Onda bəs Tramp niyə belə riskə getməlidir?
Bu gün, 08:24

Proqnozlaşdırdığım kimi, İrana hücum olmadı. Deməli, növbəti 5 gün ərzində müharibə olmayacaq. Müharibənin başlanma riski növbəti şənbə yarana bilər. Çünki Tramp bütün riskli əməliyyatlarını birjalar 2 günlük istirahətə çıxandan sonra başlayır və uzağı 2 günə bitirməyə çalışır ki, birjalar işə başlayanda hər şey qaydasında olsun, milyarder dostları, sponsorları heç nə itirməsinlər.
İran ABŞ üçün heç bir həyati risk daşımır. Buna görə də Trampın onunla müharibəyə girməklə böyük riskə getməsinə heç bir zərurət yoxdur. İranı ram etmək ona Çinin və Rusiyanın supergüc iddialarını boğmaq və yeganə supergüc kimi qalmaq üçün vacibdir. Elə eyni səbəbdən də Rusiya və Çin İrana hər cür köməklik etməyə məhkumdurlar və bunu gizlətmirlər. Rusiya və Çin İrana ən müasir HHM, REM, hərbi aviasiya, hipersonik ballistik raketlər və gəmi əleyhinə torpedolar, peyk siqnallarını bloklayıcı qurğular və hərbi məsləhətçilər (bu ad altında bəzi texnikaları idarə edən hərbçilər – çünki həmin texnikanı idarə edə bilən İran mütəxəssislərinin hazırlanması illər çəkə bilər) göndəriblər.
İsrailə isə İranla müharibə çox vacibdir. İsrail başa düşür ki, ABŞ-ı İranla müharibəyə cəlb etmək üçün onun maya qədər vaxtı var, maydan sonra bu mümkün olmayacaq. Payızda İsraildə də Knessetə seçkilər olacaq. Bu haqda daha ətraflı yazmışdım deyə təkrarlamayacam: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4237937369855675
Lakin 12 günlük müharibə İsraili çox qorxudub. İsrailin İran raketlərindən etibarlı müdafiəsi yoxdur. 12 günlük müharibə göstərdi ki, İran, həqiqətən də, hədəfi dəqiq vura bilən hipersonik raketlərə malikdir və hətta ABŞ-ın da ən müasir HHM sistemi olan THAAD onlara qarşı acizdir. Deməli, İsrail müharibəyə girə bilməz. Buna görə də İsrail bütün vasitələrlə İrana çatdırır ki, ona qarşı növbəti müharibədə iştirak etməyəcək. İsrail yeni müharibənin yalnız ABŞ (və başqa ölkələr) tərəfindən aparılmasını istəyir. Əlbəttə, müharibə başlayarsa, İsrail onda iştirak edəcək, lakin onlar guya ABŞ əsgərləri kimi vuruşacaqlar (ABŞ təyyarələrində uçacaqlar) ki, İsrailə zərbə vurmaq üçün İrana formal əsas verməsinlər.
İran bu hiyləni başa düşür deyə əvvəlcədən bəyan edib ki, zərbənin kim tərəfindən vurulmasından asılı olmayaraq, onun üçün ilk hədəflər sırasında İsrail də olacaq. Çünki İran anlayır ki, hətta ABŞ onunla təkbaşına müharibəyə girsə də onu buna təhrik (məcbur) edən İsraildir. Tramp məcbur olmasa, belə riskə getməz.
Onda bəs Tramp niyə belə riskə getməlidir?
Trampın İsraildən asılı olduğunu hətta ABŞ analitikləri də deyirlər. Bunun səbəbinin nə olduğunu dəqiq bilən yoxdur – kimi bunu kürəkəni sionist Cared Kuşner, kimi Mossadın əlində olan Epşteyn kompromatları, kimi onun əsas sponsoru sionist milyarder Miriam Adelsonla əlaqələndirir. Ola bilər onların hamısı haqlıdır və Netanyahu bu amillərin hamısından Trampın "yüyənini" çəkmək üçün istifadə edir.
Qlobalist mətbuatın yazdığı kimi 31 yanvar – 1 fevralda Tramp İrana zərbə endirməli idi. Mətbuat bunu göydən yaza bilməzdi, Trampın da hücumun tarixi barədə mətbuata açıqlaması olmamışdı. Çox güman ki, Trampın ultimatumu mətbuata sionistlər tərəfindən sızdırılmışdı (onsuz da bütün meynstrim mətbuat onların nəzarətindədir). Bununla Trampın seçimini daraltmağa çalışırdılar: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4255429618106450
30 yanvarda ABŞ Ədliyyə Nazirlyi 3 milyon səhifəlik Epşteyn fayllarını, fotolar və videoları yayımladı. Aydındır ki, Nazirlik bunu Trampın icazəsi olmadan edə bilməzdi. Yayımlanan sənədlərdə Trampın adı 3 min dəfədən çox keçir, onun haqqında təsdiqlənməmiş ağır ittihamlar var – bütün bunlara baxmayaraq, Tramp həmin sənədlərin yayımlanmasına icazə verib. Niyə?
30 yanvar cümə günü idi. Yəni Trampın İrana zərbə endirməli olduğu gündən 1 gün əvvəl. Çox güman ki, İrana zərbə endirmək üçün sionistlər həmin sənədlərdən Trampa qarşı təzyiq vasitəsi kimi istifadə edirdilər. Tramp 31 yanvara qədər İrana qarşı hərbi təhdidi gücləndirtməklə onun güzəştə gedəcəyinə, şərtlərini qəbul edəcəyinə ümid edirdi. 30 yanvarda tam əmin oldu ki, İran geri çəkilməyəcək. Deməli, onu müharibəyə başlamağa məcbur edəcəklər. Buna görə də o, sionistlərin "kartlarını" əllərindən almaq üçün son anda bəlkə də hələ tam senzura edilməmiş "Epşteyn dosyesini" yayımladı. Beləliklə, bu dəfə İrana zərbə endirməkdən yayına bildi.
Bununla sionistlərin ona qarşı hazırladıqları bir güclü "kartını" vurdu. Düzdür, ola bilər, vurulmuş saydığı kart sənədlər tam araşdırıldıqdan sonra özünə qarşı daha güclü karta çevrilər. Amma indiki vəziyyətdə dosyenin yayımlanması ona müəyyən vaxt qazandırdı.
Lakin sionistlərin başqa kartları da var: Kuşner (onun fəaliyyətini görməyəcəyik) və KİV. Bundan sonra qlobalist KİV Trampı qızışdırmağa başlayacaq: İrandan qorxdu, həmişəki TACO-dur, İran ABŞ-ı saymır, əslində ABŞ Çindən və ya Rusiyadan qorxdu və s. və i.a. Trampın narsis xarakterini nəzərə alaraq, mətbuat ona təzyiqi artıracaq. Davam gətirəcək, ya gətirə bilməyəcək – görərik. Bircə onu bilirəm ki, Tramp intihara meylli adam deyil, çıxış yolu varsa, sonunu aydın görmədiyi riskə getməz.
Tramp müxtəlif vasitələrlə İrana qarşı müharibəni daim təxirə salacaq. Çalışacaq ki, İranla simvolik də olsa müyyən razılaşmaya gəlsin. Bu razılaşmanı o, böyük qələbə kimi təqdim edə bilər (12 günlük müharibədə İranın nüvə proqramını darmadağın etdiyini dediyi kimi). Çox güman ki, İran, Çin və Rusiya da onun hap-gopuna göz yumacaqlar, çünki onlar üçün nəticə vacibdir, anlayırlar ki, əks halda Tramp müharibəyə məcbur edilə bilər.
Amma İsrail uşaq deyil ki, belə hap-gopa inansın. Trampın nağılları kütlə üçün nəzərdə tutulub, kəşfiyyat xidmətləri üçün yox. Trampa da kütlənin ona inanması lazımdır, çünki seçkilərin taleyini onlar həll edəcəklər.
Hadisələr bu axarda gedərsə, sionistlərin növbəti silahı sponsorluq olacaq. Bu silah, güman ki, aprel ayında işə salınacaq. O vaxta qədər sionistlər Trampın reytinqini endirmək üçün əllərindən gələni edəcəklər. Reytinqi qaldırmaq üçün milyardlarla pul lazımdır ki, bütün mətbuatı ala biləsən. Mətbuat da kimlərin əlindədir? Ritorik sualdır. Bax, bu zaman Trampın sponsorlara, həmişəki kimi AIPAC-a (American Israel Public Affairs Committee) işi düşəcək. Onlar da 2015-ci və 2024-cü illərdəki kimi Trampın qarşısında öz şərtlərini qoyacaqlar. Tramp onların şərtlərini qəbul etməyə məcbur olacaq, çünki onun seçkilərdə qalib gəlməkdən başqa seçimi yoxdur.
Asif Şəfəqqətov
TEREF

