İnsanların gündə 8-10 manatı bu qurumun cibinə gedir: Ekspert "AzParkinq"ə od püskürdü

27-12-2025, 11:34           
İnsanların gündə 8-10 manatı bu qurumun cibinə gedir:
"AzParkinq"lə bağlı şikayətlər son dərəcə çoxdur. Bakı şəhərində demək olar ki, bütün küçələrə, döngələrə və dalanlara pullu parklanma nişanları qoyulub. Bu zaman nə ərazidə yaşayan sakinlər, nə iş yerləri, nə də vətəndaşların sosial vəziyyəti nəzərə alınır".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

"Şəhər mərkəzində parklanmanın saatı 1 manatdır. Bu isə gündə 8–10 manat, ay ərzində isə minimum əməkhaqqına yaxın məbləğ deməkdir. Belə qiymətlər sosial baxımdan qəbuledilməzdir. Avtomobildən məcburi istifadə edən əlillər, xəstələr, yaşlılar, uzaqdan işə gələn müəllimlər və azgəlirli vətəndaşlar bu xərci ödəmək imkanında deyil.

Bir çox vətəndaş ay ərzində maaşının yarıdan çoxunu parklanma haqqına xərcləməyə məcbur qalır. Bu yanaşma nə ədalətlidir, nə də məntiqlidir. Dünyanın heç bir ölkəsində əməkhaqqının 50–70 faizi parklanma xərclərinə yönəldilmir".

O bildirib ki, şəhərdə faktiki olaraq pulsuz dayanma imkanı qalmayıb:

"Küçələrin bir hissəsində dayanma-durma qadağandır, qalan hissələr isə pulludur. Hətta məktəblərin, idarələrin və yaşayış binalarının ətrafında belə avtomobil saxlamağa imkan verilmir.

Bu vəziyyət Bakını yalnız yüksək gəlirli şəxslər üçün əlçatan edir. Az maaş alan vətəndaş üçün avtomobil sürmək və saxlamaq mümkünsüz hala gətirilib. Halbuki ictimai nəqliyyat da yetərli səviyyədə deyil: avtobuslar həddən artıq doludur, metroda sıxlıq ciddi problem yaradır".

Ekspert deyib ki, xəstəxanaya xəstə aparan şəxs parklanma pulu və cərimə barədə düşünməməlidir:

"Yüklə bazara gedən vətəndaşdan ictimai nəqliyyatdan istifadə tələb etmək real deyil. Bu səbəbdən "AzParkinq"in tətbiq etdiyi parklanma siyasəti əhalinin real ehtiyaclarına uyğun tənzimlənməlidir.

Ekspertlərin, deputatların və jurnalistlərin dəfələrlə vurğuladığı kimi, şəhərdə parklanma yerlərinin ən azı 50 faizi pulsuz olmalıdır. Pullu parklanma yalnız xüsusi olaraq tikilmiş yeraltı və yerüstü dayanacaqlarda tətbiq edilə bilər. Adi küçə və yolların pullu edilməsi nə iqtisadi, nə də sosial baxımdan əsaslandırıla bilər".

Onun sözlərinə görə, bu qiymətlər əhalinin gəlir səviyyəsinə adekvat deyil və yalnız yuxarı təbəqəyə hesablanıb:

"Məsələyə yenidən baxılmalı, ictimai müzakirə aparılmalı və daha ədalətli mexanizm formalaşdırılmalıdır".
Əfsanə Kamal
Demokrat.az
P.S Teref bütün deyilənlərə əlavə olaraq yazır ki, ən biabırçılıq isə əlillərin parkinq məsələidir. Parkinq əlillər üçün pulludur. Əlillər üçün 98 faiz yerlərdə prkinq yerləri yoxdur. Əsas isə Aptek və Xəstəxanaların qarşısında əlillər üçün yer nəzərdə tutulmayıb! Əlillər Aptekə gedmək üçün 1 km yol gedməli olur.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]