Qızılbaş dövlətində "Xəlifələr xəlifəsi" titulu. Onun vəzifəsi nə idi?

8-11-2025, 09:04           
Qızılbaş dövlətində "Xəlifələr xəlifəsi" titulu. Onun vəzifəsi nə idi?
Səfəvi təriqət ənənəsinə görə, “Xəlifət əl-Xüləfa” təriqət vəzifələri sıralamasında ikinci yüksək məqam hesab olunurdu. Təriqət ənənələrini hakimiyyətə daşıyan Qızılbaş hakimiyyətinin ilk dövrlərində bu institut böyük nüfuz və siyasi çəkiyə malik idi.
Xəlifələrin başçısı olan Xəlifət əl-Xüləfa bu vəzifəyə bir qayda olaraq Şah fərmanı ilə təyin olunurdu və mürşidi-kamilin, yəni şahın təriqət məsələləri üzrə köməkçisi sayılırdı. Səfəvi dövlətində ilk Xəlifət əl-Xüləfa vəzifəsinə Şah İsmayılın ən yaxınında olan 7 nəfərdən biri Xadim Bəy Talış təyin olunmuşdu.
Şah Abbasın zamanına qədər davam etmiş bu vəzifəyə bir qayda olaraq həmişə müəyyən xidmətləri olan, şaha yaxın və etimadı ilə seçilən Qızılbaş sufiləri içərisindən seçilmiş şəxslər təyin olunurdu.
Tarixi mənbələrdə Şah Təhmasibin hicri 945-ci ildə (miladi 1538-39) Mövlanə Rəziəddin Məhəmmədi Xəlifət əl-Xüləfa təyin etməsi barədə fərman imzalayıb.
Bu fərmanda xəlifət əl-xüləfanın səlahiyyətləri sadalanır.
Fərmanda göstərilir ki, xəlifət əl-xüləfa dini yığıncaqlar keçirməli, əhalini pis işlərdən çəkindirməli, məscidləri, mədrəsələri, təkyələri, müqəddəs məzarları təmir etdirməli, müsəlmanları dini vəzifələri yerinə yetirməyə yönəltməlidir. Fərmanın sonunda göstərilir ki, hörmətli seyidlər, qazılar, hakimlər, vəzirlər, kələntərlər və digər şəxslər ondan başqa hökm tələb etməsinlər.
Ancaq sonrakı illərdə mərkəzləşmiş dövlətin güclənməsi üçün atılan addımlar, bürokratik aparatın formalaşması, şiə üləmasının güclənməsi kimi amillər xəlifət əl-xüləfanın dövlət yanında nüfuzunun azalmasına, xəlifəlik institutunun gücünün zəifləməsinə səbəb oldu.
Xəlifət əl-xüləfanın gözdən düşməsinin ilk hadisəsi 2-ci Şah İsmayılın xəlifət əl-xüləfa Hüseyn bəy Rumlu ilə münaqişəsi və nəticədə Rumlunun gözləri kor edilir. 1-ci Şah Abbas zamanında isə sonuncu xəlifət əl-xüləfa edam edilərək bununla da əslində dövlətdəki sufilərin rolu minimuma endirilir.
İstinad: Əsgər Əhməd, “Səfəvilər dövründə din və dini münasibətlər” əsərindən
Kənan Rövşənoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru