Belə qanun olmur, ola bilməz... Cəza nəzərdə tutulan qaydalar konkret olmalı

18-01-2026, 11:18           
Belə qanun olmur, ola bilməz... Cəza nəzərdə tutulan qaydalar konkret olmalı
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununa dəyişiklik edilib, daha doğrusu, yeni maddə əlavə edilib:
Maddə 13-2.3.6-1. “Kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar”, qadağan edilir.
Bu qaydaları pozanları 50 manatdan 2000 manata qədər cərimə, və ya, 2 aya qədər inzibati həbs gözləyir.
Yaxşı, suallar var axı:
1) Yeni qaydalara kim nəzarət edəcək?
2) Hansısa paylaşımın milli-mənəvi dəyərlərə zidd olması necə müəyyən olunacaq?
3) Ümumiyyətlə, milli-mənəvi dəyərlə nədir, necə müəyyən olunur, o dəyərlərin siyahısına harda baxmaq olar?
4) Qanunun pozulduğuna qərar verən öz milli-mənəvi dəyərlər konsepsiyasına, dünya görüşünəmi əsaslanacaq, və ya, əlində konkret kriterlərmi olacaq?
5) Cəmiyyətə hörmətsizlik necə müəyyən olunur – məsələn, hansısa məmur yalan məlumat, rəqəm yayaırsa, insanların intellekti ilə oynayırsa, bu cəmiyyəti təhqir etmək sayılacaqmı?
6) Əxlaqsız jest nədir, onun siyahısı varmı və hansısa jestin əxlaqsız olduğu necə müəyyən olunur?
7) İctimai mənəviyyat nədir, bunu kim-kimlər müəyyən edir, mənəviyyat fərdi anlayış deyilmi, və ya ictimai mənəviyyat dedikdə konkret nə nəzərdə tutulur?
8 ) Kim və necə müəyyən edəcək ki, vətəndaş 50 manatlıqmı mənaviyyatsızlıq edib, ya 2000 manatlıqmı, və ya, məhkəməyə belə bir iş gəlsə, hakim hansı kriterlərə görə, məsələn, 15 sutka, hansına görə isə 2 ay incizabati həbs verəcək? 10) Jestlərə düşən cərimələrlə bağlı hardan məlumat almaq olar, yəni, hansı jest neçəyədir, bunu hardan bilmək mümkündür?
Sualları artıra da bilərəm, sadəcə, dünya tarixinə, qanunların yaranma fəlsəfəsində, hətta bizim eradan əvvəl 7-ci əsrdə olan “Drakon kodeksindən” başlayaraq belə bir qızıl qayda olub – cəza nəzərdə tutulan qaydalar konkret olmalı, fərdin-fərdlərin şəxsi mülahizələrindən asılı olmamalıdır. Qanuna əlavə edilmiş bu yeni maddə isə konkret deyil, kriterləri, siyahısı, izahı yoxdur, ancaq nəzarətedici və cəzaverici qurumların, şəxslərin fərdi təsəvverlərinə və insafına buraxılmış yanaşmadır. Belə qanun olmur, ola bilməz...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]