İnsan ədaləti itirəndə, əslində, içindəki insanlıq ölür.
Dünən, 17:57

Dünən Azərsell mağazasında maraqlı bir hadisənin şahidi oldum.
Cənub bölgəsindən olduğu aydın görünən yaşlı bir qadın gəlmişdi. Deyirdi ki, telefon nömrəsini ləğv etmək istəyir, yerinə yenisini alsın.
Azərsell işçisi ona dedi ki, köhnə nömrəni bağlamaq üçün 20 manat ödəməlidir.
Qadın başını aşağı saldı, beli bükülmüş halda dedi:
– Mən o qədər pul verə bilmərəm. Limon satıram, onunla dolanıram...
Sonda işçilər dedilər ki, 20 manat ödəməyə ehtiyac yoxdur. Nömrəni pulsuz bağladılar.
Qadın sevindi. Təşəkkür etdi.
Amma əsas məsələ bundan sonra başladı.
Qadın cibindən pul çıxardı. Uzun-uzadı saydı. İçindən bir 5 manatlıq ayırdı, işçiyə uzatdı.
Dedi:
– Mən Kərbəlanı ziyarət etmişəm. İmam Hüseyn sizə kömək olsun. 20 manat verə bilmədim, amma bunu götürün, halal xoşunuz olsun.
İşçilər pulu götürmək istəmədilər.
Qadın isə təkid edirdi. Hətta öz-özünə deyinirdi:
– Kaş limonların hamısını satmayaydım... 2-3 limon da üstündə verərdim...
Pulu götürdülər, ya yox, onu görmədim. Açığı, bu o qədər də vacib deyil.
Vacib olan başqa şeydir.
Bizim insan belədir. Onun işini görəndə mütləq nəsə vermək istəyir. Verməyəndə özünü narahat hiss edir. Sanki içi rahat olmur. Yəni “görüm-baxım” bizim qanımızdadır.
Hətta o kasıb qadın belə, güclə qazandığı pulu zorla verməyə çalışırdı.
Problem isə başqa yerdədir.
Bu hissdən istifadə edənlər var.
5 manatlıq iş üçün 20 manat istəyənlər.
20 manatlıq iş üçün 200 manat alanlar.
Hətta 2000 manat istəyənlər də var.
İnsanları narazı salan budur — acgözlük, ölçünü bilməmək.
Yoxsa bizim xalq xırda təşəkkürü “hörmət” kimi qəbul edir.
Bir misal da deyim.
Bir uşaq pişiyini satmaq üçün elan verir. Kimsə zəng edir, deyir:
– Kartını at, pul göndərim, pişiyi saxla, gəlib götürəcəm.
Pul göndərilir.
Sonra uşaq fikirləşir ki, zəng vuranı bloka atsın, pul da qalsın, pişik də.
Elə də edir.
Amma nəticə ağır olur. Şikayət olunur və sonda ailə 50 manata görə 8 min manat ödəyir.
Bu artıq “hörmət” deyil.
Bu, ədalətsizlikdir.
Deyək ki, 200-300 manat cərimə olardı — bəlkə başa düşmək olardı.
Amma 8 min manat kasıb ailə üçün illərlə yığılacaq puldur.
Bu, artıq başqa məsələdir.
Ona görə bir şeyi unutmayaq:
Heç vaxt ədalət hissini itirməyək.
İnsan ədaləti itirəndə, əslində, içindəki insanlıq ölür.
Sonra var-dövlətin çox ola bilər.
Amma artıq sən əvvəlki insan deyilsən.
Elbeyi Hesenli
TEREF

