Məşhər günü savaşı

14-10-2025, 10:04           
Məşhər günü savaşı
1967-ci ildə baş verən Altıgünlük müharibə çox şeyi, o cümlədən tərəflərin əhvalını dəyişdi. İndi ərəblər, xüsusən də Misir gələcək müharibəyə daha ciddi hazırlaşır, əvvəllər buraxdıqları nöqsanları aradan qaldırmağa çalışırdılar. İsraillilər isə əksinə, məsuliyyətsiz yanaşdıqların söyləmək olmasa da, qazandıqları asan qələbə onların ərəblərə saymazyana münasibətlərinə səbəb olmuşdu.

***

Ərəb koalisiyası Altıgünlük müharibədə dəhşətli texnika itkilərinə məruz qalmışdı. 900-dən çox tank, 452 hərbi təyyarə, yüzlərlə avtomobil, artilleriya və başqa silahlar itirilmişdi. Amma SSRİ dərhal bu itkilərin yerini doldurmağa başladı. Atəşkəsdən cəmi dörd gün sonra Misirə 10 ədəd Tu-16 bombardmançı təyyarələr, oktyabrda 210 ədəd müxtəlif modelli qırıcı və 20 ədəd İl-28 bombardmançı təyyarələr göndərildi. Bundan əlavə, ölkədə yüzlərlə sovet hərbi müşaviri fəaliyyət göstərirdi.

Amma Misir prezident Camal Əbdül Nasir SSRİ-dən təkcə texnika və müşavir deyil, həm də hərbi hissələrin göndərilməsini istəyirdi. Moskva bu istəyə müsbət yanaşdı və yeni hərbi hissələr – 18-ci xüsusi zenit-raket diviziyası, 135-ci qırıcı aviasiya alayı və 35-ci əlahiddə qırıcı aviasiya eskadrilyası – yaradılaraq məxfi “Qafqaz” əməliyyatı çərçivəsində 1970-ci ilin martında Misirə göndərildi.

Əməliyyatın gizliliyini qorumaq üçün müxtəlif tədbirlər görüldü. Sovet hərbçiləri Qara dəniz limanında gəmiyə minərkən mülki formada idilər. Misirə çatanda yerli ordunun formasını geyindilər. Hərbi texnikanın gəmilərə yüklənməsi və boşaldılması, dislokasiya yerinə hərəkəti yalnız gecələr həyata keçirilirdi. Buna baxmayaraq, bir neçə gün sonra İsrail radiosu “Misirdəki rus hərbçiləri üçün” rus dilində verilişə başladı. Sən demə, baş verənlər Mossadın gözündən yayınmayıb.

Qoşun və texnika göndərməkdən başqa SSRİ Misirə hərbi kadrların hazırlanmasında da kömək edirdi. Ərəb zabitlər sovet hərbi məktəblərində və akademiyalarında təhsil alırdılar.

Altıgünlük müharibədən sonra Nasir İsraillə “tükətmə müharibəsi” aparmağa üstünlük verirdi. Sinay yarımadasındakı İsrail mövqeləri daim artilleriya və aviasiya zərbələrinə, diversiya hücumlarına məruz qalırdı. Ümid edilirdi ki, insan və iqtisadi resurslarının çox olmadığı, üstəlik ictimai rəyin itkilərə həssas olduğu İsrail bu taktika sayəsində daha üzüyola olacaq. 1967-ci ilin iyulundan başlayan bu müharibəyə sovet müşavirləri, sonra da sovet zenitçiləri və pilotları cəlb olundular.

Tükətmə müharibəsinin qurtarması da elə sovet hərbçiləri ilə bağlı oldu. 1970-ci il iyulun 30-da İsrail aviasiyası pusqu quraraq sovet təyyarələrini döyüşə cəlb etdi. 16 İsrail təyyarəsinə qarşı 24 sovet təyyarəsi havaya qalxsa da, döyüş birincilərin qələbəsi ilə yekunlaşdı. Beş sovet təyyarəsi vuruldu, üç pilot həlak oldu. İsrailin bir təyyarəsi vurulsa da, pilot onu aerodroma çatdıra bildi.

Həmin döyüşdən sonra sovet rəhbərliyi Misir hakimiyyətini xəbərdar etdi ki, bundan sonra hərbi əməliyyatlara fəal qoşulmaq niyyətində deyil. Bu da Nasiri tükətmə müharibəsindən əl çəkməyə vadar etdi. Avqustun 7-də atəşkəs imzalandı. Sentyabrın 28-də isə Nasir ürək tutmasından keçindi.

***

Misirin yeni prezidenti Ənvər Sadat 1970-ci ilin dekabrında “Nyu York Tayms” qəzetinə verdiyi müsahibədə Təl-Əvivin Altıgünlük müharibədə işğal etdiyi Sinay yarımadasını Misirə qaytaracağı halda BMT-nin 22 noyabr 1967-ci il tarixli 242 saylı qətnaməsini qəbul edəcəyini, başqa sözlə, İsrailin mövcudluğunu tanıyacağını bildirdi. Belə bir addım ərəb ölkələri arasında bir ilk olacaqdı.

BMT Baş katibinin Yaxın Şərqdə sülh prosesi üzrə xüsusi nümayəndəsi, isveçli diplomat Qunnar Yarrinqin hazırladığı planı da Qahirə əsasən qəbul etdi. Amma Qolda Meirin rəhbərlik etdiyi İsrail hökuməti Altıgünlük müharibədən əvvəlki sərhədlərə qayıtmaqdan imtina etdi.

Təl-Əvivin bu addımı amerikalılar tərəfindən də narazılıqla qarşılandı. Dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi Cozef Sisko Vaşinqtondakı yəhudi səfir İshak Rabinə bildirdi ki, “İsrail yaranışından bəri ilk dəfə ərəb ölkəsi ilə sülh bağlamaq imkanını qaçırdığı üçün məsuliyyət daşıyacaq”.

Yarrinqin vasitəçiliyi, eləcə də ABŞ-ın o zamankı dövlət katibi Uilyam Rocerin bir neçə planı uğursuz olandan sonra Ənvər Sadat qərara gəldi ki, işğal altında olan torpaqların, yəni Sinay yarımadasının dinc yolla qaytarılması mümkün deyil və yeni müharibə qaçılmazdır. Bununla da Misir növbəti müharibəyə ciddi surətdə hazırlaşmağa başladı.

Maraqlıdır ki, Misirin bu istəkləri SSRİ tərəfindən isti qarşılanmadı. 1970-ci illərin əvvəllərində sovet-amerika münasibətlərində yumşalma vardı və bu, 1972-ci il mayın 26-da “Strateji silahların məhdudlaşdırılması haqqında” müqavilənin imzalanması ilə nəticələndi. Moskva yeni müharibədə ərəblərin onsuz da qalib gəlməyəcəklərini düşünür və bihudə yerə Vaşinqtonla münasibətləri korlamaq istəmirdi. Buna görə də Sadatın daha çox hərbi yardım barədə istəyini rədd etdi.


Ənvər Sadat öz sələfi Nasirin nə panarabizmini, nə sosializmini, nə də sovetpərəst siyasətini bölüşürdü. Hakimiyyətə gələndən bir il sonra hökuməti qatı nasirçilərdən də təmizləmişdi. Moskvanın belə davranışı isə ona xarici siyasətində dönüş üçün əsas verdi. O, 1972-ci ilin yayında sayı artıq 20 minə çatan sovet hərbçilərinin ölkədən çıxarılmasını istədi və SSRİ ilə az qala müttəfiqlik səviyyəsində olan münasibətləri pozdu. Xatırladım ki, Altıgünlük müharibədən sonra Misir ABŞ-la da diplomatik münasibətləri kəsmişdi.

İsraillə permanent müharibə vəziyyətində olan daha bir ölkədə - Suriyada da 1970-ci iıdə hakimiyyət dəyişikliyi baş verdi. Müdafiə naziri Hafiz Əsəd hərbi çevriliş edərək əvvəlcə baş nazir, bir il sonra isə prezident oldu. Əsəd İsrailə münasibətdə əvvəlki iqtidardan daha radikal mövqe tuturdu və Qolan təpələrini qaytarmaq üçün yeni müharibənin qatı tərəfdarı idi.

***

İsraildə isə Altıgünlük müharibədən sonra yaranan eyforiya davam etməkdə idi. Onlar Misir və Suriyanın yenidən müharibəyə başlayacağına inanmır, başlayacaqları halda belə, yenə asanlıqla məğlub olacaqlarına əmin idilər. Bir çox tarixçilərin fikrincə, Qolda Meir hökuməti daha rasional siyasət yürütsəydi, növbəti müharibədən qaçmaq olardı.

2003-cü ildə məxfiliyi götürülən sənədlərdən aydın olur ki, İsraildə Sadatın qələbə çala bilməyəcəyini anladığını və buna görə də müharibəyə başlamayacağını fikirləşirdilər. Sadat doğrudan da İsrailə tam qalib gələ bilməyəcəyini anlayırdı. Amma düşünürdü ki, Təl-Əvivi daha üzüyola olmağa sövq etmək üçün məhdud qələbə də yetərlidir. Bu qələbə ərazi ilə yanaşı Altıgünlük müharibədə itirilən qüruru da qaytarmalı idi. Beləcə, yəhudi analitiklərinin dəyərləndirməsi doğru, gəldikləri qənaət isə yanlış idi.

Bu qənaətə inam o qədər güclü idi ki, müharibənin başlayacağı haqqında kəşfiyyatın müxtəlif mənbələrədən alınan məlumatlar, o cümlədən Nasirin kürəkəni, İsrailin xeyrinə casusluq edən Əşrəf Mərvanın xəbərdarlığı da inadla gözardı edilirdi. Savaşın başlamayacağı qənaəti Misirdən sovet hərbçilərinin qovulmasından sonra daha da gücləndi.

İsrail Süveş kanalının şərq sahilində yaratdığı və 300 milyon dollar xərclədiyi “Bar-Lev xətti” adlı müdafiə istehkamlarına həddən artıq güvənirdi. Kanalın lap sahilində 20-25 metr hündürlükdə, 45-65 dərəcə maililikdə qum divar yaradılmışdı. Kanalı keçib hücum etməzdən əvvəl həmin divarı dağıtmaq lazım idi və Tsahalın Baş qərargahında hesab edirdilər ki, bunun üçün misirlilərə 48 saata qədər vaxt lazım olacaq. Həmin müddətdə isə İsrail səfərbərlik edərək qüvvələrini divarın arxasında uzanan mürəkkəb müdafiə qurğularına yetişdirəcəkdi.

Ariel Şaron da daxil bir sıra hərbçilər müasir müharibədə belə istehkamların etibarsız olduğunu deyir, İkinci dünya müharibəsi zamanı Majino istehkamlarının, Eben-Emael fortunun bəslənən ümidləri doğrultmamasını göstərirdilər. Amma Baş qərargah rəisi Haim Bar-Lev bu mübahisədə qalib gəldi. Müdafiə xətti də onun adını daşıyırdı. Növbəti müharibə Şaronun haqlı olduğunu sübut etdi.

İsrailin daha bir yanlışı isə Altıgünlük müharibədə tankların önəmli rol oynamasından sonra piyada qoşunlarının hazırlığına diqqəti azaltması idi. 1973-cü il müharibəsində misirlilərin tanklara qarşı xüsusi taktika hazırlaması üzündən Tsahal xeyli problem yaşadı. Məlum oldu ki, təkcə tanklarla qalib gəlmək qeyri-mümkündür. Müharibədən sonra qoşun növlərinə daha tarazlı münasibət bəslənildi.

***

1973-cü il oktyabrın 6-ı yəhudilər üçün ən müqəddəs günə - Yom Kippur (günahların bağışlanılması) bayramına təsadüf etdi. Həmin vaxt yəhudilər 25 saat ərzində oruc tutur, bütün günü dualarla keçirirlər. Ölkədə həyati əhəmiyyətli strukturlar istisna olmaqla heç yer işləmir. Təcili yardım, polis, yanğınsönüdürmə maşınlarından başqa sükan arxasına oturulmur. Hətta dindar olmayan yəhudilər belə bu qaydaları açıq pozmurlar.

Buna baxmayaraq, həmin gün səhər 8-də baş nazir Qolda Meir, müdafiə naziri Moşe Dayan və Baş qərargah rəisi David Elazar Misir və Suriya ilə təmas xətlərində vəziyyəti dəyərləndirmək üçün müşavirə keçirdilər. Dayan savaşın başlayacağına inanmadığını bildirdi, Elazar isə 1967-ci ildə olduğu kimi ərəb aviabazalarına preventiv zərbə endirməyi təklif etdi.

Qolda Meir isə müharibənin başlayacağına inanmırdı, ya da yeni müharibənin başlanmasına görə məsuliyyət daşımaq istəmirdi, bu təklifin əleyhinə çıxdı. O, beynəlxalq ictimai rəyi nəzərə almalı oldu. Təxminən bir saat davam edən müzakirələrdən sonra preventiv zərbə endirilməməsi, amma səfərbərlik keşirilməsi qərara alındı.

***

Ərəblər hücuma keçmək üçün məhz Yom Kippur gününü təsadüfən seçməmişdilər. Onlar hesab edirdilər ki, hətta televiziya və radionun işləmədiyi ölkədə səfərbərlik aparmaq bir sutkadan çox vaxt aparacaq. Əsassız olmayan bu hesablamaların başqa bir tərəfi də vardı. Ehtiyatda olanlar ya evlərində, ya da sinaqoqlarda idilər və onları tapıb səfərbər etmək çətin olmadı. Digər tərəfdən həm yolların, həm də nəqliyyat vasitələrinin boş olması onları ehtiyac olan mövqelərə tələsik çatdırmaq imkanı verdi. Savaş başlanandan cəmi 10 saat sonra artıq ilk ehtiyat qüvvələr mövqelərə çatdırıldılar.

Maraqlıdır ki, Misir düşmənini çaşdırmaq üçün elə onun əvvəllər istifadə etdiyi üsullara müraciət edirdi. İsrail aviasiyası 1965-ci ildən başlayaraq iki il müddətində hər gün Aralıq dənizi istiqamətinə uçuşlar həyata keçirirdi. Misirlilər bu uçuşlara alışıb artıq əhəmiyyət vermirdilər. Altıgünlük müharibə də həmin təyyarələrin qəfil hücumu ilə başladı. İndi misirlilər Süveyş kanalının yaxınlığında dalbadal hərbi təlimlər keçirirdilər, israillilər də axırda onlara alışıb etinasız yanaşırdılar.

İsrail hərbi kəşfiyyatını (AMAN) sayıqlığını korşaltmaq üçün bir sıra başqa addımlar da atıldı. Məsələn elan olundu ki, ramazan ayında (həmin il sentyabrın 27-də başlayırdı və buna görə də 1973-cü il savaşı ərəb ölkələrində Ramazan müharibəsi adlanır) ümrə ziyarətinə getmək istəyən hərbçilər Müdafiə Nazirliyinə müraciət edə bilərlər. Mətbuatda gedən başqa bir xəbərdə isə müdafiə naziri Əhməd İsmayıl Əlinin oktyabrın 8-də Rumıniyaya səfər edəcəyi bildirilirdi.

Əlbəttə, İsrail kəşfiyyatına müəyyən məlumatlar, xəbərdarlıqlar sızırdı. Amma bir tərəfdən Altıgünlük müharibədən sonra yaranan arxayınlıq, digər tərəfdən də Misirin yanıldıcı tədbirləri Təl-Əvivin bu məlumatları gözardı etməsinə səbəb oldu. Qahirə hiylə savaşını qazandı və gözlənilməzliyə nail ola bildi.

***

Hərbi əməliyyatlar misirlilərin aviasiya hücumu və şiddətli artilleriya atəşi ilə başladı. 200 təyyarə İsrailin Sinay yarımadasındakı üç aviabazasına, eləcə də Hawk zenit-raket kompleksləri batareyalarına və başqa hədəflərə zərbələr endirdi. Eyni zamanda 2000 artilleriya silahından Bar-Lev xətti atəşə tutuldu. Bu atəşin ilk dəqiqəsində 10500, başqa sözlə hər saniyə 175 mərmi atıldığı söylənilir. 53 dəqiqə davam edən atəş istehkamlara ciddi xəsarət yetirdi.


Saat 14:20-də isə misirlilər “Bədr” adı verdikləri hücum əməliyyatına başladılar. 4 min nəfərdən ibarət ilk qrup Süveyş kanalını keçərək Sinay yarımadasına qədəm basdı. Azsaylı hərbçilərin qoruduğu Bar-Lev xəttinin ilk xəttini, qum divarını tutmaq çətin olmadı və 14.35-də burada Misir bayrağı qaldırıldı. Bundan sonra əvvəlcə hər 15 dəqiqədən bir, daha sonra isə qayıqçılar yorulduqlarından daha böyük intervalla yeni qruplar kanalı keçdi. Qayıqlar vasitəsilə ümumi sayı 32 min olan 12 qrup şərq sahilinə adladı.

Buradakı qum divarı misirlilərin hücum edəcəyi təqdirdə zirehli texnikanın qarşısında ciddi maneə olmalı idi. Müharibəyə hazırlaşan Misir bu divarı necə adlamaq barədə düşünməli oldu. Nəhayət, Baki Zəki Yusif adlı kiçik rütbəli bir zabit yüksək təzyiqli su nasoslarından istifadə etməyi təklif etdi. Aparılan təcrübə ideyanın uğurlu olmasını sübut etdikdə İngiltərə və Almaniyadan çoxlu sayda su nasosları alındı.

İndi misirlilərin ilk dəstələri qum divarını tutduqdan sonra yüzlərlə nasos işə düşdü və bir neçə saat ərzində divarda zirehli texnikanın keçə biləcəyi 81 keçid açıldı. Beləliklə, israillilərin Misir hücumunu 48 saat ləngidəcəyinə ümid etdikləri sədd bir neçə saat ərzində dəf edildi. Panton körpülər vasitəsilə artıq saat 20.30-da bəzi keçidlərdən tankların və digər ağır texnikanın keçidi başladı. Birinci gün ərzində misirlilər kanalın şərq sahilində beş platsdarm tutdular.


Altıgünlük müharibədə İsrail tanklarından olduqca ağır zərbələr alan Misir indi buna qarşı da tədbir görmüşdü. Süveyş kanalını keçən piyadalar çoxlu sayda tank əleyhinə silahlarla – RPQ-7 qumbaraatanları, “Malyutka” idarəolunan raketləri ilə – təchiz olunmuşdular.

Yəhudilər ərəbləri tutduqları platsdarmlardan çıxarmaq üçün hazırlıqsız, kəşfiyyatsız tank hücumuna keçdilər. Amma həm qərb sahilindən artilleriya atəşi ilə, həm də piyadaların gen-bol təchiz edildikləri tank əleyhinə silahlar vasitəsilə ağır itkilərə məruz qaldılar. Tsahalın hər şeyin 1967-ci ildəki kimi olacağı ilə bağlı gözləntiləri özünü doğrultmadı.

Hərbi əməliyyatların getdiyi ərazi qərb sahilindəki Misir hava hücumundan müdafiə sistemlərinin nəzarəti altında olduğundan İsrail aviasiyası da hücuma keçən tank diviziyasına kömək göstərə bilmədi. Nəticədə diviziyanın 268 tankından birinci gün yalnız 103-ü salamat qaldı.

Oktyabrın 7-də səhər saatlarına qədər Misir şərq sahilinə 90 min canlı qüvvə, 850 tank və 10 mindən çox zirehli transportyor, zirehli kəşfiyyat maşını, avtomobillər keçirdi və ələ keçirdiyi əraziləri genişləndirmək üçün hücuma keçdi. Bu zaman ərəblər Süveyş kanalından çox uzağa irəliləmək fikrində deyildilər.

Misirlilərin qazandıqları bütün uğurlar hərbi əməliyyatların onların artilleriyasının və hava hücumundan müdafiə sistemlərinin nəzarət altında saxladıqları ərazidə aparılmasına görə idi. Həmin ərazidən uzaqlaşanda bu üstünlük itəcəkdi və o zaman İsrail ordusunun tank və aviasiya qüvvələrinin daha hazırlıqlı olması öz sözünü deyəcəkdi. Buna görə də misirlilər yalnız platsdarmların genişləndirilməsi və birləşdirilməsi, eləcə də əl-Qantara şəhərinin ələ keçirilməsi ilə kifayətləndilər.

Tsahalın iki tank briqadasının oktyabrın 8-də günorta saatlarında hücum cəhdi fəlakətli oldu. Misirlilər tankların irəliləməsinə əvvəl imkan verdilər, sonra onları mühasirəyə aldılar. Qısa müddət ərzində 50 tank vuruldu, 8 tank isə ələ keçirildi. Bundan sonra hücuma keçən misirlilər nəzarətlərində olan əraziləri xeyli genişləndirdilər. Bununla da Bədr əməliyyatı sona çatdı.

Bədr əməliyyatı zamanı İsrail 400 tankını və 950 əsgərini itirdi. Hər iki göstərici Altıgünlük müharibədə olduğundan çox idi. Nəticələr qısa zamanda qələbə çalacağına ümid edən İsrail hökumətini və ordu rəhbərliyini şoka saldı. Sinay yarımadasını əhatə edən Cənub hərbi dairəsinin komandanı general Şmuel Qonen heyrətlə “Bu, 1967-ci ildəki Misir ordusu deyil” söylədi. Qonenin özünü buraxdığı səhvlərə görə oktyabrın 10-da dairə komandanlığından çıxardılar, yerinə ehtiyatdan geri çağrılan Haim Bar-Lev təyin olundu.

***

Misir ilə eyni vaxtda hərbi əməliyyatlara başlayan Suriya Qolan təpələrinə doğru hücuma keçdi. Amma ərəblər həm canlı qüvvə, həm texnika baxımından 3:1 nisbətində üstün olsalar da burada ciddi uğurlar qazana bilmədilər. Bunun bir səbəbi də o idi ki, Süveyşdən fərqli olaraq, Qolan təpələri İsrail ərazilərinin bilavasitə yaxınlığında idi və Tsahal rəhbərliyi ilk növbədə buraya diqqət ayırdı.

İsrail Sinay yarımadasında yetərincə geniş əraziləri itirməyi özünə rəva görə bilərdi, ancaq Qolan təpələrində bunu edə bilməzdi. Buradan ölkənin içərilərinə doğru cəmi bir-iki saatlıq məsafə vardı. Buna görə də ehtiyatdan çağrılan hərbçilər ilk növbədə suriyalılara qarşı göndərildilər. Oktyabrın 8-də Suriya ordusunun hücumu dayandırıldı, iki gün sonra isə onlar Altıgünlük müharibədən sonrakı təmas xəttinin arxasına sıxışdırıldılar.

***

Suriyalıları müharibənin ilk günlərində tutduqları ərazilərin çoxundan çıxaran İsrailin siyasi və hərbi rəhbərliyi bununla kifayətlənərək müdafiə olunmağı, yoxsa Suriyanın içərilərinə doğru hücum etməyi götür-qoy etdi. İştirakçıların bəziləri İsrail sərhədinin yaxınlığında yerləşən Dəməşq üzərinə getməyi və Suriyanın təsliminə nail olmağı təklif etdi. Digərləri isə hücum zamanı itkilərin böyük olacağını əsas gətirərək müdafiə ilə kifayətlənməyi məsləhət gördülər.

Baş nazir Qolda Meir siyasi qərar qəbul etməli oldu. İsrail Misir cəbhəsində ərazi itirmişdi, geri almaq hələ ki, mümkünsüz görünürdü, Suriya cəbhəsində müdafiəyə çəkilmək əvvəlki status-kvonun bərpası ilə razılaşmaq idi. Əgər BMT-nin, ya da böyük dövlətlərin təzyiqi ilə hərbi əməliyyatlar yaxın günlərdə dayanardısa, bu, məğlubiyyət demək olacaqdı. Ona görə də Suriya cəbhəsində hücuma keçmək qərara alındı.

Oktyabrın 11-də başlayan hücum 4 gün ərzində uğurla davam etdi və Tsahal qüvvələri Dəməşqin 40 kilometrliyinə qədər irəlilədilər. Suriyanın məğlubiyyət astanasında olduğunu görən İraq və İordaniya öz qoşunlarını köməyə göndərdi. İordaniya kralı Hüseyn İsraillə döyüşmək istəmirdi, amma həm ölkəsindəki, həm ərəb dünyasındakı basqıya boyun əydi. O, hətta amerikalılar vasitəsilə İsrailə üzrxahlıq göndərdi.

Suriya SSRİ-dən də kömək istədi. Amma Moskva itirilmiş texnikanı kompensasiya etməklə kifayətlənərək canlı qüvvə göndərməkdən boyun qaçırdı. Əvəzində Fidel Kastro (bəzi ehtimallara görə, Moskvanın təklifi ilə) 3 minə qədər Kuba hərbçisini göndərdi. Bu qüvvələr oktyabrın 14-də israillilərin hücumunu dayandıra bildilər. Həmin gündən sonra əsas hadisələr yenə Sinayda cərəyan etdi.

***

İstər müharibədən əvvəl, istərsə də müharibənin ilk günlərində Misir rəhbərliyinin Sinay yarımadasının içərilərinə doğru irəliləmək kimi planı yox idi. Onlar anlayırdılar ki, ilkin uğurlara görə, Süveyş kanalının qərb sahilində yerləşən artilleriya və hava hücumundan müdafiə sistemlərinə borcludurlar . Əgər daha irəliyə gedilərdisə, bu qoruyucu çətirdən məhrum olacaqdılar və o zaman İsrail ordusunun aviasiyasının və tank qoşunlarının üstünlüyü özünü göstərəcək.

Amma ilk günlərin uğuru prezident Ənvər Sadatı həvəsləndirdi və o, ilkin planın əksinə olaraq daha irəli getmək istədi. Digər tərəfdən misirlilərin ilkin planından xəbəri olmayan Hafiz Əsəd də müttəfiqindən hücuma keçərək Suriyanın işini yüngüşlləşdirməyi tələb edirdi. Misir ordusunun Baş qərargah rəisi Səəd əl-Şəzli hücum planının qəti əleyhinə çıxsa da, sonda prezidentin iradəsinə tabe oldu.

Oktyabrın 14-də səhər tezdən Misir ordusu Sinay yarımadasının şimalında üç, cənubunda da üç olmaqla altı istiqamətdə hücuma keçdi. Əməliyyat gözlənildiyi kimi fiasko ilə nəticələndi. Çünki indi bütün üstünlüklər yəhudilərin tərəfində idi. Onlar münasib mövqe seçərək ərəblərin yaxınlaşmasını gözləyirdilər.

İsrail tankları təpələrin arxa tərəfində elə mövqedə durmuşdular ki, onların yalnız qülləsi və lüləsi görünürdü. Belə halda onları vurmaq xeyli çətin idi. Bundan əlavə, onlar bir-iki atəş açandan sonra təpədən aşağı düşür və yerlərini dəyişirdilər. Misir tankları isə səhra boyu ovuc içindəki kimi irəliləyirdilər.

Altıgünlük müharibədən sonra İsraildə tank qoşunlarına çox, hətta piyada qoşunlarının zərərinə olacaq qədər önəm verilirdi. İndi müxtəlif istiqamətlərdə baş verən döyüşlərdə tankçıların yüksək hazırlığı, xüsusən də sərrast atıcılıq qabiliyyəti öz sözünü dedi. Həm də dayanan yerdə sərrast atəş açmaq hərəkət zamanı olduğundan daha asandır.

Digər tərəfdən, Misir tanklarının əksəriyyətini təşkil edən T-55 tankları öz göstəricilərinə görə Tsahalın Magach-3 tanklarına uduzurdular. Sonuncular daha uzaq məsafədən və daha böyük kalibrli mərmilərlə atəş açırdı. Magach-3 ilə rəqabət təşkil edə biləcək T-62 tankları isə daha az idi.

Oktyabrın 14-də Misir ordusu müxtəlif mənbələrə əsasən 200-264 tank və 200 ədəd digər zirehli texnika itirdi. İsrailin itkiləri isə 50-150 tank, 60 digər texnika idi. Qarşılarına qoyduqları məqsədə nail ola bilməyən ərəblər yeniən əvvəlki mövqelərinə, “raket çətiri”nin altına qayıtdılar.

***

Misirlilərin uğursuz hücum cəhdinin ertəsi günü, oktyabrın 15 Tsahal “Abirey-lev” (Cəsurlar) əməliyyatına başlayaraq hücuma keçdi. Süveyş kanalının qərb sahilinə keçərək şərq sahilindəki Misir qüvvələrinin təchizatını kəsmək məqsədi güdən hücuma avanqard olaraq Ariel Şaronun rəhbərlik etdiyi bir tank diviziyası, eləcə də daha 3 tank və 1 desant briqadası, mühəndis hissələri başladı. Zərbə Misir müdafiəsinin zəif yerindən – 2-ci və 3-cü orduların mövqelərinin arasından endirildi.

Böyük Acı gölün yaxınlığında yerləşən “Çin ferması” adlı yerdə İkinci dünya müharibəsindən sonra ən böyük tank döyüşü baş verdi. Misirlilər də, israillilər də inanılmaz fədakarlıqla 60 saat gecə və gündüz döyüşdülər. Sonda Misir müdafiəsi yarıldı və israillilər Süveyş kanalı sahilinə çıxa bildilər. Oktyabrın 17-də saat 16.00 ərəfəsində kanal üzərindən ilk ponton körpü salındı və şiddətli atəş altında qərb sahilinə keçid başladı (diversiya məqsədi güdən yüzlərlə desantçı hələ oktyabrın 15-də qayıqlarla qərb sahilinə keçmişdilər).

İsraillilərin keçidinin qarşısını almağa çalışan əl-Şəzli 25-ci tank briqadasına Sinay yarımadasının cənubundan şimala doğru hərəkət edərək 2-ci orduya köməyə gəlməyi əmr etdi. Bu hərəkətdən kəşfiyyat vasitəsilə xəbər tutan israillilər pusqu qurdular. Mühasirəyə düşən briqadanın malik olduğu 94 ədəd T-62 tankından ən azı 60-ı vuruldu. Yəhudilər isə cəmi 3 tank itirdilər.

Diversiya qrupları Misirin qərb sahilindəki xeyli zenit-raket komplekslərini məhv etdilər. Digərlərini qorumaq üçün isə Misir generaliteti ölkənin daha içərilərinə doğru çəkdi. Bununla da İsrail aviasiyası daha sərbəst hərəkət etmək imkanı qazandı.

Qərb sahilinə keçən İsrail qüvvələri Misirin 2-ci və 3-cü ordularının təchizatında mühüm rol oynayan İsmailiyyə şəhərini ələ keçirmək üçün hücuma keçdilər. Amma dörd gün davam edən ağır döyüşlərdən sonra da şəhər alınmadı.


Oktyabrın 22-də BMT Təhlükəsizik Şurası Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək və atəşkəsə çağıracaqdı. Müzakirəyə çıxarılan qətnamənin mətni iki gün əvvəl ABŞ-ın yeni dövlət katibi Henri Kissincerin Moskva səfəri zamanı sovet rəhbərliyi ilə razılaşdırılmışdı.

Sənəddən xəbəri olan israillilər Suriya cəbhəsində itirdikləri əhəmiyyətli strateji yüksəkliyi – Hermon dağını almaq üçün hücuma keçdilər. Suriyalıların kəskin müqavimətinə və əlverişsiz relyefə baxmayaraq, 56 nəfər itki verən israillilər yüksəkliyi ələ keçirə bildilər.

Həmin gün BMT TŞ demək olar ki, yekdilliklə qəbul etdiyi (TŞ-nın 15 üzvündən 14-ü lehinə səs verdi, yalnız Çin səsvermədə iştirak etmədi) 338 saylı qətnamə atəşin dərhal dayandırılmasını və tərəflərin tutduqları ərazilərdə dayanmasını tələb edirdi. Sənədin ikinci maddəsi 1967-ci ildə qəbul edilən 242 saylı qətnamənin icrasına – işğal olunan bütün ərazilərin qaytarılmasına, regiondakı bütün dövlətlərin suverenliyini tanımağa çağırırdı.

Misir və İsrail qətnaməni qəbul etmələrinə baxmayaraq, bu cəbhədə hərbi əməliyyatlar bir neçə gün davam etdi. Tərəflər atəşin pozulmasına görə bir-birini ittiham edirdi. SSRİ və ABŞ-ın qətiyyətli israrından, eləcə də BMT-nin 339 saylı daha bir qətnaməsindən sonra hərbi əməliyyatlar dayandırıldı və dördüncü Ərəb-İsrail müharibəsi sona çatdı.

1974-cü il yanvarın 18-də Misir və İsrail arasında imzalanan razılaşmaya əsasən tərəflər müharibə zamanı tutduqları ərazilərdən geri çəkildilər. Misir qüvvələri Süveyş kanalının şərq sahilini, israillilər isə qərb sahilini tərk etdilər. Bundan əlavə, İsrail kanaldan təxminən 10 km məsafədə hərbi qüvvə saxlamayacqdı.

Suriya ilə danışıqlar isə daha çətin keçdi və yalnız mayın 31-də razılaşma imzalandı. Sənəd əsirlərin mübadiləsini (yəhudi əsirlərin Suriya və Misir tərəfindən qətllərə, işgəncələrə və qeyri-insani rəftara məruz qalmaları haqqında çoxlu faktlar var), İsrailin müharibədən əvvəlki təmas xəttinin arxasına çəkilməsini və BMT-nin nəzarət edəcəyi bufer zonasının yaradılmasını nəzərdə tuturdu.

Misir və İsrail arasında sülh müqaviləsi 1979-cu il martın 26-da Vaşinqtonda imzalandı. Bu haqda “Ənvər Sadat: sülhün qurbanı” adlı məqaləmdə ətraflı bəhs edilir.

Suriya ilə sülh müqaviləsi isə imzalanmadı, Dəməşq indiyə qədər İsrail dövlətini tanımır. Suriya ərazisi olan Qolan təpələrinin çox hissəsi hələ də Təl-Əvivin nəzarətindədir. Knessetin 1981-ci ildə qəbul etdiyi “Qolan təpələri haqqında qanun” İsrailin suverenliyini bu əraziyə şamil edir. Qanunda “ilhaq” sözü işlənməsə də, beynəlxalq birlik bu qanunu ilhaq cəhdi kimi qəbul edir və tanımır (ABŞ-dan savayı).

***

Yom-Kippur müharibəsi İsrailin qələbəsi ilə yekunlaşdı. Amma bu qələbə Altıgünlük müharibədə olduğu kimi qəti və şəksiz deyildi. Ərəblər bu dəfə ləyaqətlə müqavimət göstərə bildilər və bəzi döyüşlərdə (Misir Bədr əməliyyatında və İsmayılliyənin müdafiəsində, Suriya Qolan təpələrinə hücumda və tutduqları Hermon dağına İsrailin oktyabrın 8-də ilk hücumunu dəf etməklə) qələbə qazandılar.

İsrailin 3 minə yaxın (bəzi mənbələrə görə, 3 mindən çox) hərbçisi həlak oldu. 102 təyyarəyə, 840 tank və 400 ətrafında zirehli transportyor itirildi. Bu, Altıgünlük müharibə ilə müqayisədə çox böyük itki idi və İsrail cəmiyyətində böyük şok yaşatdı.

Ərəb ölkələrinin itkiləri barədə dəqiq informasiya yoxdur, bəzi qiymənləndirmələrə görə, 9000-18500 canlı qüvvə, 1000-dən çox tank, 500 digər zirehli texnika, 350-500 təyyarə itirilib. Buna baxmayaraq, 6 oktyabr həm Misirdə, həm Suriyada bayram kimi qeyd olunur. Hesab edilir ki, Altıgünlük müharibədəki biabırçılıqdan sonra həmin gün ərəblərin qüruru bərpa olunub.

Misirdə bir çox yerlərə 6 oktyabr və 10 ramazan (hicri-qəməri təqvimi ilə müharibənin başlanması bu günə düşmüşdü) adları verildi. Hətta Qahirə yaxınlığında bu adlarla iki peyk şəhər salındı. Həmin gün Misirdə Hərbi qüvvələr günü kimi qeyd olunur və hərbi parad keçirilir. 1981-ci ildə məhz belə bir parad zamanı prezident Ənvər Sadat İsraillə sülh müqaviləsini qəbul etməyən sui-qəsdçilər tərəfindən öldürüldü.

***

Müharibəyə qəfil yaxalanmaqla və ağır itkilərlə bağlı suallar İsrail cəmiyyətini narahat etdiyindən 1973-cü ilin noyabrında Ali məhkəmənin sədri Şimon Aqranatın başçılığı altında xüsusi komissiya yaradıldı. Ali məhkəmənin daha bir hakiminin, bir dövlət məmurunun və Tsahalın iki keçmiş Baş qərargah rəisinin üzv olduqları komissiya müharibədən əvvəl və müharibə vaxtı hökumətin və ordu rəhbərliyinin fəaliyyətini araşdırdı.

Bu arada oktyabrda keçirilməli olan, amma savaş səbəbindən təxirə salınaraq dekabrın 31-də keçirilən seçkilər hökumətin reytinqinin hələ yüksək olduğunu göstərdi. Hakim Maarax partiyası 1969-cu il seçkiləri ilə müqayisədə 6,6% səs və 5 mandat itirsə də, 39,6% səs toplayaraq yenə birinci oldu və Qolda Meir təkrar baş nazir seçildi.

Aqranat komissiyası isə özünün aralıq hesabatını 1974-cü il aprelin 1-də açıqladı. Komissiya uğursuzluqlara görə 6 nəfəri günahkar sayırdı və onların vəzifədən uzaqlaşdırılmalarını tövsiyə edirdi: Baş qərargah rəisi David Elazar, hərbi kəşfiyyatın rəisi Eli Zeyra və onun müavini Arye Şalev, hərbi kəşfiyyatın Misir şöbəsinin rəisi Yon Bandman, Cənub hərbi dairəsinin kəşfiyyat rəisi Devid Qedaliya, Cənub hərbi dairəsinin əvvəlcə komandanı, sonra isə qərargah rəisi Şmuel Qonen.

Komissiya nə baş nazir Qolda Meiri, nə də müdafiə naziri Moşe Dayanı günahkar saymadı. Buna baxmayaraq, ölkədə etiraz aksiyaları genişləndi. Bu aksiyalara Motti Aşkenazi adlı ehtiyatda olan kapitan başçılıq edirdi. O, Bar-Lev xəttində misirlilərin tuta bilmədikləri yeganə möhkəmləndirilmiş məntəqənin (“Budapeşt” adlı) komandiri olmuşdu. Etirazlar aprelin 11-də Qolda Meirin, ardınca da bütün hökumətin istefası ilə nəticələndi.

Burada Altıgünlük müharibə zamanı Misirdə baş verən hadisələrlə paralel aparmaq yerinə düşür. Son dərəcə biabırçı məğlubiyyətə uğrayan Misirin prezidenti Camal Əbdül Nasir istefa verdiyini elan etdikdə yüzminlərlə insan küçələrə çıxaraq vəzifədə qalmasını istədilər. İsraildə isə çətin qələbə qazanan hökumət istefaya göndərildi.

***

Yom-Kippur müharibəsinin daha bir nəticəsi neft böhranı oldu. Altıgünlük müharibədən fərqli olaraq, bu dəfə ABŞ birmənalı şəkildə İsraili dəstəklədi. SSRİ Misir və Suriyanın itkilərini kompensasiya etməyə başlayan gün amerikalılar da “Nickel Grass” əməliyyatına başladılar. Həmin əməliyyat çərçivəsində İsrailə 22 min tondan artıq hərbi texnika, silah və sursat göndərildi.

Bu addıma cavab olaraq neft istehsal edən ərəb ölkələri İsraili dəstəkləyən ölkələrə (ABŞ, Böyük Britaniya, Kanada, Niderland və Yaponiya) qarşı neft embarqosu tətbiq etdilər. Daha sonra bu siyahıya Portuqaliya, Cənubi Afrika Respublikası və Rodeziya da əlavə olundu. Nəticədə neftin barrelinin qiyməti 3 dollardan 12 dollara qalxdı.

Embarqo cəmi 5 ay davam etdi, amma uzaqgedən fəsadları oldu ki, onlar bu məqalənin mövzusu deyillər. Təkcə onu deyim ki, sözügedən neft embarqosu, eləcə də 1979-cu ildə İran İslam inqilabından sonrakı neft böhranı nəticəsində SSRİ dünyanın ən böyük neft ixracatçısına çevrildi, sovet iqtisadiyyatının neftdən asılılığı gücləndi. 1980-ci illərdə neftin kəskin ucuzlaşması isə iqtisadi kollapsa apardı və SSRİ-nin çöküşünün səbəblərindən biri oldu.
yadigar-sadiqli.livejournal.com
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]