Göydəki Quşun Bəhanəsi, Çöldəki Böyürtkənin Cəriməsi: Kasıbın Çörəyi Kimin Boğazında Qaldı?

Dünən, 08:18           
Göydəki Quşun Bəhanəsi, Çöldəki Böyürtkənin Cəriməsi:
Biz elə bir "iqtisadi möcüzə" zəmanəsində yaşayırıq ki, artıq təbiətin özü də Nazirlər Kabinetinin büdcə planlamasına tabe etdirilib.
Nazirlər Kabinetimiz görünür ölkədəki bütün qlobal problemləri həll edib bitirib, növbə gəlib çatıb kənddəki kasıbın meşədən yığdığı iki kiloqram böyürtkənə və kol dibindən topladığı göbələyə.
Ssenari isə heyrətamiz dərəcədə incə toxunub: əvvəlcə deyilir ki, meşədə flora və faunanı, quşların yaşayış mühitini qoruyuruq.
Hansı quşları?
Göydə baxırsan, nə sərçə qalıb, nə qaranquş. Təbiət özü bu "müdrik" idarəetmədən bezib başını alıb gedib. Göydə tək-tük hərlənən quşlar varsa, onlar da yalnız "leşyeyən" qarğalardır.Sadəcə bir fərq var qarğalar leş yeyir,bəzi məmurlar vətəndaşın qanını içir.
Amma bəhanə hazırdır: "Quşların haqqına girirsiniz!"
Nəticədə neçə illərdir rayonda işsizlikdən, imkansızlıqdan çöllərə düşüb uşağına bir tikə çörək pulu çıxarmaq üçün böyürtkən toplayan kasıbın əli o koldan da kəsildi.
Yıxıl, öl! Başqa alternativ yoxdur.
Bu dərin "strateji" qərarı verən möhtərəm kabinet üzvlərinə bir neçə sadə və səmimi sual ünvanlamaq lazımdır:
Sual 1: Meşədəki giləmeyvəni yığıb satmaqla ailəsini dolandıran vətəndaşın bu fəaliyyətini qadağan edərkən, ona alternativ olaraq hansı iş yerini və ya sosial yardımı təklif etdiniz?
Sual 2: Milyonlarla manatlıq meşə sahələrini hissə-hissə hasarlayıb villalar tikən, təbiəti kökündən məhv edən sahibkarlara tətbiq olunmayan "ekoloji həssaslıq", niyə məhz 5 manatlıq böyürtkən satan kasıb kəndliyə çatanda yada düşür?
Sual 3: Əgər doğrudan da məqsəd biosferin qorunmasıdırsa, göydə quşun, yerdə giləmeyvənin cəriməsini kəsməkdənsə, ölkədəki real ekoloji terrorun — çayların qurudulmasının, ağacların kütləvi qırılmasının qarşısını almaq üçün nə vaxt fəaliyyətə keçəcəksiniz?
Sual 4: Hər addımda cərimə tətbiq etməklə, vətəndaşın son dolanışıq yerini də elindən almaqla tam olaraq nəyə nail olmaq istəyirsiniz?
Şüurlu şəkildə insanları boğaza yığıb səbrini sınamaq yeni siyasətidir, yoxsa sadəcə idarəetmə bacarıqsızlığı?
Təbiəti qorumaq adı altında kəndlinin çörəyinə bais olmaq ekoloji qayğı deyil, sosial ədalətsizliyin ən açıq formasıdır. İndi gözləyirik, Yaxın gələcəkdə bəlkə Nazirlər Kabineti yeni bir qərar çıxarsın:
"Kimin yanında quş ölsə, həmin adam 6 min manat cərimə olunacaq." Çünki görünən odur ki, bu sistemdə quşun da, kolların da dəyəri var, təkcə kasıb vətəndaşın yaşamaq haqqından başqa...
Sima Babayeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]