Saytları, TV-ləri sosial şəbəkələrə daşımaq çıxış yolu deyil.

Bu gün, 09:38           
Saytları, TV-ləri sosial şəbəkələrə daşımaq çıxış yolu deyil.
Ha istəyirəm dilimi dinc qoyum, alınmır. Ənənəvi media ilə sosial şəbəkənin rəqabəti və burada sosial şəbəkənin qalib gəlməsi danılmaz faktlardır. Ənənəvi medianı zəifələdən əsas amil reklam bazarıdır. Dünyada reklam bazarının 60 faizinə "Google" və "Meta" şirkətləri nəzarət edir. Ənənəvi media faktiki olaraq bu sahədə uduzub. Ancaq dövlətlər ənənəvi medianı ayaqda saxlamaq üçün boş durmurlar. Misal üçün Avstraliya, daha sonra Kanada və Avropa İttifaqı "Google" və "Meta" kimi şirkətləri məcbur etdilər ki, gəlirlərini ənənəvi media ilə bölüşsünlər.
Ənənəvi medianın digər mübarizə üsulu isə abunəliklər oldu. Artıq bir çox qlobal media qurumları abunəliklər, yaxud ianə sistemlərinə keçiblər. Bəzi mətbuat orqanları var ki, onların informasiyalarını oxumaq üçün müəyyən vəsait ödəməlisən. Mənim öz başıma da maraqlı bir hadisə gəlib: "Le Monde" qəzetinə müsahibə vermişdim. Bir neçə gün sonra mənə link göndərdilər. Açdım, öz adımı görməmiş məndən abunə haqqı tələb etdi.
Böyük media qurumları sosial şəbəkələrlə mübarizə üçün fərqli strategiya ortaya qoydular. Onlar kəmiyyətin başını buraxdılar, keçdilər keyfiyyətə. Anladılar ki, xəbərçilikdə sosial şəbəkələrə uduzurlar, ona görə də media qurumlarının tərkibində güclü araşdırma qrupları qurdular. Bu qrupların içərisində jurnalistlərlə yanaşı peyk mütəxəssisləri, proqramçılar, video-məlumat analitikləri və hərbi ekspertlər işləyir.
Böyük media qurumları anladı ki, ənənəvi xəbərçilik (sadəcə "nə baş verdi" tipli xəbərlər) sosial şəbəkələr qarşısında məğlub olub və bu sahədə mübarizə aparmaq mənasızdır. Qalib gələn və jurnalistinə yüksək maaş verə bilən yeganə mübarizə üsulu — sosial şəbəkənin verə bilmədiyi dərin araşdırma, ekspert analitikası və eksklüziv məzmun istehsal etməkdir. Ona görə də təhlillərə, analizlərə və araşdırmalara üstünlük verirlər. Böyük qurumlar daxilində elə araşdırma qrupları var ki, onların illik hədəfi cəmi 3 və ya 4 böyük araşdırma materialı dərc etməkdir. Məsələn, korrupsiyanın, çirkli pulların yuyulmasının və ya beynəlxalq silah ticarətinin izlənməsi üçün qurulan komandalar bəzən 6 ay - 1 il arası müddətdə heç bir xəbər yazmır, sadəcə sənədləri araşdırırlar. Bu müddətdə onların bütün maliyyə yükünü media qurumu öz üzərinə götürür. Yaxud təhlil və analizlər böyük media qurumlarının əsas silahına çevrilib.
Bizdə necədir? Bizdə hətta bəzi oxucuların ağlı, dərrakəsi media rəhbərlərinin ağlından qat-qat üstündür. Oxuculardan ayda-ildə bir dəfə "uzun yazırsan" narazılığı eşidirəmsə, "mətbəxin içində" bunu həmişə eşitmişəm: "Qısa yaz, onsuz da oxuyan yoxdur". Oxucu yazının içini görmür, yalnız başlığını görür, onu açır, oxumağa başlayır; əgər diqqətini çəkirsə, axıra qədər oxuyacaq, diqqətini çəkməyəcəksə, oxumayacaq.
Bizdə də etiraf edirlər ki, ənənəvi media sosial şəbəkələrə uduzur, ancaq bizimkilərin çıxış yolu ənənəvi medianı sosial şəbəkələrə daşımaqdır. Ona görə də onların media rəhbərləri özlərini media rəhbəri kimi aparır, bizimkilər isə domen sahibi kimi. Bizdə hansısa media rəhbərinə desən ki, əməkdaşlıq edək, təhlil, analiz yazım — buna maraqlı olmur. Niyə? Çünki pul verəcək. Pul verəndə də yazana deyir ki, linki bütün sosial şəbəkə hesablarında paylaş. Onlarda isə media rəhbəri materialı alır, onu necə oxutduracaq, necə təqdim edəcəyini isə özü həll edir.
Bizdə təhlilə, analizə pul vermirlər, ancaq hər gün kimlərdənsə açıqlama alırlar. Xaricdə müsahibələri oxuyuram, izləyirəm, bəzən başlıq da çıxarmırlar, eləcə yazırlar: "Filankəslə müsahibə". Bu o demək deyil e müsahib hansısa fikir səsləndirməyib, sadəcə olaraq yanaşma budur. Bizdə isə müsahibədə jurnalist sual verəndən sonra diqqətini müsahibə yönəldir ki, görüm harda "quş" buraxacaq, onu başlığa çıxarım. Başıma gəlib; müsahibə götürmüşəm, redaktor deyib ki: "Bu nə müsahibədir, bir dənə başlığa çıxarılası söz deməyib, kiməsə ilişməyib". Bizdə, əslində, əsas hədəf nədir? Məhz kəmiyyət! Önəmli olan "20 özəl xəbər" olsun. Məlum qurum çıxıb deyəcək ki, ay haray, biz istəyirik təhlil, analiz, reportaj, araşdırma, müsahibə olsun. O maaşa təhlil yazarlar, araşdırma edərlər, reportaja gedərlər? Zamanında biabırçı maaşa yazmışam, sadəcə olaraq sevdiyim və imzam üçün. Bəzən deyirlər, indi niyə az-az yazırsan? Mənim heç bir öhdəliyim yoxdur! Heç bir yerlə əməkdaşlıq etmirəm. Sadəcə olaraq ürəyim istəyir, yazıram! Bu qədər sadə!
Bizdə əsas güc nəyə verilib? Deputatlardan, rəsmilərdən açıqlama almağa. Bütün günü deputatları məxsərəyə qoy, sonra onlardan açıqlama al. Bu ölkədə deputatın sözünün çəkisi nə qədərdir? Hansısa məmurdan alınan açıqlama media qurumunun uğuru kimi təqdim olunur.
Jurnalistika dünyada ən təhlükəli peşələrdən sayılır. Açıqlama almaq yox ha, qaqa, söhbət ayrı şeydən gedir. Hansısa məmura rüşvətxor demək də təhlükəli iş deyil. Onun rüşvətxorluğunu, korrupsiyasını ifşa etməkdir təhlükəli peşə. Qərbdə ən yaxşı yaşayanlar kateqoriyasında üst sıralarda jurnalistlər gəlir. Bizdə ayın axırı gələndə jurnalistlərin ən çox etdiyi şey bir-birinə kart atmaqdır. Əvvəllər jurnalistlərə reket gözündə baxırdılar. İndi isə jurnalist sözü ilə həyasız sözü sinonim kimi işlənir. Sən bütün bunları görmədən, jurnalistlərin hansı vəziyyətdə yaşadığından xəbərdar olmadan sosial şəbəkələrə qarşı necə mübarizə bura bilərsən?
Bilirəm, bizdə belələri çoxdur, gəlib yazacaqlar ki, "bizdə o dediyin jurnalistlərdən yoxdur". Bir ay 12 ölkənin 25 reportyoru ilə bir kursda olmuşam. Hamısı ölkələrinin ən məşhur kanal və agentliklərinin reportyorları idi. Onda başa düşdüm ki, bizim sadəcə oynamağa meydanımız yoxdur. İllər əvvəl xarici media qurumlarından biri məndən bir təhlil istəmişdi. 200 dollar qonorar verəcəklərini demişdilər. Yazını bir nəfəsə yazıp atdım. Elə bir qonorar vermişdilər ki, aldığım pulu bir gündə beş dəfə sayırdım. Buna səbəb təkcə qonorarın dediklərindən dəfələrlə çox olması deyildi. Səbəb o idi ki, o yazı səviyyəsində materiallardan həftədə ən azı bir dəfə işlədiyim saytlara verirdim, mənə 5 manat mükafat belə yazmırdılar.
ABŞ-nin, Qərbin media qurumları abunəlik, ianələrlə itkilərini müəyyən mənada kompensasiya edir. Deputatdan, məmurdan aldığın açıqlamaya görə kimsə sənə abunə haqqı ödəyər? Türkiyədə, Ukraynada, Rusiyada fərdi jurnalistlər var ki, təhlillər yazırlar, yaxud çıxışlar edirlər, yazılarının, "YouTube" videolarının altına da kart hesablarını qoyurlar. Bizdə bunu edən birinə minimum dilənçi kimi baxarlar.
Sən jurnalistinə dəyər verisən? Ay hay... İcra nümayəndəsi vardı, müharibə vaxtı kəndindən, qəsəbəsindən bixəbər idi. Öz kəndindəki, qəsəbəsindəki vəziyyəti məndən soruşanlar olub. Onlara veterenlıq statusu verdilər, adi sağ ol sözünü belə eşitmədim. Bəlkə eşidənlər olub, mənim xəbərim yoxdur.
Deməyim odur ki, yanaşmanı dəyişmək lazımdır. Saytları, TV-ləri sosial şəbəkələrə daşımaq çıxış yolu deyil.
Səxavət Məmməd
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru