İsrail və ABŞ Suriyanı bütün Şərq, o cümlədən Qafqaz, Mərkəzi Asiya və Çin, hətta Afrika üçün İŞİD-çi yetişdirən bir bazaya çevirməyi planlaşdırıblar.
28-01-2026, 09:14

Son günlər Suriya hökumət qoşunları ölkənin şimali-şərqində kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrini məğlub edir və kürdlər sürətlə geri çəkilirlər. Heç də pis silahlanmamış və yaxşı döyüş təcrübəsi olan SDQ-nin bəzən hətta müqavimət göstərmədən geri çəkilməsi təəccüb doğurur.
Bilirik ki, indiyədək SDQ-ni ABŞ və İsrail müdafiə edib və silahlandırıb. SDQ ABŞ-ın logistik və avia dəstəyi ilə İŞİD-ə qarşı ən uğurlu müharibə aparan qüvvələrdən biri olub. İndi onların nəzarət etdikləri ərazilərdən geri çəkilməsinə ABŞ və İsrail susursa, deməli, bu elə onların planıdır.
Bəs bu nə plan ola bilər?
Kürdlərin qovulduğu ərazilər Suriyada k/t üçün ən yararlı torpaqlardır (taxıl əkilir) və burada neft-qaz hasil edilir. Yəqin ki, ABŞ bu torpaqları Suriya hakimiyyətinin nəzarətinə qaytarmaqla əş-Şaraa hökümətinin qalması üçün az da olsa şərait yaradır. Kürdlər uçotsuz neftin bir hissəsini həm də müxtəlif vasitələrlə İsrailə verirdilər. Yəqin ki, “şir payı” yenə qalacaq – sadəcə, indi bu payı kürdlər yox, daha asan yolla əş-Şaraa verəcək.
İnanmıram ki, Suriyadakı bütün kürd əraziləri əş-Şaraa hökumətinə tam tabe ediləcək, onların az bir hissəsi saxlanılacaq. Əş-Şaraa gələcəkdə “cızığından çıxsa”, kürdlər CENTCOM-un köməyilə yenidən irəliləyəcəklər.
Görünür, ABŞ-ın və İsrailin İrana qarşı təşkil etdikləri yanvar iğtişaşlarında kürdlərin üsyan qaldırması, İraq ərazisindən kütləvi şəkildə İrana keçməsi və silahlı mübarizəyə başlaması planlaşdırılmışdı. Kürdlərdən sonra müharibəyə bəluclar və bəlkə də azərbaycanlılar da qoşulmalı idilər. Bu yolla İran Əsəd Suriyasına çevrilməli idi. Lakin nə səbəbdənsə kürdlər bu oyuna getmədilər.
İranda iğtişaşlar yatırılan kimi Suriyada kürdlərin cəzalandırılmasına icazə verildi. Məncə, məqsəd kürdlərin etmədiklərini edə biləcək alternativ qüvvəni yaratmaq idi. Kürdlər irandilli, əsasən, sünni təriqətindən olan millətdir. Onların bir qrupu İranla düşmən olsa da düşmənçiliyin ideoloji əsası yoxdur, bu, sadəcə, torpaq davasıdır. İŞİD isə başqa şeydir – onlar şiələri insan hesab etmirlər, öldürməyi az qala savab bilirlər. Belə kor və motivasiyalı qüvvə ABŞ-İsrail üçün İrana qarşı ideal silahdır...
Suriya hökumət qoşunlarının kürdlərdən azad etdiyi ərazilərdə İŞİD terrorçularının saxlandığı bir neçə həbsxana var. Hökumət qüvvələri ələ keçirdikləri bu həbsxanaları ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) təhvil verir. ABŞ terrorçuları İraq ərazisindəki həbsxanalara köçürür. Əsirlərin sayının 7 min nəfərdən çox olduğu deyilir. Bilirik ki, İŞİD-in məşhur rəhbərlərinin bir çoxu ABŞ-ın nəzarətində olan İraq həbsxanalarında “yetişdirilib” və buraxılıblar. Yeri gəlmişkən, vaxtilə işidçi olan əş-Şaraa da oranın “məzunudur”.
Bundan başqa:
İraq kəşfiyyatının rəisi Həmid əş-Şatri "Washington Post" qəzetinə verdiyi müsahibəsində bildirib ki, əgər əvvəllər Suriyadakı İŞİD döyüşçülərinin sayı ~2 min nəfər idisə, indi 10 mindən çoxdur. Avqust ayında BMT TŞ İraq və Suriyadakı İŞİD döyüşçülərinin ümumi sayının ~3 min olduğunu qeyd etmişdi.
Əş-Şatri qeyd edib ki, son bir ildə Suriyadakı İŞİD-çilərin sayı əvvəllər Məhəmməd əl-Colani kimi tanınan prezident Əhməd əş-Şaraa ilə birlikdə Suriyada hakimiyyəti ələ keçirən müxtəlif terror təşkilatlarının tərkibində vuruşan şəxslərin hesabına artıb. Onlar əş-Şaraanın yürütdüyü siyasətdən narazılıq edərək İŞİD-ə qoşulublar.
Beləliklə, İrana qarşı yaxşı döyüş təcrübəsi və motivasiyası olan azı 17 min nəfərdən ibarət amansız bir qoşun hazırdır. Bircə onları təşkilatlandırıb, logistik dəstək vermək lazımdır – qalanlarını onlar edəcəklər.
Məncə, İsrail və ABŞ Suriyanı bütün Şərq, o cümlədən Qafqaz, Mərkəzi Asiya və Çin, hətta Afrika üçün işidçi yetişdirən bir bazaya çevirməyi planlaşdırıblar.
Nəzərə alaq ki, Əfqanıstanda da onların əqidədaşları toplanıb və vaxtı çatanda onlardan da İrana qarşı istifadə edilə bilər: https://www.facebook.com/asif.shafaggatov.3/posts/3870466076602808
Asif Şəfəqqətov
TEREF

