"Uber" Türkiyədə 200 milyon dollarlıq texnologiya sərmayəsinə başlayır

3-11-2025, 16:04           
"Uber" Türkiyədə 200 milyon dollarlıq texnologiya sərmayəsinə başlayır
"Uber" ABŞ-dan kənarda dördüncü "Qlobal Texnologiya İnkişafı və Proqram Təminatı Mərkəzi"ni İstanbulda yaradaraq, növbəti beş il ərzində 200 milyon dollarlıq sərmayə qoyacağını açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkətin baş icraçı direktoru Dara Xosrovşahi və Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mehmet Fatih Kacırın iştirakı ilə keçirilən mətbuat konfransında "Uber"in ölkədə texnologiya mərkəzi quracağı bildirilib.

Yeni mərkəz ABŞ-dan kənarda yaradılacaq dördüncü "Qlobal Texnologiya İnkişafı və Proqram Təminatı Mərkəzi" olacaq və şirkət bu layihəyə növbəti beş il ərzində 200 milyon dollar sərmayə yatıracaq.

Braziliyadan, Hindistandan və Niderlanddan sonra Türkiyəni seçən "Uber" bu qərarı ilə ölkənin sürətlə inkişaf edən elmi-tədqiqat potensialına və mühəndislik imkanlarına inamını nümayiş etdirib. İstanbulda yaradılacaq mərkəz şirkətin süni intellekt, məlumat elmi, ağıllı mobillik və proqram mühəndisliyi sahələrindəki qlobal fəaliyyətlərinə ev sahibliyi edəcək.

"Trendyol Go" addımı ilə başlayan proses

"Uber"in Türkiyəyə marağı ötən ilin may ayında "Trendyol Go"nun əsas paylarını əldə etməsi ilə artmışdı. Həmin dövrdə 180 türk mühəndis şirkətə qoşulmuş, inteqrasiya mərhələsində yerli komandaların texniki bacarıqları "Uber" rəhbərliyinin diqqətini cəlb etmişdi. İstanbulda yeni texnologiya mərkəzinin yaradılması qərarı da məhz bu təcrübədən sonra formalaşıb.

Sərmayənin Türkiyənin qlobal texnologiya istehsalında rolunu gücləndirəcəyini bildirən sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, 2030-cu il hədəfləri arasında 100 min yeni texnologiya startapının yaradılması və 100 milyard dolları aşan türk "unicorn" dəyərinə çatılması məqsədinin olduğunu qeyd edib.

Hazırda 70 ölkədə və 10 mindən çox şəhərdə fəaliyyət göstərən "Uber" gündə 30 milyondan çox səfəri təşkil edir. İstanbulda yaradılacaq yeni mərkəz şirkətin təkcə regional deyil, həm də qlobal innovasiya strategiyasında mühüm rol oynayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru