Everestdə inanılmaz fırıldaq: Turistləri qəsdən xəstələndirib milyonlar qazandılar
Bu gün, 15:08

Nepalda, dünyanın ən yüksək zirvəsi olan Everest dağında kütləvi saxtakarlıq faktı üzə çıxarılıb. Bələdçilərin və mehmanxana əməkdaşlarının helikopterlə təxliyə xərclərini sığorta şirkətlərindən almaq üçün turistləri bilərəkdən xəstələndirdikləri məlum olub.
"Daily Mail" nəşri xəbər verir ki, dələduzlar əsasən iki qanunsuz üsuldan istifadə ediblər.
Birinci variantda onlar səyahətçiləri yürüşü yarımçıq saxlamaq və sığorta kompensasiyası almaq üçün özlərini xəstə kimi qələmə verməyə razı salıblar. İkinci və daha təhlükəli üsulda isə alpinistlərin səhhəti qəsdən pisləşdirilib. Turistlərə yüksək dozada dağ xəstəliyi əleyhinə dərmanlar içirilib, onlar həddən artıq su qəbul etməyə məcbur ediliblər. Hətta bəzi hallarda turistlərin qidalarına qabartma tozu qatılaraq onlarda ciddi mədə-bağırsaq problemləri yaradılıb.
Bu prosesin ardınca, əksər hallarda ehtiyac olmadığı halda təxliyə üçün helikopterlər cəlb olunub. Qanunsuz sxemdə pilotlar, tibb işçiləri və xəstəxana rəhbərlikləri də yer alıblar. Sənədlərdə xərclər süni şəkildə artırılıb, faktiki olaraq kafedə oturan şəxslərin stasionar müalicə alması barədə saxta hesabatlar hazırlanıb.
2022-2025-ci illər ərzində 300-dən çox belə şübhəli fakt qeydə alınıb. Sığorta saxtakarlığı nəticəsində vurulan ümumi maddi zərərin 15 milyon funt-sterlinqdən (təxminən 33.5 milyon manatdan çox) artıq olduğu bildirilir.

