İstanbul məhkəməsi Boğazdakı 200 illik malikanəni rus diplomatın varislərinə verdi - FOTO
2-11-2025, 16:04

Bir malikanənin film kimi tarixçəsi
Türkiyənin İstanbul məhkəməsi, Boğaz sahilinin elit bölgəsində — Tarabya ərazisində yerləşən, təxminən 10 hektar sahəsi və 200 illik tarixi olan bir malikanənin hüququnu Çar Rusiyası diplomatı Nikolay İsveçin (Nikolai Ivanovitch Swetchine) varislərinə qaytarıb.
Valyuta.Az-ın verdiyi xəbərə görə, bu qərar, 2004-cü ildən bəri 17 il davam edən məhkəmə çəkişməsinə son qoyub.
Malikanənin hazırkı bazar dəyəri, 2022-ci ildə aparılan ekspertizaya əsasən 300 milyon TL, bəzi mənbələrə görə isə 1,5 milyard dollara qədər qiymətləndirilir.
19-cu əsrdən günümüzə uzanan mülkiyyət mübahisəsi
Malikanənin tarixi 1841-ci ildən başlayır. O dövrdə Fransız səfirliyinin tərcüməçisi Mösyö Leon Auguste Landevoisinin həyat yoldaşı Madam Yakomenin qızı Heme Landevoisin villanı Hristaki Efendidən satın almışdı. 1868-ci ildə isə villa Nikolay İsveçin tərəfindən 400 min quruşa alınıb. İsveçin həm diplomat, həm də hüquqşünas olub və Osmanlı dövründə uzun illər İstanbulda yaşayıb.

Hüquqi mürəkkəblik: Osmanlıdan Rusiya Federasiyasına qədər
Diplomat 1903-cü ildə İstanbulda vəfat etsə də, onun ölüm qeydlərində “mirasçısız öldü” ifadəsi yer almışdı. Lakin Fransa arxivlərində aparılan soybilim araşdırmaları nəticəsində məlum olub ki, İsveçinin qanuni varisləri mövcuddur. Bu səbəbdən, dövlət orqanlarının iddialarına rəğmən mülkiyyətin dövlətə keçməsi əsassız sayılıb.
Nikolayın ölümündən sonra Osmanlı Sultanı V. Mehmet Rəşad tərəfindən çıxarılan fərmanla malikanə Çar Rusiyasına kirayə verilib, lakin rəsmi şəkildə heç vaxt Rusiyaya tescil edilməyib. 1917-ci il inqilabları, Sovet İttifaqının qurulması və sonrakı dağılması ilə əmlakın hüquqi statusu daha da qarışıq hala gəlib. 1950-ci ildə isə malikanə yenidən İsveçinin adına qeydə alınıb.
Hüquqi döyüş: dörd tərəf, yüzlərlə səhifəlik qərar
2004-cü ildə Türkiyə Xəzinədarlığı “mirasçısı olmayan əmlak”ın dövlətə keçməsi üçün məhkəməyə müraciət etdi. «Vəqflər Baş İdarəsi» isə Sultan Bəyazid Vəqfinə aid olduğunu iddia etdi. Rusiya Federasiyası isə malikanənin Çar dövründə dövlət tərəfindən alındığını bildirərək, onun mülkiyyət hüququnu öz adına keçirmək istədi.
Bu zaman Fransada yaşayan varislər — Cedric Lecomte İsveçin, Aurelie Lecomte İsveçin və Jean Ivan İsveçin — ortaya çıxdı və məsələ yeni mərhələyə keçdi.

Məhkəmənin qərarı: hüquqi presedent
İstanbul Asliye Məhkəməsi, 15-ə yaxın AİHM qərarı, 10-dan çox Anayasa Məhkəməsi və Yargıtay presedentini araşdıraraq yüzlərlə səhifəlik qərar verdi. Qərar hüquqi cəhətdən elmi məqalə və akademik tədqiqat səviyyəsində əsaslandırılıb.
Türkiyə Xəzinədarlığının və Rusiya Federasiyasının iddiaları, hüquqi müddətin başa çatması səbəbilə əsassız sayılıb.
Vəqflər Baş İdarəsinin iddiası isə varislərin hüquqları sübut edildiyi üçün keçərli sayılmadı.

Nadir presedent
Soybilim sənədlərinə əsasən, Nikolay İsveçin (1815–1903) Rusiyada doğulub və həyat yoldaşı Yelizaveta Aleksandrovna Pestel 1877-ci ildə vəfat edib. İki oğlundan biri generallığa qədər yüksəlmiş, digəri isə varis qoymadan vəfat edib. Əsas varislərdən biri — Didier Lecomte İsveçin 2005-ci ildə vəfat edib. Onun övladları və digər nəvələr — Cedric, Aurelie və Jean İsveçin bu gün həmin malikanənin qanuni sahibləridir.
Məhkəmə qərarı ilə əmlak rəsmi olaraq şəxsi mülkiyyət kimi varislərə verildi. Hazırda bu varislərin malikanəni necə istifadə edəcəkləri — satmaq, bərpa etmək və ya ictimai istifadə üçün təqdim etmək planları — açıqlanmayıb.
Bu qərar, yalnız bir mülk məsələsi deyil — Osmanlı, Çar Rusiyası, SSRİ və Türkiyə tarixində mülkiyyət, diplomatiya və hüquq anlayışlarının kəsişdiyi nadir bir presedent kimi yadda qalacaq.

