DÜNYA KİMLƏRİN ÜMİDİNƏ QALIB?!
Bu gün, 00:07

("Qısa qeydlər" silsiləsindən)
"Sən bu dünyanın gününə bax, bir topalla, bi korun ümidinə qalıb". Deyəsən, Əmir Teymurun sözləridir, Ankara döyüşündə Osmanlı ordusunu məğlub etdikdən və Sultanı İldırım Bəyazidi əsir götürdükdən sonra deyib. Məlum olduğu kimi, Əmir Teymurun ayağı axsaq olub, İldırım Bəyazidin də gözü zəif görüb.
İndi deyəsən, tarix təkrar olunur, dünya bir ağıldan zəiflə, bir vicdandan axsağın əlində qalıb. Bu iki nəfər bütün dünyanı barmağına dolayıb. Birinci oturub Amerikada, o qədər özünə vurğundur ki, gecə yatanda da, gündüz duranda da öz qələbəsini görür, adam nə deyirsə, nə edirsə, "mən, mən, mən" deyir. Bir-iki ildə 9 ölkəyə təcavüz edib, 10 minlərlə günahsız insanın qətlinə səbəb olub, amma deyir ki, mən 9 müharibədə sülhə nail olmuşam...
Bəli, bu adam Amerikada 100 minlərlə günahsız aborigeni qıranların, Yaponiyada Xirosimaya, Naqasakiyə atom bombası atanların nəvəsidir, yetirməsidir. Hətta utanmır, çəkinmirdi, Nobel sülh mükafatı almaq istəyirdi. Sizi bilmirəm, amma mən şübhə etmirəm ki, adam sabah durub deyəcək "İsa Məsihəm, dünyanı xilas etməyə gəlmişəm"...
İkinci oturub Rusiyada, o qədər var-dövlət və hakimiyyət hərisidir ki, gecə yatanda da, gündüz duranda da hakimiyyət, var-dövlət görür. Adam nə deyirsə, nə edirsə, hakimiyyətini uzatmaq, var-dövlətini artırmaq üçün edir. Amma gözü doymur, bütün Rusiyanı yesə də, doymur, bu gün Ukraynanı yeyir, sabah Qazaxıstanı, o biri gün bütün postsovet məkanını yemək istəyəcək...
Bu adamın hakimiyyətinin hər ayı 100 minlərlə günahsız insanın həyatı bahasına, hər ili 100 milyardla xalq pullarının hesabına başa gəlir. Bəli, adam Böyük Pyotrun balaca nəvəsidir, heç nədən və heç kimdən utanmır, çəkinmir, "nə edirəmsə, əcəb edirəm, xalq üçün, Rusiya üçün edirəm" deyir. Ən dəhşətlisi isə, odur ki, rus xalqı da onun dediklərinə inanır, cavanlar müharbədə vuruşmaqla, qocalar qəbir pulları yığmaqla baş saxlayır...
Qalib ARİF

