Amerika nə edir? Əvvəlcə pulu alət olmaqdan çıxarıb dəyərə çevirir
28-12-2025, 00:09

Dünən Freydin Amerika haqqında dediyi "Amerika mədəniyyəti insana puldan başqa heç nə verə bilməz" fikrini paylaşdım. Yazılan şərhlərdə bir xeyli insanımızın pulu özü üçün ilahiləşdirdiyinin, ali dəyərə çevirdiyinin şahidi oldum.
Bu halın özü Freydin fikrinin təsdiqi idi. Bu heç! Keçək pul məsələsinə.
Pul dəyər deyil, dəyər yaradan alətdir, vasitədir. Biz pulu dəyərin yerinə qoyaraq dəyər yarada bilmərik, necə ki bilmirik. Pulu dəyər hesab etdiyimiz müddətcə də dəyər yarada bilməyəcəyik.
Kapital sözünün kökü latınca "kaput" sözündəndir. Bu kəlmə antik Avropada naxırdakı heyvan sayını bildirirdi. Yəni sənin naxırında nə qədər çox baş heyvanın vardısa, o qədər varlı hesab olunurdun.
Varlı olmaq boş vaxtının çox olması deməkdir. Boş vaxt isə düşünmək üçün vaxt qazanmaqdır. Yunan aristokratları boş vaxtlarına “skhole” (indiki şkol, məktəb) deyirdilər və boş vaxtlarında yığışıb pul haqqında deyil, kainat, varlıq, tanrılar haqqında müzakirələr aparırdılar. Nəticədə ortaya Yunan mədəniyyəti çıxdı.
Pul mədəniyyətin yaranması üçün alətdir, mədəniyyətin məqsədi pul qazanmaq olanda insanın boş vaxtı qalmır. Boş vaxtı olmayan da düşünə bilmir, düşünə bilməyən də mədəniyyət yarada bilməz.
Amerika nə edir? Əvvəlcə pulu alət olmaqdan çıxarıb dəyərə çevirir. Sonra süni bir külək əsdirərək dəyərə çevirdiyi pulu havaya sovurub aparır. Səni də onun arxasınca qaçmağa vadar edir. Çünki küləyin apardığı sənin üçün, sadəcə, kağız parçası deyil, bir dəyərdir. Beləliklə, bütün ömrün pulun arxasınca lökküməklə keçir.
Eyni şeyi müsəlmanlar allahla münasibətdə yaşadılar. Nə qədər ki, allah bir alət idi, müsəlmanlar mədəniyyətləri (fəlsəfələri, cəbrləri, ədəbiyyatları) ilə dünyanın anasını ağladırdılar. Elə ki allahı alət olmaqdan çıxarıb dəyərə çevirdilər və yalnız onun arxasınca qaçmağa başladılar hər şeylərini itirdilər.
Bu gün süni zəka ilə münasibətdə də oxşar hal baş verir. Kim ki süni zəkanı bir alət kimi görür, o mədəniyyət yaradacaq və dünyaya ağalıq edəcək. Kim ki onu həqiqi zəkanın yerinə qoyub dəyərə çevirəcək o məzlum olacaq.
Amerikadan qayıdan Freyd bunu deyirdi avropalı yəhudilərə ki, "ne day boq" Amerikanın tələsinə düşəsiniz. Pulu dəyərə çevirsəniz, siz Amerikanın olacaqsınız, yox, əgər pulu alət kimi görsəniz, o zaman Amerika, yəni yeni dünya sizin olacaq.
Игидай Дадашов
TEREF

