Siam əkizləri: TRAMP və JİRİNOVSKİ

26-01-2026, 11:18           
Siam əkizləri: TRAMP və JİRİNOVSKİ
(Siyasi-məntiqi təhlil)
Müqayisələrin hamısının uğurlu olduğunu demək çətindir, çoxunun qüsurlu olduğu isə, şübhəsizdir. Amma keyfiyyəti üzə çıxarmaq üçün müqayisələrin yeri əvəzsizdir, hələ ki, başqa bir üsul, vasitə kəşv edilməmişdir. Odur ki, müasir dövrümüzün ən populyar siyasətçilərini müqayisə etmək istəyirəm: DONALD TRAMP və VLADİMİR JİRİNOVSKİ...
Siyasətin ictimai rəyi ələ almaq və idarə etmək, yəni öz xeyrinə işlətmək sənəti olduğunu nəzərə alsaq, Donald Tramp bu sənətin ustasıdır. Müqayisə etməyə gəlincə, Tramp müasir dövrün məşhur siyasətçilərindən ancaq Jirinovski ilə müqayisəyə gəlir. Yeri Gəlmişkən, Trampın Davos çıxışları bunu bir daha göstərdi. Qeyri-adi xarizm, ölçüyə gəlməz inadkarlıq və özünə inam, madiyyata hədsiz vurğunluq, ictimai rəyə ünvanlanan böyük aktyorluq, kütləni ələ almaq məharəti və siyasi uzaqgörənlik qabiliyyəti. Hətta demək çətindir, “Mən hər yerdə birinciyəm, hər şeyi hamıdan yaxşı bilirəm və peyğəmbər kimi uzaqgörənəm – həmişə, hər yerdə mən deyən olur” sitatı kimindir... Amma zaman eyni olsa da, məkan, imkanlar və şəxsiyyətlər ayrıdır, odur ki, əsaslı fərqlər də qaşılmazdır, onların obyektiv və subyektiv səbəbləri də vardır.
Donlad Tramp və Vladimir Jirinovski eyni zamanda (1946) dünyaya gəlmiş, amma ayrı məkanlarda yetişmiş və irəli getmiş şəxsiyyətlərdir. Tramp iqtisadi və siyasi fəaliyyətə yaşıl işıq yandıran, sahibkarlığı dövlətin, xüsusi mülkiyyəti cəmiyyətin əsas dayağı sayan Amerikada, Jirinovsi isə, birincilərin tamamilə qadağan, ikincilərin qanundankənar elan olunduğu Sovetlər İttifaqında yaşamış və fəaliyyət göstərmişlər. Məkanlar ayrı olduğu kimi, imkanlar da ayrı olmuşdur. Cənab Tramp, obrazlı desək, Amerikanın mərkəzində (Nyu York) və “qızıl zənbildə” anadan olmuş, atasının pulu ilə yaxşı təhsil (Pensilvaniya Universiteti) almışdır. Cənab Jirinovski isə, ucqar bir yerdə (Qazaxıstan, Almaata şəhəri), kasıb bir ailədə doğulmuş, atasız böyümüş, ancaq öz gücünə, öz qabiliyyətinə mərkəzdə sistemli təhsil (MQU, şərqşünaslıq) ala bilmişdir.
Cənabların hər ikisi görkəmli, xarizmatik və istedadlı adamlar olmuşlar. Hər ikisi öz istedadlarını və xarizmalarını bir məcraya – pul qazanmağa və məşhur olmağa yənəltmişlər. Məqsədlər, mənzillər eyni olsa da, yollar və ambisiyalar ayrı olmuşdur. Tramp atasının yolunu seçmiş və biznesə getmişdir. Jirinovski isə evdə atası, ölkədə biznes imkanları olmadığından elmi seçmişdir. Müxtəlif mənbələrin üst-üstə düşən, amma rəsmi təsdiq edilməyən məlumatlara görə, Jirinovskinin KQB ilə əməkdaşlığı də həmin dəvrə təsadüf edir. Təsadüfi deyil ki, 90-ların əvvəllərində “buzlar əriyəndə”, Rusiyada siyasi fəaliyyətə “yaşıl işıq yananda”, KQB yeni bir Liberal demokratik partiya yaradanda, çox axtarışlardan sonra Vladimir Jirinovskinin üzərində dayandı. Yeri gəlmişkən, təsdiq olunmuş məlumatlara görə, siyasi təşkilatın adı da KQB-nin kuluarlarından gəlmişdir.
Beləliklə, imkanlar fərqli olduğu üçün, ambisiyalar da fərqli olmuşdur. Cənab Tramp daim hakimiyyətin zirvəsinə qalxmağa, cənab Jirinovski isə, hakimiyyətin kölgəsində qalmağa cəhd etmişdir. Pullar hardasa eyni miqyasda qazanılsa da, hər ikisinin Amerika valyutasında bir neçə milyardı olsa da, “Forbs”un məlum siyahılarında ancaq birinci yer almışdır, ikinci isə, məlum səbəblərdən həmişə kölgədə qalmışdır. Birinci hər zaman prezidentliyə öz namizədliyini irəli sürmüş və birinci olmağa çalışmışdır. İkinci də hər seçkidə öz namizədliyini irəli sürsə də, heç zaman birinci olmağa çalışmamışdır, adam ömrü boyu ikinci olmaq uğrunda mübarizə aparmışdır, bəzən hətta buna nail olmuşdur.
Sonda bir məsələyə aydınlıq gətirmək istəyirəm. Bütün bunlardan belə çıxmamamlıdır ki, Jirinovski Tramdan daha istedadlı, işıqlı adamdır, ya da Tramp Jirinovskidən daha iddialıdır, ambisiyalıdır. Yuxarıda deyildiyi kimi, məkan və imkan fərqi olsa da, bunlar təxminən eyni adamlardır. Jirinovsi, sadəcə olaraq, Sovetlər İttifaqında – bağlı qapılar dalında olduğundan, ekstremal şərait onu daha hiyləgər, daha çevik, daha mütəhərrik olmağa məcbur etmişdir. Başqa bütün hallarda, qapalı sistem Jirinovskini məhv edə bilərdi. Tramp isə, azad sistemdə yaşadığından daim birinciliyə cəhd etmiş və bu sistem onun birinci olmasına imkan vermişdir. Adam bu birincilikdən necə istifadə edir – bu, tamam başqa məsələdir və adamın Davos şıxışlarına baxmaq kifayətdir. Jirinovski isə, heç zaman birinci olmaq uğrunda mübarizə etmədi, çünki yaxşı bilirdi - onu məlum Navalnının məşum taleyi gözləyirdi. O, uzaqgörən adam idi, yaşamaq və yaxşı yaşamaq istəyirdi...
Qalib ARİF
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]