Bakıdan İrəvana 100 milyon dollarlıq yaxşılıq - Qarşılığı...

10-01-2026, 08:55           
Bakıdan İrəvana 100 milyon dollarlıq yaxşılıq - Qarşılığı...
Xəbər verildiyi kimi, Azərbaycan Ermənistana növbəti partiya neft məhsulları göndərməyə başlayıb. Üstəlik, logistikanın əlçatanlığı səbəbindən bu məhsullar qonşu ölkəyə kifayət qədər ucuz başa gəlir. Hərçənd, Ermənistanda belə ticarətə qarşı olanlar da az deyil.

Bu arada hakim “Mülki Müqavilə” partiyasından olan və şirkəti Azərbaycan benzinini idxal edən millət vəkili Xaçatur Sukiasyan logistika xərclərini azaltmaqla Ermənistanın nə qədər qənaət edə biləcəyini izah edib. “Son 30 ildə Ermənistan həmişə müxtəlif ölkələrdən neft məhsulları idxal edib. Onilliklər ərzində Ermənistana yollar bağlanıb və nəqliyyat xərclərinə böyük məbləğlər xərclənib. Təxmini hesablamalara görə, əgər Ermənistan yanacaq istehlakının 80%-ni qonşularından (Azərbaycandan – red.) almağa başlasa, ildə 80-100 milyon dollar qənaət edər. Və bu məbləğ digər sektorların inkişafına yönələ bilər”, - Sukiasyan əlavə edib.

Azərbaycandan yeni neft məhsullarının daxil olması ilə əlaqədar Ermənistanda benzinin qiymətlərinin azalması gözlənilir. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “Facebook” səhifəsində məlumat paylaşıb. “Artıq qeyd etdiyim kimi, əvvəlki ayın qiymətləri ilə müqayisədə benzin və dizel yanacağının litrinin qiymətində 80 drama qədər ucuzlaşma gözlənilir. Məmnuniyyətlə bildirirəm ki, bu inkişafla əlaqədar neft məhsullarının satışı ilə məşğul olan digər şirkətlər də qiymətlərin endirilməsi istiqamətində çalışırlar”, – Gevorq Papoyan yazıb.

Nazir 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6580 ton taxıl gətirildiyini bildirib. Onun sözlərinə görə, gətirilən taxılın min tonu Qazaxıstan, 5580 tonu isə Rusiya məxsusdur. Eyni zamanda, 1210 ton Azərbaycan benzini idxal olunub.

“2026-cı il yanvarın 8-nə olan vəziyyətə görə, Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8485 ton Rusiya taxılı gətirilib, 4103 ton isə yoldadır. Eyni zamanda 7600 ton Azərbaycan neft məhsulu daşınıb ki, bunun 6100 tonu benzin, 1500 tonu isə dizel yanacağıdır”, - o məlumat verib.

Azərbaycan xalqına qarşı saysız bəşəri cinayətlər törətmiş, bizə on milyardlarla dollar ziyan vurmuş Ermənistan və onun xalqı görəsən, bu yaxşılıqlarımızı lazımınca dəyərləndirəcəkmi? Tələsmirik ki? Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, iqtisadi-ticari əlaqələrin bərpasından Ermənistanın götürəcəyi fayda başqa hansı rəqəmlərlə ölçülə bilər? İrəvan bunu silahlanmaya yönəltməz ki?

Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, bu addımlar Ermənistanda revanşistlərin dəfni üçün mühüm siyasi gedişdir. Onun fikrincə, erməni cəmiyyəti də görməlidir ki, torpağını işğal etdiyi ölkə indi ona barış əli uzadır və enerji məhsullarını göndərir: “Əgər xəstə zehniyyət qorunub saxlanacaqsa, erməni xalqına yalnız zərər vura bilər. Ermənilər anlamalıdırlar ki, türkə nifrətlə yaşamaq onlara bu regionda inkişaf gətirə bilməz. Ermənistanda bütün siyasi qüvvələr və xalq başa düşməlidir ki, Azərbaycan və Türkiyə olmadan, yaxud sərsəm “artsax” ideyasını irəli sürməklə uçuruma yuvarlanacaqlar, dövlətçiliyi də itirəcəklər. Bu halda yenə Rusiyanın nökəri olaraq qalacaqlar. Ona görə də Ermənistan addımlarımızı, neft məhsulları göndərməyimizi qiymətləndirməlidir”.

Deputat hesab edir ki, bu siyasət bölgəyə dayanıqlı sülh gətirəcək, müharibəni isə istisna edəcək: “Eyni zamanda, mərhələli şəkildə erməniləri bu şəraitə alışdıracaq. Erməni xalqı və onu idarə edənlər qan, revanşizm istəyirsə, Azərbaycan Ordusunun “Dəmir yumruğu”nu bir daha görəcəklər. Yox, dinc və yanaşı yaşamaq istəyirlərsə, gələcəkdə təkcə benzin deyil, digər mallarımız da Ermənistana göndərilə bilər. Onlar bu iqtisadi dividendlərdən istifadə edərək əhalinin rifah səviyyəsini qaldıra bilər. Əgər qazancı silahlanmaya yönəldəcəksə, Ermənistan qarşısında 2020-ci ildəkindən qat-qat güclü Azərbaycan ordusu görəcək. Yəni bu gün davam edən sülh prosesi erməni cəmiyyətinə mesajdır ki, onun alternativi yoxdur. Sülh gördüyünüz kimi benzin, taxıl gətirir. Müharibə isə qan və ölüm. Paşinyan xalqa da seçim təklif edir – ya müharibə, ya sülh. Bu il keçiriləcək parlament seçkilərində də erməni xalqı qərar verəcək -revanşistlərlə birlikdə fəlakətə tərəf, yoxsa Paşinyanla birgə sülhə, taxıl və benzinə doğru...”

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]