YERSİZ GƏLDİ, YERLİ, QAÇ
18-12-2025, 10:25

Bir qrup paytaxt sakini redaksiyamıza müraciət edərək onlara problemlərini həll etməkdə kömək olmağımızı istədilər. Şikayətçilərin Yasamal rayonunda mənzilləri var. Lakin bu mənzillərin adları onlarındı. Bəhs edilən ünvan Yeni Yasamal-1 massivi 13 və 14 saylı evlərdi. Həmin evlərdə 30 ildən çoxdur keçmiş məcburi köçkünlər məskunlaşıblar.
Mənzillərin qanuni sahibləri deyirlər ki, ümumi vəziyyəti nəzərə alaraq illərdi buna dözmüşük. Çoxu öz evi ola-ola gedib kirayədə qalıb. Evlərə girmiş bu insanların yurd-yuvalarından didərgin düşmələrini, erməni zülmündən qurtulub pənah gətirdiklərini nəzərə alıb özləri də məhrumiyyətlərə qatlaşıblar.
Amma artıq işğal olunmuş torpaqlarımız düşməndən alınıb, suverenliyimiz tam bərpa olunub, Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa, yenidənqurma, quruculuq işləri aparılır.
Bununla bağlı dövlət proqramları icra olunur, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma el-obalarına dönmələri üçün hər cür şərait yaradılır. Artıq məcburi köçkün statusu da yoxdur. Amma 30 ildən çoxdur müvəqqəti yaşayanların deyəsən evləri heç tərk etmək fikirləri yoxdur.
Mənzillərin əsl sahibləri ayrı-ayrı illərdə məhkəməyə iddia verərək evlərini tələb ediblər. Çünki müəyyən vaxt keçəndən sonra dövlətimiz qaçqın və məcburi köçkünlərin təminatı, o cümlədən ev təminatı ilə bağlı hər şey edib.
Ona görə də daha kiminsə evində qalmağa ehtiyac qalmamalı idi. Amma yenə də evləri tərk etməyiblər. Evlərin qanuni sahibləri hər dəfə öz mənzillərinin qapılarını döyəndə iş dava-dalaşla bitir. Necə deyərlər, yersiz gəldi, yerli, qaç. Normal şəkildə sözü dinləmirlər, hücum çəkirlər.
Niyə?
İllərdi evlərində qalıb yaşadığınız insanlara hörmətiniz budur?
İndi də məhkəmənin qanuni qətnaməsi var. Onu da heç sayırlar. Deyirlər, bu mənzilləri saxta qanunsuz yollarla alıblar, ona görə çıxmırıq.
İndi də belə bəhanə gətirirlər. Yaxşı, qanunsuz sənədləri məgər məhkəmə araşdırması müəyyənləşdirə bilmir?
Məhkəmə hər dəfə iddiaçıların xeyrinə qərar verərək evi zəbt etmiş adamların oradan çıxarılmasını qət edib. Ən son məhkəmə qərarı 2024-cü ildə verilib.
Məhkəmə tələbi qanunauyğun hesab edərək Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 massivi 13 və 14 saylı yaşayış evləri sakinlərinin iddialarını təmin edib. Amma məhkəmə qərarı qanuni qüvvəyə minsə də qərar icra olunmayıb.
Yasamal rayon məhkəmə icraçılarının rəhbəri Pərviz müəllim də, məhkəmə icraçısı Bəxtiyar müəllim də bu barədə dolğun məlumat vermirlər. Məhkəmə icraçısı qərarı dərhal icra etmək əvəzinə nəyə görəsə müddəti heç bir əsas olmadan uzadır.
Hərdən də bəzi şikayətçilərə deyirlər ki, guya mənzilləri zəbt edənlərə qalmaları üçün möhlət verilib. Kim verib, hara verib o möhləti?
Hörmətli Pərviz və Bəxtiyar müəllimlər, əgər məhkəmənin qərarını icra edə bilmirsinizsə, bu barədə yazılı şəkildə məlumat verin, iddiaçılar da işlərini bilsinlər.
Məhkəmə qərarı icra olunmursa, onda bu ölkədə məhkəmə hakimiyyətinə nə ehtiyac var? Sizi kimi məmurların hərəkətsizliyinə görə məhkəmənin nüfuzuna xələl gəlir. İnsanların da hüququ pozulur.
Sakinlərlə birlikdə mən də həmin ünvanlarda oldum. Evləri zəbt etmiş bəzi sakinlərinin aqressivliyi məni məyus etdi. Sanki düşmən qarşısına çıxırmış kimi davranırlar.
Adamlar 30 ildən çox evsizliyə dözərək sizin yaşayışınız üçün güzəşt ediblər. Bu illərdə elə eşidirdik ki, “torpaqlarımız alınsın, gedib oralarda yaşayaq”. İndi o an 5 ildir gəlib çatıb. Mina təhlükəsi olduğuna görə mərhələli köç olur.
Amma Qaçqınkomdan bildirdilər ki, keçmiş məcburi köçkünləri müvəqqəti olaraq məskunlaşdırmaq üçün konkret olaraq Biləsuvarda şərait yaradılıb. Başa düşürəm, 30 il keçib, yeni nəsil yaranıb, burada iş-gücü olanlar var.
Əgər elədirsə, onda müvəqqəti olaraq bir az da siz kirayədə qalın. Sonra doğma obalarınıza gedin.
Bu problemlə əlaqədar sakinlərlə birlikdə Prezident Administrasiyasında da olduq. Orada Fuad Ələsgərov bizi qəbul edərək şikayətçilərin tələbinin tamamilə qanuni, haqlı olduğunu və bununla bağlı, eyni zamanda, keçmiş məcburi köçkünkələrlə bağlı oxşar hadisələrə dair müvafiq işlərin aparıldığını bildirdi.
Sima Babayeva
TEREF

