KİV: Avropa kəşfiyyatı Rusiyada genişmiqyaslı bank böhranı riski barədə xəbərdarlıq edib

Bu gün, 12:25           
KİV: Avropa kəşfiyyatı Rusiyada genişmiqyaslı bank böhranı riski barədə xəbərdarlıq edib
Rusiya bank sistemi "partlayış xarakterli" böhranla üzləşə bilər.

"Reuters" agentliyi xəbər verir ki, bu barədə Avropa ölkələrindən birinin kəşfiyyat xidmətinin hazırladığı qapalı məruzədə qeyd olunub.

"2026-cı ildə Rusiyada bank böhranı ehtimalı" adlı iki səhifəlik sənəd, Avropa İttifaqının (Aİ) 21-ci sanksiyalar paketinin hazırlanması ərəfəsində Avropa rəsmilərini məlumatlandırmaq məqsədilə iyunda hazırlanıb.

Məruzədə bildirilir ki, Rusiya hakimiyyəti bankları müdafiə sənayesi müəssisələrinə, regional dövlət layihələrinə və mənzil alanlara subsidiyalı kreditlər verməyə məcbur edir. Həyata keçirilən dövlət proqramları və kreditlərin restrukturizasiyası isə sistemdə yığılan riskləri müvəqqəti olaraq gizlədir.

Sənəddə korporativ kreditlərin 10 faizinin problemli kreditlərə çevrildiyi vurğulanır ki, bu da 2024-cü illə müqayisədə kəskin artım deməkdir. Eyni zamanda, bəzi iri banklarda 2025-ci ildə qaytarılmayan pərakəndə kreditlərin payı 15 faizə çatıb. Ötən il Rusiyada 500 mindən çox şəxs müflis elan edilib ki, bu da əvvəlki illə müqayisədə təxminən 30 faiz çoxdur. Bundan əlavə, 13 milyondan çox insanın eyni vaxtda ən azı üç kredit ödədiyi bildirilir.

Rusiya Mərkəzi Bankı "Reuters"in məruzə ilə bağlı sorğusunu şərh etməkdən imtina edib.

Aİ-nin 21-ci sanksiyalar paketinin iyul ayında qəbul olunacağı gözlənilir. "Reuters"in məlumatına görə, yeni məhdudiyyətlər təxminən 90 bankı əhatə edə bilər. Bu halda beynəlxalq əlaqələri olan Rusiya banklarının yarıdan çoxu sanksiya siyahısına düşəcək. Sanksiyalar paketinə, həmçinin kriptovalyuta şəbəkələri, pilotsuz uçuş aparatları istehsalçıları, neft treyderləri və neft emalı zavodlarının da daxil edilməsi nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru