ARTİ-nin dərslik siyasəti: Şagird üzərində təcrübə aparmaq təhsildir, ya məsuliyyətsizlik?

11-12-2025, 11:47           
ARTİ-nin dərslik siyasəti: Şagird üzərində təcrübə aparmaq təhsildir, ya məsuliyyətsizlik?
ARTİ-dən Elnur Əliyevin çıxışında “dərsliklərlə bağlı hər hansı problem varsa, TRİMS-in elektron səhifəsinə yazın” çağırışı bir çoxlarına modern yanaşma kimi görünə bilər. Lakin kimsə əsas sualı vermir: Bu qədər problemli dərslikləri əvvəlcə niyə dövriyyəyə buraxırsınız?

Şagirdlər bir ilin, bəzən bir neçə ilin dərslik xaosunda itib-batdıqdan sonra niyə “tövsiyə” toplanır? Niyə dərslik hazırlanır, çap edilir, məktəblərə göndərilir, uşaqların psixoloji və tədris yükünü artırır – sonra da “məsləhət verin, düzəldək” deyilir? Müəllimlərin əməyinə, sinifdə çəkdikləri əsl zəhmətə bu qədər hörmətsizlik ola bilərmi?

Dərsliklər oyun yeri deyil. Hər səhifəsi yüz minlərlə şagirdin gələcəyinə təsir edən bir materialdır. Əgər dərsliklər bərbaddırsa, problem ilk növbədə metodikadadır. Amma görünən odur ki, ARTİ-də hələ də Azərbaycan reallığına uyğun, pedoqoji və psixoloji standartlara cavab verən tədris proqramı hazırlaya biləcək peşəkar heyət formalaşmayıb.

On illərdir şikayətlər eyni: məzmun ağırdır, izahlar qarmaqarışıqdır, ardıcıllıq pozulub, illüstrasiyalar zəifdir, mətnlər uşağın yaşına uyğun deyil. Amma yenə də eyni səhvlərlə yeni “təcrübə” dərslikləri çap edilir. Təcrübə isə şagird üzərində aparılır — çünki əvvəlcədən pilota, sınaq məktəblərinə, elmi-metodik ekspertizaya doğru-dürüst göndərilmir.

Şagird siçan deyil ki, üzərində təcrübə aparasınız. Müəllim də yükdaşıyan deyil ki, hər il dəyişən sistemin altında qalsın, sonra da “adaptasiya olun” deyə qınansın. Bu cür qeyri-peşəkar və məsuliyyətsiz yanaşmalar Təhsil İnstitutunun adını zədələyir, cəmiyyətin təhsilə olan inamını sarsıdır.

Dərslik hazırlanmalıdır — əvvəlcə mütəxəssis tərəfindən. Sonra pilot məktəblərdə sınaqdan keçməlidir. Müəllim rəyindən, şagird reaksiyasından, psixoloq və metodistlərin rəyindən keçdikdən sonra çap olunmalıdır. Bu, dünyanın hər yerində olan normal prosesdir.

Bütün bunları etmədən dərslik çap edib sonra rəy toplamaq isə təhsil deyil — idarəetməsizlikdir.

Bugünkü mənzərə onu göstərir ki, ARTİ-nin əsas problemi resurs çatışmazlığı deyil, peşəkarlıq çatışmazlığıdır. Əgər orada bir qrup insan illərdir eyni səhvləri təkrarlayırsa, demək, islahat dərslikdən başlamamalıdır — qurumun özündən başlamalıdır.

Bəlkə də, ən acı nəticə budur: Təhsil İnstitutu təhsili inkişaf etdirmək əvəzinə, artıq ona mane olan struktura çevrilib. Bu gedişlə ARTİ-yə təhsil qurumu yox, kurs mərkəzi kimi baxmaq daha real görünür.

Təhsil uşaq üzərində eksperiment deyil. Əgər dərslik hazırlaya bilmirsinizsə, uşaqların gələcəyini riskə atmayın.
/tehsil.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]