Zarafat, yoxsa təzyiq? Yumorun "qırmızı xəttini" necə müəyyən etməli?

Bu gün, 17:08           
Zarafat, yoxsa təzyiq? Yumorun "qırmızı xəttini" necə müəyyən etməli?
Gündəlik zarafatlar əhvali-ruhiyyəni qaldırmağa və ünsiyyəti müsbət məcraya yönəltməyə xidmət edir. Lakin bəzi məqamlarda yumor başqalarının şəxsi məkanına müdaxilə edərək passiv aqressiya forması ala bilər.

Oxu.Az xəbər verir ki, bu həssas mövzu ilə bağlı ACT (Qəbul və öhdəlik terapiyası) üzrə mütəxəssis, psixoloq Aleksandra Qrajdan "İzvestiya" nəşrinə müsahibəsində maraqlı məqamlara toxunub.

Mütəxəssis bildirib ki, edilən zarafat qarşı tərəfdə narahatlıq və ya mənfi təəssürat yaradırsa, bu, həmin şəxsin emosional sərhədlərinin pozulduğuna işarədir. Sağlam ünsiyyət mühitində bütün tərəflər özlərini güvəndə hiss etməli və zarafat istisnasız olaraq hər kəs üçün xoş olmalıdır.

Psixoloq qeyd edib ki, həmsöhbətin reaksiyasını izləmək xüsusi əhəmiyyət daşıyır. Əgər insan zarafatdan narahat olduğunu bildirdiyi halda qarşı tərəf buna adekvat reaksiya vermirsə, bu, şəxsi hüdudların aşılması deməkdir. Belə vəziyyətlərdə yumor artıq zarafat olmaqdan çıxır, tənqid və təzyiq alətinə çevrilir.

Ekspert vurğulayıb ki, bəzi mövzular zarafat üçün xüsusilə "təhlükəlidir":

- Ailə vəziyyəti;

- Hamiləlik və övlad sahibi olmaq;

- Şəxsi travmalar və fərdi təcrübələr.

İnsanın daxili yaşantıları və ya sosial fobiyaları barədə edilən zarafatlar onun psixoloji vəziyyətini pisləşdirə, onda qorxu və utanc hisslərini şiddətləndirə bilər.

"Biz qarşımızdakı insanın keçmişində nələr yaşadığını tam bilə bilmərik. Bizim üçün sadəcə "zərərsiz" görünən bir söz, başqası üçün ağrılı bir xatirəni oyada bilər", - deyə mütəxəssis diqqətə çatdırıb.

Psixoloq həmçinin əlavə edib ki, xoşagəlməz zarafata məruz qalan şəxsin öz sərhədlərini qorumaq və buna uyğun reaksiya vermək ixtiyarı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]