Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
Bu gün, 17:38

Çinli fiziklər müəyyən ediblər ki, Ayın qabığı ağ cırtdan cütləri və Süd Yolu qalaktikasındakı digər kompakt obyektlərin yaratdığı bəzi qravitasiya dalğalarını udmaq və onları onlarla dəfə gücləndirmək qabiliyyətinə malikdir.
Oxu.Az xəbər verir ki, alimlər "Physical Review Letters" jurnalında dərc olunan məqalədə bu kəşfin Yerin təbii peykindən məkan-zaman dalğalanmaları üçün "antena" kimi istifadə etməyə imkan verdiyini bildiriblər.
Tədqiqatçılar qeyd edirlər: "Biz göstərdik ki, müəyyən tezlik diapazonlarında bu kosmik dalğalanmalar Ayın qabığı tərəfindən onlarla dəfə gücləndiriləcək ki, bu da Ayı nəhəng təbii detektora çevirir".
Çin Elmlər Akademiyasının (Pekin) Geologiya və Geofizika İnstitutunun dosenti Can Tszinxayın sözlərinə görə, hazırda mövcud olan yerüstü qravitasiya dalğası detektorları (LIGO, Virgo və KAGRA) yalnız ulduz kütləli qara dəliklərin, neytron ulduzlarının və bəzi digər kompakt obyektlərin birləşməsi nəticəsində yaranan yüksəktezlikli məkan-zaman dalğalanmalarını qeydə ala bilir.
Ağ cırtdan cütləri və erkən Kainatdan gələn qravitasiya dalğaları kimi bir çox maraqlı mənbələr isə bir neçə millihers tezliyində dalğalanmalar yaradır. Yerüstü detektorlar yüksək səs-küy səviyyəsinə görə bu siqnalları qeydə almaqda çətinlik çəkir. Bu vəziyyət alimləri Avropanın "eLISA" layihəsi və onun Çin analoqu olan "Tyançin" kimi kosmik qravitasiya rəsədxanalarının yaradılması üzərində işləməyə sövq edir. Hər iki layihənin 2030-cu illərin ikinci yarısında orbitə buraxılması planlaşdırılır.
Bu ideyadan çıxış edən çinli fiziklər Ayın relyefi və daxili quruluşunu nəzərə alan ətraflı kompüter modeli hazırlayıb, onun 1 millihersdən 1 hersədək tezlikli qravitasiya dalğaları ilə qarşılıqlı təsirini hesablayıblar. Hesablamalar göstərib ki, Ayın qabığı tezliyi 10 millihersdən çox olmayan dalğalanmaları əhəmiyyətli dərəcədə gücləndirəcək. Bəzi tezlik diapazonlarında bu güclənmə təxminən 10 dəfəyə çata bilər.

