"Siz bizim hesabımıza rahat yatırsınız": Vətəndaşlıq borcunun imtiyaz ticarətinə çevrilməsi

8-04-2026, 15:04           
"Siz bizim hesabımıza rahat yatırsınız": Vətəndaşlıq borcunun imtiyaz ticarətinə çevrilməsi
Cəmiyyətimizdə tez-tez rast gəlinən, bəzən ictimai qınaqdan çəkinərək sükutla qarşılanan, lakin dövlətçilik təfəkkürü baxımından ciddi fəsadlar yaradan bir tendensiya var: Vətənə xidmətin şantaj və manipulyasiya alətinə çevrilməsi. Bu tendensiyanın ən populyar şüarı isə budur: "Siz hamınız bizə görə evinizdə rahat yatırsınız, ona görə də bizə borclusunuz".
İlk baxışdan emosional və toxunulmaz görünən bu ifadənin arxasında əslində dövlətin funksionallığını, müasir hərb elmini və sağlam cəmiyyət fəlsəfəsini inkar edən böyük bir absurdluq dayanır. Gəlin, bu məsələni pafosdan və kütləvi emosiyalardan kənarda təhlil edək.
Müharibənin Real Düsturu: 50-40-10
Cəmiyyətdə belə bir yanlış qənaət formalaşıb ki, müharibəni yalnız səngərdəki əsgər udur. Bu, romantikləşdirilmiş, lakin reallıqdan tamamilə uzaq bir yanaşmadır. Müasir dövrdə müharibə – sadəcə fiziki güc və cəsarət yarışı deyil, mürəkkəb siyasi, texnoloji və iqtisadi mexanizmin sınağıdır.
Real hərbi-strateji mənzərəni riyazi olaraq ifadə etsək, qələbənin arxitekturası təqribən bu cür formalaşır: 50% düzgün siyasi-diplomatik gediş, 40% müasir hərbi texnika və yalnız 10% fiziki canlı qüvvə. Nə qədər böyük və cəsur ordun olur-olsun, əgər dövlətin siyasi iradəsi zəifdirsə, qlobal güclərin neytrallığı təmin edilməyibsə, o ordu qırğına məhkumdur. Əgər masada diplomatik zəmin hazırlanmayıbsa, heç bir əsgər bir addım belə irəliləyə bilməz. Digər tərəfdən, o əsgərin başı üzərində müasir PUA-lar (məsələn, "Bayraktar"lar) düşmənin hərbi infrastrukturunu darmadağın etmirsə, ən yüksək əhval-ruhiyyə belə ölkəni xilas edə bilməz. Tarix siyasi iradənin və strateji zəkanın olmadığı yerdə ən nəhəng orduların belə sadəcə top yeminə çevrildiyinin amansız sübutları ilə doludur : 1904-1905-ci illər Rusiya-Yaponiya müharibəsi. Çar Rusiyası insan resursuna görə Yaponiyadan qat-qat nəhəng idi. Bütün dünya bu müharibədə "kiçik Asiya ölkəsinin" əziləcəyini gözləyirdi. Lakin Rusiya siyasi rəhbərliyinin bərbad fəaliyyəti nəhəng ordunu məhv etdi. Yaponlar bu imperiyanı darmadağın etdilər. 1967-ci il Altıgünlük müharibə. Misir, Suriya və İordaniya koalisiyası həm canlı qüvvə, həm də texnika sayına görə İsraildən dəfələrlə üstün idi. Lakin ərəb dövlətlərinin daxili siyasi xaosu və koordinasiyasızlığı qarşısında İsrailin siyasi kəşfiyyatı müharibənin taleyini cəmi 6 günə həll etdi. Siyasi masada uduzulmuş bir müharibəni səngərdə qazanmaq qeyri-mümkündür. Dövlət bir mexanizmdir. Heç bir dişli çarx digərini özünə borclu bilə bilməz.O zənciri yaradan mühəndis (hərbi sənaye) və o zənciri düzgün istiqamətə yönəldən siyasətçi (diplomatiya və strategiya) olmadan, sadəcə fiziki cəsarət qələbə gətirmir. Belə olan halda, prosesin uğurla tamamlanmasında rol alan tərəflərdən birinin çıxıb "bu uğur yalnız mənimdir" deməsi nə dərəcədə məntiqlidir? Hərə öz cəbhəsində, öz peşəsinin tələb etdiyi ləyaqətlə xidmət edir.
Qərb ölkələrinin, xüsusən də ABŞ və ya Kanadanın təcrübəsinə baxaq, bu ölkələrin Vyetnamda, İraqda, Əfqanıstanda sağlamlığını, həyatını itirmiş yüz minlərlə veteranı var. Lakin orada heç kim "mən Amerika uğrunda döyüşmüşəm, siz mənim hesabıma rahat yaşayırsınız" demir.
Çünki sivil, nizam-intizamlı və intellektə əsaslanan cəmiyyətlərdə vətənə xidmət hər kəsin öhdəliyidir. Vətənpərvərlik borcdur, ömürboyu istismar ediləcək bir status deyil. Qanun qarşısında hər kəs bərabərdir: səngərdə düşmənlə üz-üzə gələn əsgər də, arxa cəbhədə 15 il təhsil alıb insan həyatı qurtaran mütəxəssis də.Heç kim kiməsə borclu deyil. Hər kəs yalnız qanun və öz vicdanı qarşısında borcludur.
Vətənə xidmət müqəddəs bir borcdur və məhz buna görə də onu ucuz şantaj və tələb alətinə çevirmək ən böyük ləyaqətsizlikdir. Həqiqi qəhrəmanlıq – işini ən yüksək səviyyədə görməkdir.
Dr. Benjamin Karimov
P.S. ABŞ bu günə qədər Vyetnam, Koreya müharibəsi iştirakçılarına pensiya verir. Əsas isə onlar üçün hər bir şərait yaradıb və onların xüsusi imtiyazları tanınır. Cənab doktor bizdə bunlar varmı?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru