Azəriqaz istehlakçı hüquqlarını kobud şəkildə pozur və qanunvericiliyin tələblərini gözardı edir - EKSPERT
2-04-2026, 09:31

Problemin həlli üçün ya kağız bildirişlərin bərpası, ya da qanunvericiliyin tələb etdiyi bütün məlumatları əhatə edən alternativ və şəffaf elektron bildiriş sisteminin tətbiqi zəruridir.
Sahə üzrə ekspertimiz yazır:
Artıq bir neçə aydır ki, Azəriqaz İstehsalat Birliyi-nin Bakı şəhəri və region rayonları üzrə qaz istismar idarələri tərəfindən sayğaclar oxunsa da, vətəndaşlara kağız daşıyıcı şəklində bildirişlərin təqdim edilməsi dayandırılıb.
Bu yanaşma istehlakçı hüquqlarının açıq şəkildə pozulması olmaqla yanaşı, Nazirlər Kabinetinin 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na da ziddir. Belə ki, qaydaların “Qazın dəyərinin ödənilməsi şərtləri” bölməsinin 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya təqdim etdiyi qazın dəyərini sayğac göstəricilərinə uyğun olaraq hər ay hesablamalı və növbəti ayın 10-dək bu barədə məlumatı (hesabı) istehlakçıya təqdim etməlidir.
Həmçinin, qaydalara əlavə edilmiş 4 nömrəli formaya əsasən, hesab sənədində istehlakçının soyadı, adı, atasının adı, abonent kodu, ünvanı, sayğac nömrəsi, əvvəlki və son göstəricilər, aylıq qaz sərfi, illik qaz limiti üzrə istifadə olunmuş hissə və digər mühüm məlumatlar əks olunmalıdır.
Lakin “Azəriqaz” İB tərəfindən bildirilir ki, kağız bildirişlər ləğv olunmuş, əvəzində vətəndaşlara SMS vasitəsilə məlumat ötürülür. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, dünya təcrübəsində SMS mətnləri texniki olaraq məhdud – təxminən 160 simvoldan ibarətdir. Nəticədə abonentlərə yalnız borc məbləği barədə qısa məlumat çatdırılır, qanunvericilikdə nəzərdə tutulmuş digər vacib göstəricilər – xüsusilə illik qaz limiti və sərfiyyat detalları barədə informasiya isə təqdim olunmur.
Bu isə vətəndaşların öz istehlakına nəzarət imkanlarını məhdudlaşdırır, şəffaflığı azaldır və nəticə etibarilə narazılıqlara səbəb olur. Hətta bəzi hallarda abonentlər qaz sayğaclarına əlavə yüklənmələr barədə vaxtında məlumat ala bilmədikləri üçün gözlənilməz borclanma ilə üzləşirlər.
Bütün bunları nəzərə alaraq, Azəriqaz İstehsalat Birliyi tərəfindən tətbiq edilən bu praktika istehlakçı hüquqlarına zidd olmaqla yanaşı, qüvvədə olan normativ tələblərin pozulması kimi qiymətləndirilməlidir. Problemin həlli üçün ya kağız bildirişlərin bərpası, ya da qanunvericiliyin tələb etdiyi bütün məlumatları əhatə edən alternativ və şəffaf elektron bildiriş sisteminin tətbiqi zəruridir.
Mirvari Gahramanli
TEREF

