Xərçəng xəstəliyinin çətinliklə nəzərəçarpan simptomları: Erkən mərhələdə nəyə diqqət etmək lazımdır?
20-03-2026, 11:18
Xərçəng xəstəliyi erkən mərhələlərdə demək olar ki, heç bir ciddi narahatlıq yaratmadan, gizli şəkildə inkişaf edə bilir.
Oxu.Az "Business Insider" nəşrinə istinadən xəbər verir ki, həkim Bea Bakşi xəstəliyin ilk əlamətlərini vaxtında müəyyən etmək üçün hansı simptomlara diqqət yetirməyin vacib olduğunu açıqlayıb.
Mütəxəssis bildirib ki, onkoloji xəstəliklərin əsas təhlükəsi onların erkən dövrdə nəzərə çarpmaması, lakin xroniki xarakter almasıdır. O, xüsusilə, aşağıdakı "səssiz" simptomları qeyd edib:
- Səbəbsiz və izah olunmayan yorğunluq;
- Həzm pozuntuları və qarında daimi şişkinlik (köp);
- Keçib getməyən yüngül ağrılar.
"Xərçəngin həmişə ağır keçdiyi və dərhal normal həyata mane olduğu barədə geniş yayılmış təsəvvürlər yanlışdır. Əslində, xəstəlik uzun müddət tamamilə zərərsiz görünə bilər", - deyə həkim vurğulayıb.
Bakşinin sözlərinə görə, əgər bir neçə simptom eyni vaxtda ortaya çıxırsa, uzun müddət davam edirsə və bunun məntiqi izahı yoxdursa, bu, ciddi narahatlıq üçün əsasdır. Həkim, həmçinin xatırladıb ki, sinə nahiyəsindəki istənilən şişkinlik və rektal qanaxma heç bir halda gözardı edilməməlidir. Hətta qan çox az olsa və bu hal ilk dəfə baş versə belə, dərhal mütəxəssis müayinəsindən keçmək həyat xilas edə bilər.