Məsələnin fəlsəfi tərəfini düşünməsək, məsələnin gerçək mahiyyətini idrak edə bilmərik.

4-01-2026, 12:57           
Məsələnin fəlsəfi tərəfini düşünməsək, məsələnin gerçək mahiyyətini idrak edə bilmərik.
İnsanların çox böyük bir qismi ədalətin nə olduğunu anlayır. Siz bu böyük çoxluğu qazanmaq əvəzinə, xırda və mənfəətçi bir qrupu gücünüzdən istifadə edərək ətrafınıza toplasanız, ən çətin anınızda sizi qoruyacaq heç kim tapılmaz. Çünki sədaqət yalnız ədalət idarəetmə isə “liyakat” üzərində inşa olunur.
Ədalətsiz idarəetmə qaçılmaz olaraq sizi sizdən daha güclü və daha amansız ədalətsizlərin məqsədlərinə xidmət edən bir alətə çevirər. Onlar çox yaxşı bilirlər ki, şəxsi çıxar əsasında ətrafında oliqarxiya yaradanlar asan idarə olunur və lazım gəldikdə rahatlıqla ələ keçirilir.
İdarəetmə birbaşa ləyaqətə əsaslanmalıdır. Ləyaqət çoxmənalı anlayışdır; bəlkə də mənim verdiyim izah sözü tam əvəz etmir. Amma bu anlayışın mahiyyətini Koreyada bir təhsil lideri ilə söhbət zamanı daha dərindən anladım. Ondan soruşdum ki, “Koreyanın bu qədər qısa zamanda güclü bir ölkəyə çevrilməsinin əsas səbəbi nədir?” Tərcüməçi onun cavabını “liyakat” kimi ifadə etdi. Yəni vəzifələr insanlar arasında şəxsə, rəhbərə və ya quruma kor-koranə və ya çıxar üçün sədaqətə görə deyil, dəyərlərə bağlılıq, ölkəyə və cəmiyyətə real fayda meyarına görə müəyyən edilir. Koreyanın inkişafının təməlində məhz bu prinsip dayanır.
Ədalətli olmaq ən böyük güc mənbəyidir. Davamlı və sağlam olan hər şeyi yalnız ədalət üzərində qurmaq mümkündür. Nə qədər ədalətsiz idarə etsəniz, bir o qədər də sizdən daha güclü və daha ədalətsiz qüvvələrin yolunu açmış olarsınız. Çünki onlar da yaxşı bilirlər ki, şəxsi maraqlar əsasında qurulan oliqarxiya həm asan idarə olunur, həm də asan ələ keçirilir.
Bunu niyə yazıram? Çünki baxıram, hər kəs bir tərəf tutur. Bir qrup müəyyən rəhbəri diktator adlandırır, digər qrup onu demokrat hesab edir- ya da tam əksinə. Halbuki reallıq daha sadə və daha sərtdir.
Bir tərəfdə öz ölkəsinə qarşı ədalətsiz davranan rəhbərlər var. Bu ədalətsizliyin səbəbi isə onların öz maraqları və ətraflarında formalaşmış çıxar qruplarının mənafeyidir. Digər tərəfdə isə dünyaya, başqa xalqlara qarşı ədalətsiz davranan güclər dayanır. Onların da əsas motivi ədalət deyil, öz xalqının və öz dövlətinin çıxarlarıdır.
Suriya, İraq, Liviya, Somali, Gürcüstan və Ukrayna nümunələri bizə açıq şəkildə göstərir ki, böyük güclərin dünyaya qarşı ədalətsizliyi xalqlara ədalət gətirməyib. Əksinə, daha böyük fəlakətlər, dağılmış dövlətlər və parçalanmış cəmiyyətlər yaradıb.
Tural Abasquliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]