Bakının 800 min manatlıq "qızıl" əraziləri
Bu gün, 10:44

Bakıda boş torpaq sahəsi tapmaq getdikcə çətinləşir, tapılanların qiyməti isə fantastikdir. Paytaxtın mərkəzində bir sot torpağın qiymətinin lüks mənzil qiymətləri ilə yarışması daşınmaz əmlak bazarındakı yeni reallığın göstəricisidir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, torpaqlar əslində daşınmaz əmlakın fərqli bir növüdür və eyni zamanda tükənən resurs hesab olunur.
"Mənzil fondu və ticarət obyektləri istənilən vaxt yenidən tikilə bildiyi halda, torpaq məhdud və dəyişməz resursdur. Məhz bu səbəbdən torpaq bazarında özünəməxsus dinamika formalaşır və qiyməti əsasən tələbat müəyyən edir. Nəzərə alsaq ki, Bakı şəhəri sürətlə genişlənir, torpaq qiymətlərində ən yüksək artım da məhz bu ərazi üzrə müşahidə olunur. Məsələn, şəhərin mərkəzi hissələrində artıq bir sot torpağın qiyməti 800 min manata qədər təklif olunur. Bu göstəricilər daha çox bazarda formalaşan təkliflərə əsaslanır və hər zaman real alıcı ilə uyğun gəlməyə bilər. Şəhərətrafı ərazilərdə də qiymətlər yüksəkdir. Burada bir sot torpağın qiyməti 500 min manata qədər çata bilir, xüsusilə kommersiya təyinatlı torpaqlarda. Eyni zamanda şəhərsalma və tikinti normaları da qiymətlərə birbaşa təsir edir. Əvvəllər bir sot torpaqda daha böyük yaşayış kompleksləri tikmək mümkün idisə, indi bu normativlər məhdudlaşdırılıb. Bu isə gəlirliliyi azaltsa da, tələbatın yüksək olması qiymətləri yenə də artırır. Şəhərin mərkəzi və mərkəzətrafı ərazilərində kommersiya təyinatlı boş torpaq tapmaq demək olar ki, mümkün deyil".
Ekspert bildirib ki, hazırda əsas tələbat fərdi ev tikintisinə yönəlib.
"Şəhərə nə qədər yaxın ərazi olarsa, qiymət də bir o qədər yüksək olur. Məsələn, fərdi ev tikintisi üçün Badamdar ərazisi hələ də aktualdır. Burada bir sot torpağın qiyməti təxminən 35 min manatdan 150 min manata qədər dəyişir. Yol kənarı və daha əlverişli mövqelərdə olan sahələr daha bahalı, nisbətən ucqar yerlər isə daha ucuzdur. İkinci kateqoriyada şəhərətrafı qəsəbələr dayanır. Bu ərazilərdə təklif az olduğuna görə qiymətlər də müxtəlifdir və bir sot torpaq təxminən 50 min manatdan başlayır. Bundan aşağı qiymətə torpaq tapmaq çətinləşib. Yeddi, səkkiz, doqquz zonaları kimi Bakıətrafı qəsəbələr isə sürətlə inkişaf edən ərazilərdir. Yaşayış təyinatlı torpaqlarda qiymət artımı ümumilikdə davam edir. Son illərdə xüsusilə mənzil bazarında ciddi bahalaşma müşahidə olunub. 2021–2026-cı illər arasında ilkin mənzil bazarında təxminən 70–75 faiz artım qeydə alınıb. Torpaq bazarında isə bu artım daha fərqli dinamikaya malikdir".
Onun sözlərinə görə, tələbatın yüksək, təklifin isə məhdud olduğu yerlərdə qiymət artımı daha sürətli gedir.
"Son illərdə torpaqlarda ən kəskin bahalaşma bəzi yeni inkişaf edən ərazilərdə müşahidə olunub və illik artım bəzi hallarda 50 faizə qədər yüksəlib. Bu artım əsasən infrastrukturun inkişafı və yeni yaşayış layihələrinin həyata keçirilməsi ilə bağlıdır. Prestij zonalar sayılan Mərdəkan, Şüvəlan, Buzovna və Bilgəh kimi ərazilərdə də torpaq təklifi çox məhduddur. Burada bir sot torpağın qiyməti təxminən 35–60 min manat aralığında dəyişir. Yol kənarında, kommersiya təyinatlı sahələrdə isə qiymət 100 min manata qədər yüksələ bilir. Ümumilikdə torpaq investisiya baxımından əlverişli hesab olunur. Burada əsas məsələ perspektivin düzgün qiymətləndirilməsidir. Sea Breeze, Mərdəkan, Buzovna kimi inkişaf edən ərazilər hazırda daha çox diqqət çəkir. Digər zonalarda isə hazırda inkişaf tempi nisbətən zəif olsa da, gələcəkdə yol infrastrukturu, yeni metro xətləri, yolötürücülərin tikintisi və sənaye zonalarının yaşayış ərazilərinə çevrilməsi kimi amillər bu bölgələrin də investisiya dəyərini artıra bilər".

