Dünya birjalarında neft çökdü: Manatın taleyini nə gözləyir?

Bu gün, 00:11           
Dünya birjalarında neft çökdü:
Dünya enerji bazarlarında müşahidə olunan son tendensiyalar neft qiymətlərində kəskin enişlərin qeydə alındığını göstərir. “ICE London” qitələrarası birjasında iyul müqavilələri üzrə “Brent” markalı neftin dəyəri 2,02% azalaraq 108.17 dollara, Nyu-Yorkun “NYMEX” birjasında isə “WTI” markalı neftin qiyməti 2,98% enərək 101.94 dollara düşüb. Qlobal bazarlardakı bu rekord azalmaya rəğmən, Azərbaycanın “Azeri Light” markalı nefti hazırda əks-trend nümayiş etdirərək 122 dollar həddini keçib. Lakin qlobal birjalardakı kəskin ucuzlaşma fonunda yerli xammalın da yaxın günlərdə analoji düşüşlə üzləşməsi ehtimalı və bunun milli valyutanın məzənnəsinə mümkün təsirləri əsas müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov bildirib ki, dünya bazarlarındakı qiymət konyukturu Azərbaycan neftindən də yan keçməyəcək: “Qlobal birjalarda ‘Brent’ və ‘WTI’ markalı neftlərin kəskin ucuzlaşması birbaşa tədarük zənciri və qlobal tələblə bağlıdır. ‘Azeri Light’ nefti keyfiyyətinə görə daha baha satılsa da, o, dünya etalon qiymətlərinə indekslənib. Buna görə də, yaxın günlərdə Azərbaycan neftinin qiymətində də mütləq şəkildə korreksiya və aşağı doğru sürətli meyil müşahidə edəcəyik. Lakin bu düşüşlərin Azərbaycan iqtisadiyyatı üçün kritik həddə çatacağını düşünmürəm, çünki dövlət büdcəsində neftin qiyməti kifayət qədər mühafizəkar və aşağı rəqəmlərlə proqnozlaşdırılıb”.

Onun sözlərinə görə, neftin ucuzlaşmasının manatın məzənnəsinə təsiri məsələsi hazırda aktual görünsə də, reallıqda vəziyyət fərqlidir: “Vətəndaşları narahat edən əsas məqam neft ucuzlaşarsa, manatın dəyərdən düşməsidir. Amma qeyd etməliyəm ki, Azərbaycanın mövcud valyuta ehtiyatları və Mərkəzi Bankın həyata keçirdiyi sterilizasiya siyasəti manatın sabitliyini qorumağa imkan verir. Neftin 100 dollardan yuxarı hər hansı bir qiyməti ölkəyə kifayət qədər valyuta axınını təmin edir. Yəni qısa və orta müddətli dövrdə neftin 10-15 dollar ucuzlaşması manatın məzənnəsinə təzyiq yaratmayacaq. Manatın taleyi hazırda dünya bazarlarındakı rəqəmlərdən daha çox, ölkənin daxili valyuta siyasəti və ticarət balansından asılıdır. Ona görə də hazırkı şəraitdə devalvasiya üçün ciddi fundamental əsaslar görmürəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru