Qəbiristanlıqda şok cinayət: Modelin məzarı açıldı, başı yoxa çıxdı

1-04-2026, 15:18           
Qəbiristanlıqda şok cinayət:
İtaliyada 6 ay əvvəl qətlə yetirilən modelin məzarı ilə bağlı baş verən hadisə ölkədə böyük rezonans doğurub. Qətlə yetirilmiş modelin məzarının açıldığı və cəsədinin baş hissəsinin kəsilərək aparıldığı məlum olub.

Referans Media xəbər verir ki, hadisə Strozza qəbiristanlığında baş verib. Məlumata görə, 29 yaşlı italiyalı model Pamela Genininin cəsədi müvəqqəti məzardan ailə qəbiristanlığına köçürülərkən tabutda dəyişiklik edildiyi aşkarlanıb. Araşdırma zamanı tabutun vintlərinin söküldüyü, modelin başının kəsilərək götürüldüyü və izləri gizlətmək üçün tabutun yenidən silikonla bağlandığı müəyyən edilib.

Hadisə ilə bağlı istintaq aparan Bergamo prokurorluğu ehtimal edir ki, bu əməliyyat ən azı 3-4 nəfər tərəfindən həyata keçirilib. Çünki tabutun üzərində yerləşən ağır beton örtüyün qaldırılması və hadisənin gizli şəkildə həyata keçirilməsi bir neçə nəfərin iştirakı ilə mümkün ola bilər.

Məlumata görə, Pamela Genini 2025-ci ilin oktyabrında Milan şəhərində yaşadığı mənzildə keçmiş sevgilisi Gianluca Soncin tərəfindən bıçaqlanaraq öldürülmüşdü. Hazırda həmin şəxs həbsdədir və məhkəmə prosesini gözləyir.

İstintaq çərçivəsində hüquq-mühafizə orqanları qəbiristanlıqdakı təhlükəsizlik kameralarının görüntülərini araşdırır, həmçinin ailənin əvvəllər hər hansı təhdid alıb-almadığını yoxlayır.

İtaliya qanunvericiliyinə görə, məzarın təhqir edilməsi və oğurluq kimi qiymətləndirilən bu cinayətə görə təqsirli şəxsləri 7 ilə qədər həbs cəzası gözləyə bilər. Hadisə ölkədə böyük narahatlıq yaradıb və qəbiristanlıqlarda təhlükəsizliyin gücləndirilməsi ilə bağlı çağırışlar səsləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru