Çoxluq qorxur ki, rejim devrildiyi təqdirdə yaranacaq xaosda minimal tələbat da ödənilməyəcək
18-01-2026, 00:09

İran hökuməti etirazları yatırdı. Zora daha qəddar zorla cavab verərək (necə ki, ABŞ-da polis etirazçılara divan tutdu). 1792-ci ildə kütlə XVI Lüdoviki sarayında həbs etdi. Bunu müşahidə edən gənc zabit demişdi: “Sarsaq! Onun topları var idi axı. Bir atəş kifayət idi ki, bu 500 yaramaz dağılışsın, qalanları isə özləri qaçacaqdı”. Həmin zabit bir neçə ildən sonra Fransa imperatoru olmuş Napoleon idi. 3 il sonra o, Vandemyer qiyamını qəddarcasına top atəşləri ilə yatıraraq (şəkildə görürsüz) Fransanın ən populyar generalı oldu.
Dövlət təşkilatlanmış inhisarçı zor alətidir. Və bu alət cəmiyyətdə daha böyük zorakılığın qarşısını almaq üçündür. Bu alət olmasa cəmiyyət anarxiyaya qərq olar. Əlbəttə, bu alətin mövcudluğunda daha çoz zənginlər maraqlıdır, çünki əks halda kasıb çoxluq onları qarət edər. Lakin hər bir halda kasıb əhali də anarxiyanın olmamasında maraqlıdır.
İnsana dövlətdən nə lazımdır? Mülkiyyəti qorunsun, əmin-amanlıq şəraitində çörək pulunu qazana bilsin, həyatı, azadlığı və namusu qorunsun. Əhalinin əksəriyyətinə bundan başqa heç nə lazım deyil heç. Savadlı və proqressiv vətəndaşlara əlavə olaraq söz azadlığı, sosial liftin işləməsi, bərabərlik və s. lazımdır. Amma onlar çoxluqda deyil (demokratik ölkələrdə həmin savadlı və proqressiv şəxslər partiyalara daxil olaraq iddialarını ən azı qismən reallaşdıra bilirlər). Çoxluğa az şey lazımdır.
Və bu əsnada çoxluğu dövlətin ideologiyası maraqlandırmır. Liberalizm (demokratiya), sosializm (kommunizm), millətçilik (faşizm) və ya dinçilik (teokratiya) – çoxluğa bu maraqlı deyil (təcrübə göstərir ki, vətəndaşın yaxşı yaşaması ideologiyadan asılı deyil, məsələn: liberal Avropa, sosialist Çin, millətçi ABŞ, dinçi Səudiyyə Ərəbistanı). Dövlət onun həyatını, azadlığını, mülkiyyətini və namusunu qoruyursa, çoxluq böyük məsələlərdə bərabərsizliyin mövcudluğunu da adi hal kimi qəbul edir. Yəni qoy hakimiyyətdə olanlar zəngin olsunlar, dəbdəbəli həyat sürsünlər, əsas odur ki, mənim kiçik əmlakıma dəyməsinlər, çörək pulumu qazanım.
Buna görə də çox nadir hallarda əhalinin əksəriyyəti həyatını riskə ataraq hökumətə qarşı qiyama hazırdır. Yalnız zəiflik göstərən hökumətin əleyhinə gedə bilər. Bunun da sonunda istək odur ki, güclü hökumət qurulsun.
Hətta əhalinin çoxluqda olmayan, lakin xeyli hissəsinin də qiyama əl atması yalnız xarici qüvvələrin təsiri altında olur. İranda da biz bunu müşahidə etdik. Əlbəttə, İrandakı rejim əcaibdir. Bizim üçün qəbuledilməzdir. Amma rejim əhalinin çoxunun mininmal tələbatını ödəyir (hətta pis-yaxşı seçki sistemi də var). Əksinə, çoxluq qorxur ki, rejim devrildiyi təqdirdə yaranacaq xaosda minimal tələbat da ödənilməyəcək. Suriya, Liviya və s. misallar göz qabağındadır...
Əkrəm Həsənov
TEREF

