Seçiciləri ilə görüşdən yayındığı deyilən deputat danışdı: “Bu, təxribatdır” - VİDEO
13-01-2026, 16:51

55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədli Siyəzən rayonunda olarkən onunla görüşmək istəyən vətəndaşları qəbul etməməsi barədə sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, görüntülər 12 yanvar tarixində Siyəzən Rayon İcra Hakimiyyəti, Prezident Administrasiyasının məsul şəxsləri və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən 2025-ci ildə Siyəzən rayonunda görülən işlərlə bağlı hesabat yığıncağından sonra çəkilib.
“Səhər saat 11:00-da başlanan tədbir üç saat yarım müddətində davam etdi. Bu müddətdə əvvəllər namizədliyi 55 saylı seçki dairəsində irəli sürülən Tural Tağızadə adlı şəxs müxtəlif şəxsləri dəvət edərək Mədəniyyət Evinin qarşısında təxribat törətməyə çalışdı. İnsanları qeyri-qanuni hərəkətlərə təhrik edirdi. İclas bitdikdən sonra çıxışda vətəndaşlar öz sosial xarakterli problemləri ilə əlaqədar mənə müraciət etdilər. Mən isə onları günortadan sonra Yeni Azərbaycan Partiyasının Siyəzən Rayon Təşkilatının qərargahında qəbul edəcəyimi bildirib onları dəvət etdim. Danışdığımız kimi, həmin vaxta uyğun şəkildə görüş keçirildi. Bu barədə kütləvi informasiya vasitələrində, həm də bizim sosial şəbəkə hesablarımızda məlumat paylaşılıb. Tural Tağızadə haqqında bildirmək istəyirəm ki, vətəndaşların hüquq və azadlıqlarını müxtəlif şantaj və təhdid yolu ilə pozduğu barədə bizə çoxlu müraciətlər daxil olurdu. Bu vətəndaşın çox təhlükəli psixoloji pozğunluğu olduğu üçün əlillik diaqnozu var. Vətəndaşlar bizə müraciətlərində onun Siyəzən rayonu ərazisində qeyri-qanuni nəqliyyat vasitəsindən istifadə edərək bəzi hallarda yol hərəkəti qaydalarını pozması barədə məlumat verirdilər. Müvafiq olaraq Daxili İşlər Nazirliyinə deputat sorğusu ilə vətəndaşların müraciətinə uyğun müraciət etdim. Bu şəxsin sürücülük vəsiqəsi hüququ ləğv edilib. İndi də bizə müraciətlər daxil olur ki, Tural Tağızadə yenə də nəqliyyatdan qeyri-qanuni istifadə edir, müxtəlif reydlər təşkil edir. Siyəzən rayonu ərazisində yerləşən müxtəlif təşkilatlara "bloger" adı ilə təzyiqlər, təhdidlər edir. Bu təhdidləri öz sosial şəbəkə hesabında mənə qarşı da edib. Bu istiqamətdə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Araşdırma gedir. Yəqin ki, müvafiq tədbir görüləcək”, - deputat bildirib.
Qeyd: Siyəzən Rayon İcra Hakimiyyəti yanvarın 12-də məlumat yayıb. Məlumat rayonda 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağının keçirilməsi ilə bağlıdır. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov, Milli Məclisinin deputatı Müşfiq Məmmədli rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, əməkdaşları, sahibkarlar və ictimaiyyət təmsilçiləri iştirak etmişlər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin Siyəzən şəhərində ucaldılmış abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulmuşdur.
Hesabat yığıncağında 2025-ci ildə Siyəzən rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tərəfindən geniş və əhatəli məruzə ilə çıxış edilib. Məruzədə ötən il ərzində rayonda sosial-iqtisadi inkişafın əsas göstəriciləri, icra olunmuş infrastruktur layihələri, kənd təsərrüfatı və sənaye sahələrinin inkişafı, əhalinin məşğulluğu, eləcə də təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə həyata keçirilmiş tədbirlər ətraflı şəkildə təhlil olunub, əldə olunan nəticələr və mövcud problemlər diqqətə çatdırılmışdır.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, ümumilikdə Azərbaycanın sosial-iqtisadi inkişafı, sabitlik və firavanlıq məsələləri barədə fikirlərini bölüşmüşdür.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli isə çıxışında Siyəzən rayonunun inkişaf perspektivlərinə toxunub, rayon üzrə həyata keçirilən layihələr, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə danışmışdır.
Hesabat yığıncağında, həmçinin Siyəzən Su Meliorasiya Sistemləri İdarəsinin rəisi Murad Xəlilov, Siyəzən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Fəxrətdin Osmanov, “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Nərgiz Əliyeva, rayon üzrə təhsil sektorunun müdiri Elşad Sultanov, “Siyəzən Broyler” ASC-nin direktoru Cavid Abbasov, Siyəzən Rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova və Siyəzən Bələdiyyəsinin sədri Nicat Səmədzadə çıxış edərək rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər, mövcud problemlər və qarşıda duran əsas vəzifələr barədə məlumat vermişlər.
Yığıncağın sonunda hesabat yığıncağının qərarı oxunub, iştirakçıların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndirilib.
Bundan əlavə, Müşfiq Məmmədli yanvarın 12-də Yeni Azərbaycan Partiyası Siyəzən Rayon Təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirməsi ilə bağlı da məlumat paylaşılıb.
Qəbul zamanı vətəndaşların sosial və məişət xarakterli müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyə uyğun şəkildə həlli deputat tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Adı çəkilən Tural Tağızadənin də mövqeyini dərc etməyə hazırıq.

