Maaşımız artmasa da, əsas odur ki, havada nə vaxtsa başımıza bir iş gəlsə, biz artıq peşəkarıq və sertifikatımız da var.

Bu gün, 00:00           
Maaşımız artmasa da, əsas odur ki, havada nə vaxtsa başımıza bir iş gəlsə, biz artıq peşəkarıq və sertifikatımız da var.
Mən Neft Daşlarının fəhlə ordusunun bir üzvü olaraq, uzun zamandır SOCAR-ın tətbiq etdiyi bəzi innovativ addımlara bir qədər bədgüman və bəlkə də sadəlövhcəsinə yanaşırdım. Bilirsiniz, biz artıq o köhnə, şan-şöhrətli günlərdəki kimi dənizin ortasına vertolyotla qonmuruq. Sağ olsun "Qara Qarayev" gəmisi və "MPK"lar bizi ləpələrin qoynunda aramla mənzil başına çatdırır. Ancaq buna baxmayaraq, SOCAR-ın baş ofisi böyük bir fədakarlıqla biz fəhlələri BOSIET kurslarına göndərir, orada hava nəqliyyatının suya qəza enişi zamanı necə sağ qalmağın həyati vacib simulyasiyalarını öyrədir.
​Açığı, daxili bazarda inflyasiyanın hər addımda hiss olunduğu, fəhlə maaşlarının isə son 6 ildir ki, stabil bir sükunət içində – sanki buz bağlamış kimi (hidrat) – yerində saydığı bir vaxtda, bu kurslar mənə bir qədər "yersiz israf" kimi görünürdü. SOCAR-ın hər yerdə qənaət və optimallaşdırma siyasəti yürütdüyü bir dövrdə, heç vaxt minmədiyimiz vertolyotun qəza təlimlərinə, sertifikat müddəti cəmi 5 il olan bu bahalı dərslərə külli miqdarda vəsait ayırması məndə bəzi şübhələr oyatmışdı. Hətta günah işlədib belə düşünürdüm ki, bəlkə burada kimlərinsə maddi maraqları var, bəlkə beynəlxalq standart adı altında büdcə sadəcə əridilir.
​Lakin bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında bileti alıb gözləmə zalında əyləşəndə başa düşdüm ki, artıq o həmin şübhəli fəhlə deyiləm. Pəncərədən o əzəmətli təyyarələri seyr edərkən SOCAR Baş Ofisinin uzaqgörənliyini və onun haqqına necə girdiyimi bütün varlığımla hiss etdim və dərindən sarsıldım. Xəcalət cəkdim. Sən demə, şirkətimizin bəzi peşəkarları bizi təkcə dənizin ortasında işləyərkən deyil, mülki həyatımızda, hətta məzuniyyətə gedəndə belə düşünürmüş! Axı təyyarələr də dəniz üzərindən uçur, deməli, mən şəxsi səfərimdə okeana düşsəm, SOCAR-ın o əzəmətli BOSIET təlimləri sayəsində sudan quru çıxacağam.
​Bu dahi strategiyanı, bu yüksək qayğını vaxtında dərk etmədiyim üçün SOCAR-ın Baş Ofisindən səmimi qəlbdən üzr istəyirəm. Maaşımız artmasa da, əsas odur ki, havada nə vaxtsa başımıza bir iş gəlsə, biz artıq peşəkarıq və sertifikatımız da var. Məni bağışlayın, çünki mən sadəcə bir fəhləyəm, o nəhəng və məntiqlə dolu optimallaşdırma siyasətinizin dərinliyini dərhal qavraya bilməmişəm.
Uşaq olmuşam - bilməmişəm.
Raj Karimov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru