Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər

Bu gün, 07:34           
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? –
Azərbaycanda ət bazarında qiymət artımı və idxaldan asılılığın güclənməsi son dövrlərdə daha qabarıq şəkildə özünü göstərir. Rəsmi statistika da təsdiqləyir ki, daxili istehsal tələbatı tam ödəyə bilmir və nəticədə xaricdən gətirilən ət məhsullarının payı artır. Bu isə həm qiymətlərin formalaşmasına, həm də ərzaq təhlükəsizliyi məsələlərinə birbaşa təsir edir.

Mövzu barədə açıqlamasında iqtisadçı Əkrəm Həsənov bildirib ki, ətin bahalaşmasının əsas səbəbi ölkədə sağlam biznes mühitinin formalaşmaması və kənd təsərrüfatı potensialından düzgün istifadə edilməməsidir:

“Azərbaycanda ətin qiymətinin qalxması və idxala ehtiyac yaranması ölkədə sahibkarlıq üçün əlverişli şəraitin olmadığının göstəricisidir. Bu səbəbdən kənd təsərrüfatı lazımi səviyyədə inkişaf etmir. Məmurlar “görməmiş” kimi rayonlarda torpaq sahələrini alaraq boş saxlayırlar. Nəticədə real fermer təsərrüfatdan səmərəli istifadə edə bilmir. Beləliklə, daxili istehsal azalır, idxala ehtiyac yaranır ki, bu da təbii olaraq qiymət artımına gətirib çıxarır”.

İqtisadçı əlavə edib ki, torpaq resurslarından qeyri-səmərəli istifadə və aqrar sektorda rəqabət mühitinin zəifliyi əsas problemlərdən biridir. Onun sözlərinə görə, real fermerlər üçün maliyyə resurslarının əlçatan olmaması, subsidiyaların qeyri-effektiv bölgüsü və bazara çıxış imkanlarının məhdudluğu istehsalın artmasına mane olur:

“Əslində, Azərbaycanda həm iqlim, həm də torpaq baxımından heyvandarlığın inkişafı üçün kifayət qədər potensial var. Amma bu potensialdan düzgün istifadə olunmur. Fermerlər üçün real şərait yaradılmadıqca, onların fəaliyyətinə kənar müdaxilələr azaldılmadıqca, bu sahədə ciddi irəliləyiş gözləmək çətindir”

Əkrəm Həsənovun fikrincə, idxaldan asılılığın artması daxili bazarı xarici təsirlərə qarşı həssas edir. Belə ki, dünya bazarında qiymətlərin dəyişməsi, logistika xərclərinin artması və ya tədarük zəncirində yaranan problemlər birbaşa Azərbaycan bazarına ötürülür.

İqtisadçı hesab edir ki, problemin həlli üçün kompleks yanaşma tələb olunur və ilk növbədə qanunun aliliyi təmin edilməlidir:

“Azərbaycanda normal biznes mühiti yaratmaq lazımdır. Bu elə bir sahədir ki, insanlara sərbəstlik verilməli, qanunlar hər kəs üçün bərabər tətbiq olunmalıdır ki, hər kəs çəkinmədən kənd təsərrüfatı ilə məşğul ola bilsin”./yenicag.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru