“PUTİN ÇİNİ QƏZƏBLƏNDİRİB” – “Pekin Kremlin Venesuela ilə bağlı Trampla anlaşmasından şübhələnir”
20-01-2026, 16:34

Kremlin Vladimir Putinin strateji və hərbi-texniki əməkdaşlıq müqaviləsi imzaladığı Venesuela Prezidenti Nikolas Maduroya dəstək verməkdən imtina etməsi Çini qəzəbləndirib və Pekindəki strateqləri Moskva ilə tərəfdaşlıq perspektivlərini nəzərdən keçirməyə məcbur edib.
“AzPolitika” xəbər verir ki, bunu “The Times” qəzeti Çin hakimiyyətindəki məlumatlı mənbəyə istinadla yazıb.
Mənbənin sözlərinə görə, Rusiya hakimiyyəti Venesueladakı vəziyyətlə bağlı qiymətləndirmələrini və dekabrın sonlarında diplomatlarını və onların ailələrini Karakasdan təxliyə etmək qərarlarını Çinlə bölüşməyib. Nəticədə, Çin, gözləmədiyi halda, ABŞ xüsusi təyinatlılarının Maduronu həbs edib aparması ilə bağlı pis vəziyyətdə qalıb. Həbsindən bir neçə saat əvvəl Maduro Karakasda ABŞ-nin Latın Amerikası üzrə xüsusi elçisi ilə görüşüb. Bundan bir az əvvəl isə Çin Xarici İşlər naziri venesuelalı həmkarı ilə telefonla danışıb və ona ölkənin "suverenliyini və sabitliyini qorumaqda möhkəm dəstək" vəd edib. Lakin bundan az sonra Maduronun oğurlanması Çini biabırçı vəziyyətdə qoyub.
“The Times” qəzetinin yazdığına görə, bütün bunlar Pekini qıcıqlandırıb, Çin və Rusiya arasındakı münasibətlər barədə qızğın müzakirələrə və hətta bəzi dairələrdə ABŞ-nin əməliyyatı zamanı Venesuelada Rusiya hava hücumundan müdafiə sistemlərinin “susması”nın təsadüf deyil, Moskva ilə Vaşinqton arasında əməkdaşlığın sübutu olduğu barədə fərziyyələrə səbəb olub.
Qəzet yazır ki, ABŞ-nin Maduro əməliyyatı Pekinin real imkanlarının məhdudluğunu nümayiş etdirdi. Çində isə Rusiya ilə əməkdaşlığın faydadan daha çox zərər gətirdiyi barədə getdikcə daha çox səslənən arqumentlər var. Çünki Rusiya ilə sıx əməkdaşlıq Çinin beynəlxalq imicini sarsıdır və xeyirdən çox zərər gətirir. Ukraynadakı müharibəyə görə Rusiyanın təcrid olunması Çinə iqtisadi fayda gətirsə də, iki ölkə arasında yaxınlaşmanın zərərləri də aydındır. Bunu Pekin Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbinin dekanı və Çinin ən nüfuzlu strateqlərindən biri olan professor Jia Qingguo Maduronun tutulmasından qısa müddət əvvəl verdiyi müsahibədə qeyd etmişdi. Bu zərərlər arasında o, Çinin Rusiyaya görə Avropa ilə mövcud və gələcək münasibətlərinin pisləşməsini də qeyd edib və əlavə edib ki, Ukraynadakı münaqişənin həlli Çin üçün faydalı olardı.
Maduronun devrilməsi Çinin ciddi iqtisadi itkilərə məruz qalması ilə nəticələnir. Çin Venesuelaya milyardlarla dollar kredit verib. Venesuela isə borcunu pulla ödəyə bilmədiyi üçün onu qismən neftlə bağlamağa başlayıb. Lakin, “The Wall Street Journal”-ın verdiyi məlumata görə, Maduronun 3 yanvarda tutulmasından bəri Venesueladan Çinə bir dənə də olsun tanker getməyib. Vaşinqton bu ölkənin neft ixracına nəzarət edəcəyini bəyan edib və Venesuela neftini daşıyan tankerlər hazırda yalnız ABŞ-yə göndərilir.
Çin 2025-ci ilin ikinci yarısında gündə təxminən 440.000 barrel Venesuela nefti alırdı. Bu, onun idxalının təxminən 4%-ni təşkil edir. Pekin Maduro rejiminə o qədər arxayın idi ki, Çində ağır Venesuela xam neftini emal etmək üçün nəzərdə tutulmuş neft-kimya kompleksinin tikintisinə təxminən 9 milyard dollar sərmayə qoyub.
Nəhayət, qəzet yazır ki, Pekində Moskvanın Çindən yayınaraq Vaşinqtondakı mövcud administrasiya ilə bir növ Venesuela-Ukrayna mübadiləsi və ya daha dəqiq desək, təsir dairələrinin bölünməsi barədə razılığa gələ biləcəyinə dair şübhələr var.
“AzPolitika.info”

