Kasıblara cırıldayan lift, özlərinə böyük qazanc yeri - Şükürova “şükür”, Ələkbərov!
9-01-2026, 09:34

Azərbaycanda lift biznesində böyük pulların olduğunu hər kəs Qüdrət Şükürovun zamanında öyrəndi. Hamı birdən ayıldı ki, Lifttəmir” İstehsalat Birliyi balaca və görünməz sahə olsa da sən demə burda milyonlar var imiş və Qüdrət də özü üçün yeyirmiş.
"Lifttəmir” İstehsalat Birliyinin sabiq baş direktoru Qüdrət Şükürovu məlum ailə qalmaqallarından, talançılığının üzə çıxmasından sonra onu vəzifədən uzaqlaşdıran Bakı meri Eldar Əzizov bu postu öz yaxın kadrı olan Xalid Ələkbərova bağışladı. Bu posta qədər Xalid Ələkbərov Şəhər təsərrüfatı departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı. Maaşa işləyən, imkan düşdükcə 5-dən, 3-dən qazanan bir şöbə müdiri...
Lakin təyinatdan çox keçməmiş ardıcıl hadisələr "Lifttəmir” İstehsalat Birliyinin yeni baş direktoru üçün ciddi noqsanlarla yadda qaldı. Hələ bu illər ərzində ona məlum lift hadisəsinə görə, Şiddətli töhmət də verildi. Amma Eldar Əzizov sağ olsun, hər şeyə rəğmən onu hələ də bu postda saxlayır.
Əlbətdə, heç kim düşünməsin ki, Xalid Ələkbərov sələfi Şükürovdan təmiz işləyir. Bu qurumun mahiyyətində pul var, milyonlar var və elə buna görədir ki, Xalid Ələkbərov pis də qazanmayıb. Əsasən mənzil biznesinə üstünlük verən Xalid Ələkbərov sələfindən daha yümşaq addım atır. Ev alıb kənara atmaqla gözə girməmək... Yaxşı düşünüb. Öz aramızdı, bir lift elə bir mənzilin qiymətinədir də.
Bakı şəhərindəki binalardakı liftlərin təmirinə və sazlığına gəlincə, onlar göz qarşısındadır. Görünən dağa bələdçi gərək deyil. Bir də axı Eldar Əzizovla Xalid Ələkbərov üçün köhnə liftlər, kasıblara xidmət, 3 düyməsini basanda 5-ə qaxan liftlər o qədər də maraqlı deyil. Onlara lazım olan təzə liftlərdədir və bu iş uğurla həyata keçirirlər. Təzə liftlərin kasıbların binasında nə işi var. Kasıbınkı cırıldaya-cırıldaya, zorla qalxan və hərdən qırılaraq kasıbı yerə çırpıb öldürən liftlərdir. Kasıb hara, lift hara... Düz demirəm, Elxan Ələkbərov? Kasıb o şüşəli, sürətli və kondisionerli lifti neynir...
Oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yaxın günlərdə “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərovu vəzifədən uzaqlaşdıracaq. Guya Xalid Ələkbərov xəstəliyi ilə əlaqədar işə çıxmır və bu səbəbdən “Lifttəmir” İstehsalat Birliyində qarşıya qoyulan işləri yerinə yetirməməsi Eldar Əzizovun narahat edib.
Hətta onu da oxudum ki, “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımov gətiriləcək.
Bu da maraqlı addır - Məmməd Qasımov. Şəhər təsərrüfatı şöbəsinin müdiri. Əsl bu vəzifə üçün yetişmiş kadr, qaydaları bilən adam. Vəsslam da, lift əməliyyatı davam edir...
Eldar Əzizov başqa bir yaxın adamını Xalid Ələkbərovun yerinə təyin edəcək. Beləliklə, həm Xalid Ələkbərovun əməllərinin üstü örtüləcək, həm də bu posta yenə öz adamını təyin edəcək. Yuxarıda dedim axı, "Lifttəmir” İstehsalat Birliyi o qədər də kasıb qurum deyil, lap yağlı tikə kababdı.
Amma məndə olan məlumata görə, Xalid Ələkbərov özü Eldar Əzizovdan xahiş edib ki, onu bu postdan uzaqlaşdırsın. Şükürov olayından gözü qorxan Xalid Ələkbərov yəqin ki, topladıqlarını sakit xərcləmək istəyir və düz də edir. Dilə-dişə düşmək niyə lazımdır. Elə sakitçə yığdıqlarını götürüb getmək də igidlikdir.
Qeyd edim ki, hazırda çoxsaylı şikayətləri nəzərə alaraq, Bakı şəhərində, qəsəbələrdə ümumi olaraq liftlərləri olan binaların sayı, onların neçəsinin tamamilə yararsız olduğu, neçəsinin tam yararlı olduğu və sair məsələlərlə bağlı geniş araşdırma yazısı hazırlanır.
Ədil Hüseynov

