Tufan Gündüz. Uzun Hasan Fatih mücadelesi döneminde Doğu’da Venedik elçileri (Caterino Zeno ve Ambrogio Contarini’nin seyahatnameleri). İstanbul: Yeditepe. Çeviren: T.Gündüz. 2006. səh. 55
3) Musalı, 2016. səh. 46-48
4) Musalı, 2016. səh. 49-50
5) Mohammad Karîm Youssef-Jamâlî. The Life and Personality of Shāh Ismā’īl I (1487-1524). Ph.D. dissertation. University of Edinburgh. 1981. səh. 322
6) Faruk Sümer. Safevî Devletinin kuruluşu ve gelişmesinde Anadolu Türklerinin rolü (Şah İsmail ile halefleri ve Anadolu Türkleri). Ankara: Türk Tarih Kurumu Basımevi. 1999. səh. 24
7) Musalı, 2016. səh. 53
😎 Vladimir Minorsky. The Poetry of Shah Ismail I. University of London: Bulletin of the School of Oriental and African Studies, Vol. X, Part 4. 1942. 1006a–1053a. səh. 1031a
9) Musalı, 2011. səh. 11
10) Musalı, 2016. səh. 54
11) Charles Grey. Travels of Venetians in Persia: A Narrative of Italian Travels in Persia in the 15-th and 16-th Centuries. London: Hakluyt Society. (translated and edited by C.Grey). səh. 42-43
12) Tufan Gündüz. Seyyahların gözüyle sultanlar ve savaşlar (Giovanni Maria Angiolello, Venedikli bir tüccar ve Vincenzo D’Alessandri’nin seyahatnameleri). İstanbul: Yeditepe. 2007. səh. 48
Hafiz Jafarli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]