Benzin doldurma məntəqələrindəki fırıldaqçılıq vətəndaşın cibini boşaldır - Kart ödənişində gizlənən təhlükə

12-12-2025, 16:59           
Benzin doldurma məntəqələrindəki fırıldaqçılıq vətəndaşın cibini boşaldır -
Son illər sürücülər arasında ən çox narazılıq doğuran məsələlərdən biri də benzin doldurma məntəqələrində baş verən gizli fırıldaqçılıqlardır. Xüsusilə kartla ödəniş zamanı bəzi yanacaqdoldurma məntəqələrində məbləğin süni şəkildə artırılması halları müşahidə olunur. Məsələn, sürücü 26 manatlıq benzin vurur, amma kartdan 28, 30 və ya daha artıq məbləğ çıxıldığını yalnız sonradan telefondakı bildirişə baxanda və ya bankdan çıxarışı yoxlayanda anlayır. O vaxta isə ya məsafə uzaq olur, ya da şikayət üçün kifayət qədər sübut qalmır. Bu cür halların artması yanacaqdoldurma məntəqələrində nəzarət mexanizmlərinin zəifliyindən və bəzi kassir-operatorların sui-istifadəsindən qaynaqlanır.
Bu fırıldaqçılığın ən təhlükəli tərəfi odur ki, çox zaman sürücülər hadisəni dərhal deyil, gec anlayırlar. Yanacaqdoldurma məntəqəsi isə artıq tərk edildiyi üçün nə operatoru tapmaq olur, nə də məsələni dərhal araşdırmaq mümkündür. Üstəlik, əlavə 2–3 manatlıq fərq hər kəs üçün “böyük dələduzluq” kimi görünmədiyi üçün çoxları hüquqi addım atmağa həvəs göstərmir. Amma nəzərə almaq lazımdır ki, bu cür kiçik fərqlər gündə onlarla, yüzlərlə müştərinin hesabından çıxıldıqda ciddi məbləğlərə çevrilir.

Ekspertlərin fikrincə, məsələ təkcə fərdi vicdansız operatorlarla bağlı deyil, nəzarət mexanizmləri gücləndirilmədikcə bu problem davam etməyə məhkumdur. Kart ödənişlərinin şəffaf aparılması, terminalların müştəriyə tam görünür şəkildə təqdim olunması və ödənişdən sonra qəbzin verilməsinin məcburi olması həm şirkətin, həm də dövlət qurumlarının tətbiq etməli olduğu əsas qaydalardır.

Müşahidələr göstərir ki, bəzi sürücülər yanacaqdoldurma prosesinə tələsik yanaşır və məbləği operatorun dediyi kimi qəbul edir. Halbuki bu, təhlükənin əsas qapısıdır. Ödəniş zamanı POS-terminalın məhz göstərilən məbləği əks etdirdiyinə əmin olmaq, qəbz tələb etmək və bank bildirişlərini dərhal yoxlamaq fırıldaqçılıq hallarının qarşısını almağa kömək edir. Bundan başqa, şübhəli hal baş verərsə, həmin məntəqənin video kameralarına, satış sisteminə və bank çıxarışlarına əsaslanaraq şikayət etmək mümkündür.

Yanacaqdoldurma məntəqələrindəki bu cür fırıldaqçılıqlar təkcə maddi zərər deyil, həm də cəmiyyətin etibarını zədələyən amildir. İnsanlar dövlət tərəfindən lisenziya almış xidmət məkanında aldadılmaq qorxusu ilə yaşamalı deyil. Buna görə məsələ həm hüquqi, həm də ictimai nəzarət baxımından diqqət tələb edir. Şəffaflıq və dürüstlük təmin olunmadıqca, sürücülərin narahatlığı haqlı olaraq artacaq.
Leyla Mirzə, Bizimyol.info
TEREF qeyd edir ki, Yanacaqdoldurma məntəqələrində maşınların deposuna doldurulan yanacaq ən azından 1 litr az olur. Buna artıq elə öyrəşmişik ki, 1 litirdən çox olanda əsəbiləşirik! Bu artıq operatorun deyil, YDM rəhbərliyinin işidir. YDM-lər gözümüz görə görə cibimizə girirlər, bunu hamı bilir və hamıda susur!!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]