Post-Ərdoğan Türkiyəsi: Potensial Varislər və Strateji Proqnozlar
25-12-2025, 00:07

Ərdoğandan sonrakı dövr AKP üçün təkcə lider dəyişikliyi deyil, partiyanın taleyini müəyyən edəcək strateji mərhələdir. Əsas sual açıqdır: “Ərdoğanın yerinə kim gələcək?”
Hazırda partiya daxilində və dövlət mexanizmlərində real çəkisi olan dörd əsas fiqur önə çıxır: Hakan Fidan, İbrahim Kalın, Bilal Ərdoğan və Selçuk Bayraktar. Bu yazıda onların şanslarını siyasi, etnik və ictimai legitimlik baxımından təhlil edirik.
Hakan Fidan
Hazırda Türkiyənin xarici işlər naziridir, uzun illər Milli Kəşfiyyat Təşkilatına (MİT) rəhbərlik edib. Onun əsas üstünlükləri strateji düşüncə, təhlükəsizlik və diplomatiya təcrübəsi, eləcə də dövlətin “dərin mexanizmlərinə” tam bələdliyidir.
Etnik baxımdan da diqqətçəkən üstünlüyə malikdir: atası kürd, anası türkməndir. Bu faktor həm türk, həm də kürd elektoratı arasında müəyyən legitimlik yaradır. Partiya içində sakit, amma güclü nüfuza sahibdir. Real güc, sistem bilgisi və balans yaratmaq qabiliyyəti baxımından bu dördlükdə ən yüksək şansa malik namizəd məhz Hakan Fidandır.
İbrahim Kalın
Prezidentin uzun illər sözçüsü olub, hazırda da dövlətin ideoloji və kommunikasiya xəttində önəmli fiqurdur. Beynəlxalq mediada tanınır, intellektual imici və nitq qabiliyyəti güclüdür.
Lakin Kalın daha çox “söz” və “imic” adamıdır. Təhlükəsizlik, kəşfiyyat və real güc mexanizmləri üzərində Fidan qədər təsiri yoxdur. Bu səbəbdən potensial baxımından ikinci sırada qərarlaşır.
Bilal Ərdoğan
Prezidentin oğludur. Biznes və maliyyə sahəsində müəyyən təcrübəsi var. Onun əsas üstünlüyü ailə faktorudur.
Ancaq siyasi təcrübəsi zəifdir, kütləvi legitimliyi yoxdur və cəmiyyətin geniş təbəqələri tərəfindən lider kimi qəbul edilmir. Bilal Ərdoğanın irəliləməsi yalnız ailə dəstəyi hesabına mümkündür, bu isə AKP daxilində ciddi narazılıq və parçalanma riski yaradır.
Selçuk Bayraktar
Ərdoğanın kürəkəni, Baykar şirkətinin rəhbəri və Türkiyənin pilotsuz uçuş aparatları uğurunun simvoludur. Gəncdir, texnologiya və müdafiə sənayesi sahəsində real nailiyyətləri var, milli qürur obrazı formalaşdırıb.
Lakin onun da ciddi limitləri mövcuddur: siyasi təcrübəsi azdır, partiya içində struktur dayaqları zəifdir. Bayraktar daha çox texnokrat və simvolik fiqur kimi güclüdür. Siyasi lider kimi isə şansları məhduddur.
Nəticə və Strateji Proqnoz
Bütün parametrləri nəzərə aldıqda – strateji təcrübə, etnik balans, dövlət mexanizmlərinə nəzarət və partiya içi nüfuz baxımından – Ərdoğan sonrası dövrün ən real varisi Hakan Fidandır.
Əgər Tayyib Ərdoğan açıq və ya örtülü şəkildə Hakan Fidana dəstək versə, AKP uzun müddət hakimiyyətdə qala bilər.
Lakin Ərdoğan oğlunu və ya kürəkənini önə çəkməyə çalışsa, bu, AKP daxilində parçalanma yaradacaq və partiyanın iqtidardan getməsini sürətləndirəcək.
Bu səbəbdən AKP üçün ən rasional və sistemin davamlılığını təmin edən seçim, Ərdoğanın “qara qutusu” sayılan Hakan Fidandır.
O, Azərbaycan üçün də pozitiv fiqurdur...
Elbeyi Hesenli
TEREF

