Sinqapur möcüzəsi: Li Kuan Yunun strategiyası

Bu gün, 15:38           
Sinqapur möcüzəsi: Li Kuan Yunun strategiyası
Azərbaycan həqiqi analoqsuz inkişaf edə bilərmi? Heç şübhəsiz. Bunun üçün istək və cəhd lazımdır. Ən vacibi intellektual idarəetmə, dünyaya açıqlıq və qanunun aliliyi ilə təmin edilən nizam-intizam.
Ən yaxın tarximizin dərslərini öyrənmək lazımdır ki tarixin imtahanından keçə bilək...
Sinqapur möcüzəsi: Li Kuan Yunun strategiyası
1965-ci il. Sinqapur Malayziya tərkibindən ayrılır. Heç bir təbii sərvəti- nefti, qazı, hətta içməli suyu belə olmayan, tikinti üçün qumu da xaricdən alan kiçik bir ölkə... Yoxsulluq bataqlığında batmış, işsizliyin tüğyan etdiyi keçmiş bir Britaniya koloniyası.
Sinqapur möcüzəsinin banisi, xalqın atası adlandırılan ilk Baş nazir Li Kuan Yu televiziya qarşısında göz yaşlarını saxlaya bilmirdi. O, sağ qalmaq şansının demək olar ki, olmadığını anlayırdı. Lakin cəmi 30 il ərzində Sinqapur dünyanın ən zəngin dövlətlərindən birinə çevrildi. Adambaşına düşən ÜDM (Ümumi Daxili Məhsul) göstəricisinə görə ABŞ, Böyük Britaniya və Almaniyanı geridə qoydu.
Bəs bu ölkə bir nəsil ömründə necə qlobal maliyyə mərkəzinə çevrildi? Budur hər bir biznes üçün dərs olacaq 3 əsas strategiya:
1. İnsan kapitalına investisiya
Sinqapurun insanlardan başqa heç nəyi yox idi. Digər dövlətlər öz təbii sərvətlərinə güvənəndə Li Kuan Yu təhsil və səhiyyəyə sərmayə qoydu.
• İngilis dili qlobal iqtisadiyyata inteqrasiya üçün məcburi oldu.
• Məktəblər sadəcə diplom verən yer deyil, mühəndis kadrlar hazırlayan mərkəzlərə çevrildi.
• Korrupsiya ilə amansız mübarizə. Li Kuan Yu deyirdi: "Korrupsiyaya qalib gəlmək istəyirsinizsə, işə üç ən yaxın dostunuzu həbs etməklə başlayın." Heç kim toxunulmaz deyildi.
Dərs 1: Kapitalınız və unikal məhsulunuz yoxdursa, sizi ancaq insanlar xilas edə bilər. Komandanızı daim öyrədin, intriqalardan uzaq, istedada dəyər verilən mühit qurun.
2. Dünyaya açıqlıq
60-70-ci illərdə inkişaf etməkdə olan ölkələr öz iqtisadiyyatlarını yüksək rüsumlarla qorumağa çalışır, xarici korporasiyalardan qorxurdular. Sinqapur isə tam tərsinə getdi:
• Qlobal şirkətlər üçün qapılarını taybatay açdı.
• Vergiləri rekord həddə endirdi, bürokratiyanı elə sadələşdirdi ki, biznesi bir günə qeydiyyatdan keçirmək mümkün oldu.
• Dəniz və hava limanlarına milyardlar yatıraraq adanı Asiyanın əsas habına (mərkəzinə) çevirdi.
Dərs 2: Güclü tərəfdaşlardan qorxmayın. Nəhənglərlə əməkdaşlıq texnologiya və təcrübəyə çıxış deməkdir. Qapalı qala deyil, hər kəs üçün açıq mərkəz olun.
3. Konkret qaydalar və sabitlik
Kapital qorxaqdır; pul həmişə təhlükəsiz və proqnozlaşdırıla bilən yerə qaçır. Əgər investor sabah zavodunun əlindən alınmayacağına əmin deyilsə, bura bir qəpik də qoymaz.
• Sinqapur sərt, amma ədalətli nizam yaratdı.
• Saqqız çeynəməyə və ya zibil atmağa görə tətbiq edilən məşhur cərimələr sadəcə təmizlik eşqi deyil, investorlara bir mesaj idi: "Burada qaydalara hər kəs əməl edir."
• Müstəqil məhkəmə və mülkiyyətin toxunulmazlığı təmin edildi.
Dərs 3: Şirkət daxilində dürüst qaydalar sizin gizli silahınızdır. İşçilər və müştərilər bilsələr ki, qaydalar rəhbərin kefinə görə dəyişmir, sizə uzunmüddətli inanacaqlar.
Yekun nəticə: Li Kuan Yu sağ qalmaq üçün mübarizə aparan bir ölkə təhvil aldı və onu dünyanın ən firavan ölkəsinə çevirdi. Onun strategiyası sübut etdi ki, əsas olan resurslar deyil; əsas olan ağıl, dünyaya açıqlıq və polad kimi nizam-intizamdır.
Qeyd. Sinqapurun ərazisi 734.3 kv.km, əhalisi 5.9 milyondur.
İlham Gadir
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru