Levanevski küçəsində müəmmalı tikinti - Rafiq Quiyev bu işə necə "yaşıl işıq" yandırıb? -DE-FAKTO
Bu gün, 07:44

Xətai rayonu, NZS qəsəbəsi, Levanevski küçəsində (Dirol marketin yanı) uzun illər boş qalan ərazidə tikinti işlərinə başlanılıb. Məlumata görə, ərazi satıldıqdan sonra burada tikinti işləri sürətlə davam etdirilir.
Sakinlərin sözlərinə görə, onlar həmin torpaq sahəsində kiçik bir parkın və ya yaşıllıq zonasının salınacağını gözləyirdilər. Lakin gözləntilərin əksinə olaraq, ərazidə tikinti işlərinə start verilib.
Diqqət çəkən məqamlardan biri isə tikinti meydançasında qanunvericiliyin tələb etdiyi qaydalara əməl olunmamasıdır. Belə ki, ərazidə tikintiyə dair məlumat lövhəsi yerləşdirilməyib, hər hansı icazə sənədi nümayiş etdirilmir, təhlükəsizlik hasarı quraşdırılmayıb və tikinti sahəsi mühafizə olunmur.
Ərazidə yaşayan sakinlər bildirirlər ki, gün ərzində hərəkət edən ağır yük avtomobillərinin yaratdığı səs-küy və ətrafa yayılan toz-torpaq onların gündəlik həyatını ciddi şəkildə çətinləşdirir.
Ortaya isə bir sıra suallar çıxır: Bu ərazidə aparılan tikinti işlərinə kim tərəfindən icazə verilib? Tikinti hansı layihə və hansı sənədlər əsasında həyata keçirilir? Müvafiq dövlət qurumları tikintinin qanuniliyini yoxlayıbmı?
Qeyd edək ki, qüvvədə olan qaydalara əsasən, tikinti işləri aparılan ərazilərdə layihə və sifarişçi barədə məlumatların əks olunduğu lövhənin yerləşdirilməsi, həmçinin təhlükəsizlik tədbirlərinin görülməsi tələb olunur.
Məlumata görə, tikiləcək binanın birinci mərtəbəsi obyekt, diğər mərtəbələri isə yaşayış binası olacaq. Həmçinin bu tikiliyə yaxın daha bir tikili bu yaxınlarda ucaldılıb və istifadəyə verilib. Tikinti zamanı heç bir standartlar gözlənilmir,..(bizimesr.com)
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

