Qəh-qəhə çəkərək gülən insanların gözlərinə diqqətlə baxsanız, siz orada böyük bir kədər görəcəksiniz...
13-10-2025, 12:54

Əslinə qalsa bu gülüş onların daxilindəki üsyanın səsidir...Bəli, bu doğurdan da belədir...Mənim də bəziləri kimi çox kədərli taleyim oldu...Amma həyat üzümə gülməsə də, sənətdə bəxtim gətirdi desəm yanılmaram...İnsan sevdiyi peşə ilə məşğul olanda hansı sahə olursa olsun bu onu xoşbəxt edir...Mən ixtisasca teatrşunasam, beş il İncəsənət institutunda müəllimlərimdən sənətin sirlərinə yiyələnmişəm...Hələ uşaqlıq illərimdən bu məbədin sehrinə düşmüşdüm...Aktrisa olmasaydım belə yenə də teatr sahəsində fəaliyyət göstərəcəkdim...Çünki ixtisasım bunu tələb edirdi...Amma tale elə gətirdi ki, mən aktrisa oldum...Bu da həyatım qədər sevdiyim insandan ayrılmağıma və ailəmin dağılmasına gətirib çıxardı...Taleyimin belə olacağını heç ağlımın ucundan da keçirməzdim...Mənə elə gəlirdi ki, Zaur məni başa düşəcək...Amma çox təəssüf ki, düşündüyüm kimi olmadı...Bəziləri mənim aktrisa olmağımı anamla bağlayırlar, guya Hökumə Qurbanovanın təkidi ilə aktrisa olmuşam...Yəni mənim teatra gəlməyimi o məcbur edib...Əslində isə bu yanlış düşüncədir...Bəli, anam aktrisa olmağımı istəyib, ancaq əlimdən tutub səhnəyə çıxarmayıb...Mən özüm də onun kölgəsində olmağı qəbul etməzdim...Heç vaxt anamın adından istifadə etməmişəm...Amma bəzi bədxahlar şayiə yayırdılar ki, guya Hökumə rejissorlardan Vəfaya rol verməsini istəyir...Belə bir şey olmayıb...Hətta institutda imtahan verərkən müəllimlərdən Hökumə Qurbanovanın qızı olduğumu gizlətmişdim...Asan yolla uğur əldə etmək istəməmişəm...Aktrisa olmağıma görə anama deyil, bizim dahi rejissorumuz Tofiq Kazımova minnətdaram...Məni böyük səhnəyə Tofiq müəllim gətirdi...Teatr məndən ailəmi alsa da, əvəzində aləmi bəxş etdi...Bu idi mənə yaşamaq üçün ilham verən...Dram teatrda ilk böyük rolum 1970-ci ildə İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesində Fəridə obrazı olub...Bundan sonra 17 il ərzində 20-yə yaxın tamaşada müxtəlif insan surətlərini canlandırdım...Sonuncu rolum isə 1986-cı ildə Səməd Vurğunun "Vaqif" də Xuraman obrazı oldu...Bəxtim gətirdi qismətimə çox gözəl rollar düşdü və tamaşaçıya özümü bir aktrisa kimi sevdirməyi bacardım...Var qüvvəmlə çalışırdım ki, mənə tapşırılan rolun öhdəsindən məharətlə gəlim...Teatrla yanaşı eyni zamanda televiziya tamaşalarında da çəkildim...Ucqar rayonlardan, kəndlərdən teatra gəlməyə imkanı olmayan zəhmətkeş ahıl yaşlı insanlar məni mavi ekranda televiziya tamaşalarından tanıdılar...Bir dəfə Qasım İsmayılov rayonuna qastrola getmişdik, axşamüstü Zərnigar xanımla qaldığımız mehmanxananın həyətində gəzişirdik, elə bu vaxt yaşlı bir qadın üstümə hücum çəkdi "Azz, utanmırsan ərli qadınsan başqa kişi ilə mazağlaşırsan, həə?! Sənin abrın-həyan yoxdur?!..Bir anlıq duruxdum, çaşıb qaldım sonra başa düşdüm ki, "Atayevlər ailəsi" tamaşasındakı rolumu deyir...Həmin vaxt tamaşa yenicə ekrana çıxmışdı, insanlar çox bəyənmişdilər...Zərnigar xanım orada mənə doğurdan da şilləni möhkəm vurmuşdu...Əlim bərk ağrıyırdı...Əlbəttə bunu səhnənin yaxşı alınması üçün etmişdi...Qadını qucaqladım üzündən öpdüm bir az sakitləşdi sonra gülümsəyərək başa saldım ki, bu tamaşadır, həyatda belə deyiləm...Gördüm ki, xəcalət çəkir işlətdiyi ifadələrə görə peşiman oldu...Qadını təbəssümlə yola saldım...Qastrollarda olanda belə vəziyyətə bir neçə dəfə düşmüşəm, ancaq heç vaxt onlardan inciməmişəm, axı saf insanlar hər şeyə həqiqət kimi baxırlar...Oynadığım bütün rollarımı sevmişəm, hamısı bir-birindən gözəldir...Bu obrazlar mənə şöhrət gətirib, insanlara sevdirib...Bu məhəbbəti olduğum hər yerdə hiss etmişəm...Məni tamaşaçıya daha çox sevdirən İslam Səfərlinin "Göz həkimi" televiziya tamaşasında doktor İradə xanım rolu oldu...Çəkilişlərin bəzi hissələri botanika bağında aparılırdı, fasilə zamanı bir az bağı gəzərdik, orada işləyən bağbanlar bizə çoxlu qızıl güllər gətirirdilər...Yəqin ki, tamaşanın sonunda Əminə xanımın qucağındakı körpə yadınızdadır...O, bizim gözəl aktyorumuz Şahin Cəbrayılovun qızı idi...Şahin həm də tamaşada rejissor assistenti olub...Uşaq hələ 3 aylıq idi çəkiliş vaxtı birdən ağlayırdı sakitləşdirmək olmurdu...Qucağıma götürərdim bir az gəzdirərdim yuxuya gedirdi ondan sonra çəkilişə başlayırdıq...Uşağın simasından nur yağırdı...İndi böyük qız olar, ona xoşbəxtlik arzu edirəm...Rafiq Əzimov onu əlləri ilə göyə qaldıraraq "Mənim günəşim" deyəndə özümdən asılı olmayaraq ağlamışdım...Çox təsirli səhnə idi...Həyatımın son 17 ili oxunmamış kitab kimidir, o vərəqlər artıq çoxdan saralıb...Əgər aktrisa olmasaydım, həyatım necə davam edəcəkdi bunu təsəvvür etməkdə çətinlik çəkirəm...Bir onu əminliklə deyə bilərəm ki, ailəm dağılmayacaqdı...Amma teatr məndən çox şeyi aldı...Mən ondan heç nəyi əsirgəmədim...Deyirlər incəsənət qurban tələb edir, bu həqiqətən də belədir...Həmin qurbanlardan biri də mən oldum...
Vəfa Fətullayeva
TEREF

