Türklerin en eski boyu - KOLANILAR
Bu gün, 10:54

Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır. Tarixi qaynaqlarda və son yüz ilin arxiv materiallarında Kolanı adı keçən xeyli sayda bəlgələr var. Eləcə də son illər kolanı türkləri ilə bağlı bir neçə araşdırma yazısı qələmə alınıb. Ancaq indiyə qədər bu əski türk boyu haqqında ayrıca monoqrafiya yazılmayıb. Kolanıların tarixi, mədəniyyəti, etnoqrafiyası, onların ümumtürk tarixindəki yeri və rolu hərtərəfli, əhatəli şəkildə araşdırılmayıb. Bu səbəbdən də Kolanıların tarix səhnəsinə çıxışı, kolanı sözünün etimologiyası və digər tərəfləri ilə bağlı əksər araşdırmaçıların razılaşa biləcəyi ortaq fikir hələ ki yoxdur. Bizim də bu yazıda kolanılar haqqında fundamental araşdırma aparmaq və ortaya fundamental əsər qoymaq niyyətimiz yoxdur. Nədən ki, bunun üçün ən azı illərlə vaxt və digər mühüm şərtlər tələb olunur. Qismət olarsa, gələcəkdə kolanı soyu ilə bağlı ayrıca kitab – araşdırmalar toplusu hazırlamaq niyyətimiz var...
Kolanı sözünün etimologiyası barədə
Kolanı sözünün etimologiyası haqqında bir çox versiyalar var. Kimisi bu adın izahını fars dilində, kimisi kürd dilində, kimisi də digər dillərdə axtarıb. Bu sözlə bağlı irəli sürülən versiyalara birlikdə baxaq;
Bəzi müəlliflər Kolanı sözünün farsca “qüvvətli, çoxlu, böyük” anlamını verən “Kelan” və ya “Kalan” sözündən törədiyini, bəziləri kürdcə “güclü, məğlubedilməz” mənasını verən “kolneder” sözündən yarandığını deyir.
Əlbəttə, bunlar olduqca zəif versiyadır və əski adlarımızın izahının fars, ərəb, kürd və digər dillərdə aranması ənənəvi hal alsa da kifayət qədər yanlış və ziyanlı tendensiyadır.
Digər versiyaya görə kolanılar erkən orta əsrlərdə Qazaxıstanın cənubunda mövcud olmuş Kulan şəhərinin sakinləri olub. Sonralar Kulan şəhərindən digər bölgələrə köçən türklərə Kulan şəhərindən gəldikləri üçün “Kulanlı” və ya “Kolanlı” demişlər. Bu da kifayət qədər zəif versiyadır və hansısa tutarlı qaynağa söykənmir. Təkcə bir faktı deyək ki, Suriya və İsrail ərazisində min illər öncədən kolanı türklərinin yaşadığı məlumdur və onların dilləri ilə Azərbaycan türklərinin danışdığı dil arasında çox az fərq var. Yəni kolanıların Orta Asiyadan Suriyaya və İsrail ərazisinə deyil, əksinə olaraq, kolanıların bu ərazilərdən Orta Asiyaya getməsi fikri daha ağlabatan görünür. Nədən ki, erkən orta əsrlərdə Kulan şəhərində yaşayan türklər hazırda yaşadığımız ərazilərə köç edəndə min illərdi ki, Qafqaz və Qafqazətrafı bölgələrdə məskən salan yerli kolanılar vardı.
Kulan (Kolan) uyğur türklərinin dilində “yabanı at”, “çöl atı” mənasını verir. Kolanı adının bu sözdən yarana biləcəyini ehtimal edənlər də var. Bu izahı da ağlabatan versiya kimi qəbul etmirik.
Kolanı boyu əski türk soylarından biri olduğu üçün zənnimizcə, bu sözün etimologiyasını da əski türkcədə aramaq lazımdır. Əski türk dilində “Kül”, “Kol” kimi ifadələrə rast gəlmək mümkündür. Onlardan bəzilərinə diqqət edək;
-Türkiyəli araşdırmaçı Semih Tufan Güləltay yazır: “Əski türklərdə ordu komutanlarına “Kol Ata” adı verilirdi”. O, eyni zamanda miladdan öncə Kuman mənşəli Kol və Koluman tayfasının Misirə yerləşdiyini yazır.
