Hindistanda Türk Dövlətçiliyi - DEQQAN_SULTANLIQLARI
19-12-2025, 00:01

Keçən dəfəki yazımızda Dehli Sultanlığının yaranmasından bəhs etmişdik. Belə ki, bu dövlət Qurlu hökmdarı Muizəddin Məhəmməd Qurinin şimali Hindistana hərbi səfərləri nəticəsində yarandı. Qurlu dövləti (1187 - 1215) Böyük Səlcuqlu İmperiyasının parçalanması nəticəsində meydana çıxan türk xanədanlıqlarından biri idi və Xorasan uğrunda digər türk dövləti Xarəzmşahlarla amansız müharibələr aparırdı. Xarəzmşahlarla müharibələr nəticəsində 1215-ci ildə Qurlular süquta uğradı. Onların Hindistandakı nümayəndəsi Qütbəddin Aybək isə 1206-cı ildə Dehli Sultanlığının əsasını qoydu. Dehli Sultanlığı şimali Hindistanda yaransa da Tuğluqşahların hakimiyyəti zamanı (1321 - 1413) yarımadanın böyük hissəsinə nəzarəti ələ keçirdi. Lakin 1336-cı ildə yarımadanın cənubunda Vicayanaqar sultanlığı, mərkəzində isə 1347-ci ildə Bəhməni Sultanlığı meydana çıxdı. XV əsrin sonlarında isə Bəhməni dövləti də parçalanıb 5 müstəqil sultanlığa bölündü. Onlar tarixşünaslıqda Deqqan Sultanlıqları kimi tanınır:
1. Bicapur Sultanlığı - Adilşahlar (Bayandurlar) - 1490 - 1687
2. Qolkonda Sultanlığı - Qütbşahlar (Baharlılar) - 1512 - 1687
3. Əhmədnaqar Sultanlığı - Nizamşahlar - 1490 - 1636
4. Bedar Sultanlığı - Bəridşahlar - 1492 - 1619
5. Berar Sultanlığı - İmadşahlar - 1490 - 1574
Yalnız Berar sultanlığını idarə edən İmadşahlar islamı qəbul etmiş hind sülaləsi idi. Qalan dörd sultanlığı türk xanədanları yaradıb idarə etdilər. Bu sultanlıqları quranlar vaxtilə Bəhməni Sultanlığının yerli valiləri idi. Qızılbaş dövlətinin həm Bəhməni Sultanlığı, həm də Deqqan suıtanlıqları ilə iqtisadi, siyasi, dini, mədəni sahələrdə əməkdaşlığı və əlaqələri vardı. Bu barədə növbəti yazılarımda məlumat verəcəm.
Əkbər N.Nəcəf. Səlcuqlu Dövlətləri və Atabəyəri Tarixi
Türk Dövlətləri və Mədəniyyətləri Tarixi
TEREF

