"Deutsche Bank"da 626 min avroluq qalmaqal: Pulları öz hesabına köçürüb

Bu gün, 16:44           
"Deutsche Bank"da 626 min avroluq qalmaqal: Pulları öz hesabına köçürüb
Frankfurtda keçirilən məhkəmə prosesində "Deutsche Bank"ın keçmiş əməkdaşı Sven R. (tam adı açıqlanmır) müştərilərin hesablarından 626 min avrodan çox vəsait oğurladığını etiraf edib.

Onun vəkili vasitəsilə verdiyi açıqlamanı "Handelsblatt" və "Bloomberg" də daxil olmaqla, bir sıra media orqanları yayıb.

Sven R. varlı müştərilərlə işləyən şöbələrdən birinə rəhbərlik edib. Onun sözlərinə görə, 2023-2025-ci illər ərzində müştərilərin hesablarından 626 min avrodan çox pulu özünə bağlı hesablara köçürüb.

Keçmiş bank əməkdaşı bildirib ki, pulu məhz varlı müştərilərdən oğurlayıb, çünki onların hesablarındakı itkiləri daha gec fərq etmək ehtimalının yüksək olduğunu düşünüb. Köçürmələrin təsdiqlənməsi üçün isə həmkarlarını aldadaraq əməliyyatların müştərilərin özlərinin tələbi ilə həyata keçirildiyini deyib.

Sven R. oğurluğa maliyyə çətinlikləri səbəbindən əl atdığını bildirib. Onun sözlərinə görə, üçüncü övladının dünyaya gəlməsindən sonra xərclərinin artması və birjada apardığı əməliyyatlar maliyyə vəziyyətini pisləşdirib. Oğurladığı pulun bir hissəsini birja əməliyyatlarına xərcləyib.

"Deutsche Bank" oğurluğu 2025-ci ildə apardığı yoxlama zamanı aşkar edib. Bundan sonra bank Sven R.-ni işdən çıxarıb, zərərçəkən müştərilərə kompensasiya ödəyib və daxili nəzarət qaydalarını sərtləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]