-Ən əski türk, moğol və iskit mifologiyasına görə dünyada ilk insanın adı Tarqutay idi. O, bütün bəşəriyyətin atası sayılır. Tarqutayın 3 oğlu vardı;
Arpaksay, Lıpoksay və Kolaksa

Antik yunan tarixçisi Heredot yazır: “Targitayın (skif panteonunda ilk insan, skiflərin əcdadı) üç oğlu vardı: Lipoksay, Arpoksay və Kolaksay. Targitayın Skif ölkəsində şahlıq etdiyi dönəmlərdə göydən yerə qızıl əşyalar düşmüşdü: kotan, boyunduruq, sakaris (balta) və şərab camı. Böyük oğul Lipoksay yaxınlaşıb onları qaldırmaq istəyəndə həmin əşyaları od bürüdü. İkinci oğul Arpoksay da yaxınlaşanda bu əşyalar yenidən alovlandılar. Lakin kiçik oğul Kolaksay onlara tərəf gedəndə alov söndü və o, həmin əşyaları evinə apardı. Buna görə də böyük oğul atasının şahlığını kiçik qardaşına verməyə razı oldu” (Araz Qurbanov, “Damğalar, rəmzlər... Mənimsəmələr”).
Hər üç sözdə təkrar olunan “say” kompanenti var. Mərhum tarixçi alim Q. Qeybullayev bu sözün “cavan”, “gənc” anlamında olduğunu yazır. Kolaksay sözünün kökü “Kol”dur. “Kol” sözü bəzi əski türk soylarında, özəlliklə Karluk türklərində xan səviyyəsinə bərabər tutulan titul idi. Ulularımızdan biri olan Kül Tikinin adındakı Kül sözü də titul bildirən sözdür. Bu, eyni zamanda onun mənsub olduğu sinifin və soyun göstəricisi də ola bilirdi. Tarixçi alim Zaur Həsənov da Kolaksay sözünün kökünün “Kol” olduğu qənaətindədir. Kolaksay sözü isə “Kol”un, yəni çarın, başçının, xanın tərəfdarları kimi yozulur. Zənnimizcə, kolanı sözü də “Kol” sözündən törəyib. Min illər öncə də bu boyun adı kolanı yox, məhz Kol (Kül, Kul) olub. Qiyasəddin Qeybullayev “Kul” sözünün qədim türkcədə “xan sinfinə mənsub olan” anlamında işlədildiyini yazır. Əski monqol dilində “kul” (kuluq) qəhrəman, igid anlamını verirdi. Türk xaqanı Kül Tikin, Kül Xan, “Kitabi-Dədə Qorqud”da Kul Baş (Kulbaş) bu titulun daşıyıcıları idi. Tarixdə Kül (Kol) titulu daşıyan ulularımız haqqında araşdırmanın sonunda ayrıca söz açacağıq...
Türkiyəli araşdırmaçı Nicat Çətinkaya peçeneqlərin 8 boyundan birinin Külbəy olduğunu qeyd edir. İqdırın böyük kəndlərindən olan Küllük kəndinin adının bu kimi qaynaqlardan gəldiyini deyir (İ.Çətinkaya, “İğdır tarihi”, İstanbul - 1996). Səncər Digitçioğlu isə peçeneqlərin bu boyunun adını “Suru Külbəy” kimi yazır (“Oğuzdan Selçukluya”, İstanbul – 1994). Akademik Ə. Quliyev əski türk dilində “kül”, “külüg” komponentlərinin titul bildirən leksik vahidlər olduğu qənaətindədir (Quliyev Ə.A. Qədim türk onomostikası, Bakı – 2007). Naxçıvan Dövlət Universitetinin müəllimi araşdırmaçı-alim Qalibə Hacıyeva yazır: “Bir çox tarixi qaynaqlarda miladdan öncəki türk tarixində də Kül komponentli antroponimlərə - Hun xaqanlarından Sürük-Külük Xan, Kül Xan adlarına rast gəlirik” (Qalibə Hacıyeva “Cənubi Azərbaycan toponimləri”, Bakı – 2008).
Namiq Hacıheydərli

