AYNA-da ciddi dəyişikliklər gözlənilir? – Görülən işlər hansı ekspertizadan keçir?

Bu gün, 00:01           
AYNA-da ciddi dəyişikliklər gözlənilir? – Görülən işlər hansı ekspertizadan keçir?
Son aylarda sosial şəbəkələrdə və ictimai müzakirələrdə AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyəti ilə bağlı narazılıqların artdığı müşahidə olunur. Xüsusilə paytaxt yollarında aparılan yeni xətləmə işləri, piyada keçidlərinin yerlərinin dəyişdirilməsi, hərəkətin təşkili ilə bağlı qəbul edilən bəzi qərarlar sürücülər və piyadalar arasında geniş müzakirələrə səbəb olub.

Bizimesr.com-a daxil olan məlumatlara görə, yaxın vaxtlarda AYNA-nın fəaliyyətinin idarə olunması ilə bağlı ciddi dəyişikliklərin həyata keçirilməsi qaçılmazdır. Mənbələrin iddiasına əsasən, təkcə AYNA-da deyil, bir sıra digər dövlət qurumlarında da kadr və rəhbərlik səviyyəsində dəyişikliklər planlaşdırılır.

İddialara görə, AYNA İdarə Heyətinin sədri Anar Rzayev vəzifəsi ilə vidalaşa bilər. Bildirilir ki, dəyişikliklər baş verəcəyi təqdirdə qurumun fəaliyyətinə nəzarət mexanizmləri yenidən qurulacaq, idarəetmədə fərqli yanaşmalar tətbiq ediləcək və yol hərəkətinin təşkili sahəsində yeni model formalaşdırılacaq.

Son dövrlərdə xüsusilə paytaxt küçələrində aparılan xətləmə işləri sürücülərin ciddi narazılığına səbəb olub. Bir çox sürücülər hesab edirlər ki, bəzi küçələrdə zolaqların dəyişdirilməsi, hərəkət sxemlərinin yenilənməsi və yeni nişanlanmalar tıxacların azalmasına deyil, əksinə, əlavə qarışıqlıq yaradıb. Sosial şəbəkələrdə yayılan çoxsaylı paylaşımlarda bu dəyişikliklərin sürücülərin cərimələnməsi riskini artırdığı da vurğulanır.

Narazılıqlar yalnız sürücülərlə məhdudlaşmır. Vətəndaşların bir qismi yeni salınan və ya yeri dəyişdirilən piyada keçidlərinin təhlükəsizlik baxımından məqsədəuyğun olmadığını, bəzi hallarda piyadalar üçün əlavə risk yaratdığını bildirir.

İctimai müzakirələrdə AYNA rəhbərliyinin bu iradlara kifayət qədər reaksiya vermədiyi, narazılıqları aradan qaldırmaq üçün konkret addımlar atmadığı barədə fikirlər də səsləndirilir. Eyni zamanda bəzi sosial media istifadəçiləri və ekspertlər hesab edirlər ki, qurumun fəaliyyətini müdafiə edən bəzi media materiallarında problemlərin mahiyyəti araşdırılmaq əvəzinə tənqid edən tərəflər hədəfə alınır.

Mənbələr bildirirlər ki, marşrut avtobuslarının fəaliyyəti, yol nişanlanması, piyada keçidləri və yol hərəkətinin təşkili ilə bağlı toplanmış çoxsaylı narazılıqlar aidiyyəti qurumlar tərəfindən təhlil edilir. İddialara əsasən, qarşıdakı dövrdə bu sahədə idarəetmənin daha səmərəli təşkili, peşəkar mütəxəssislərin potensialından daha geniş istifadə olunması və qərarların elmi əsaslarla verilməsi istiqamətində addımların atılması nəzərdə tutulur.

Bizimesr.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru