AZƏRBAYCANIN ƏN BÖYÜK FACİƏSİ
Bu gün, 11:04

(“Bizim problemlər!” silsiləsindən)
Dostlar, işimlə əlaqədar tez-tez Milli Elmlər Akademiyasının bağına gedirəm. Azərbaycanın Nobel mükafatı lauriatı (hər halda, iddialıdır) Kəramət Böyükçölün “Kitab maşını” ilə qonşuluqda otururam, mənə lazım olan adamlarla görüşürəm. Arabir Böyükçölün “Kitab maşını”na da baxıram. Hər dəfə təəccüblə müşahidə edirəm ki, adam ancaq öz kitablarını satmır, bura əməlli-başlı kitab mağazasıdır. Bu mağazada yüzlərlə kitab satılır, bunların ancaq bir-ikisi bizim Nobelçinin qələmidir, qalanlar dünya əsərləridir.
Amma hazırkı qeydlərin hədəfi nə bizim MEA-nın bağıdır, nə də bizim Nobelçinin kitab mağazasıdır, MEA-nın yeməkxanasıdır. Bəli, bəli mən hər dəfə işimlə əlaqəli MEA-nın bağna gedəndə, MEA-nın yeməkxanasında nahar etməli oluram. Bir adam başına nahar (rus demiş, “pervıy, vtoroy, tretiy”) 7-10 manatdır. Bu, 5 günlük iş həftəsində hardasa ayda 200-250 manat edir. Amma işə gələn əməkdaş geyinməlidir, qadınlar, qızlar hətta bəzənməlidir. Bu da ayad 100-150 manat. Yuvarlaq yazsaq, minimum 400, maksimum 500 manat. MEA da öz elmi əməkdaşlarına hardasa 400-500 manat maaş verir. Təsəvvür edirsinizmi?!
Karl Marks deyir ki, adam elmlə məşğul olmazdsan əvvəl yeməli, içməli və mənzil şəraitinə malik olmalıdır. Bizim məmurlar isə deyir ki, Marks qəllət eləyir, adam yeyib-içsə və işə gəlib-getsə, bəsdir. Deməli, adam əyninə paltar geyinməməlidir, küçədə gecələməlidir və yayda istirahət etməməlidir?! Ona görə də, Azərbaycanda MEA-ya bir nəfər də istedadlı gənc gəlmir. Çünki istedadlı gənclər adam kimi yaşamaq - yemək, içmək, geyinmək, gəzmək və görmək istəyir. Ayda 400-500 manat maaş isə buna imkan vermir. Məsələ bu qədər sadədir...
Dfostlar, elm bütün dünyada konvertasiya olunan valyutadır, Azərbaycanda isə, konvertasiya olunmur. Buna görə də, Azərbaycanda elmin gələcəyi yoxdur, buna görə də, Azərbaycanda elmə gənclər gəlmir. Hesab edirəm ki, bu, AZƏRBAYCANIN ƏN BÖYÜK FACİƏSİdir...
Qalib ARİF

