35 yaşdan sonra arıqlamaq niyə çətin olur? — Endokrinoloq AÇIQLADI
Bu gün, 12:44

35 yaşdan sonra arıqlamaq və nəticəni qoruyub saxlamaq o qədər də asan görünmür, lakin maddələr mübadiləsinin (metabolizmin) bununla heç bir əlaqəsi yoxdur.
Demokrat.az xəbər verir ki, bu barədə "qazeta.ru" ya endokrinoloq İrina Troitskaya məlumat verib.
"Uzun müddət hesab olunurdu ki, 35 yaşdan sonra orqanizm maddələr mübadiləsinin qaçılmaz ləngiməsi səbəbindən artıq çəki toplamağa başlayır. Lakin bazal metabolizm sürəti bütün yetkinlik dövründə — 20 yaşdan 60 yaşadək sabit qalır. Bu o deməkdir ki, yaşla bağlı maddələr mübadiləsinin zəifləməsi alimlər tərəfindən təkzib edilmiş bir mifdir. Bir çoxlarının müşahidə etdiyi çəki artımı isə reallıqdır.
Sübut olunub ki, 35 yaşdan sonra bir çoxları çəki toplamağa başlayır və bu proses yalnız 70 yaşa yaxın dayanır. Bu artım eyni anda bir neçə səbəbin təsiri ilə bağlıdır: fiziki aktivlik səviyyəsinin dəyişməsi, hormonal sistemin yenidən qurulması, stress və yuxu keyfiyyətinin aşağı olması", — deyə ekspert bildirib.
O, həmçinin qeyd edib ki, 30–35 yaşdan sonra insanların çoxu daha az hərəkət etməyə başlayır:
"Müasir texnologiyalar - çatdırılma xidmətləri, distant iş, inkişaf etmiş ictimai nəqliyyat, şəxsi avtomobil və ya taksi buna şərait yaradır. Piyada gəzmək ehtiyacı azalır. Hətta kifayət qədər hərəkət edənlər üçün belə, illər keçdikcə əvvəlki yükləmələr daha çətin gəlir: dözümlülük təbii şəkildə azalır. Bundan əlavə, yaşla bağlı insan hər 10 ildə əzələ kütləsinin 3–5%-ni itirir. Bu proses "sarkopeniya" adlanır".
Troitskaya vurğulayıb ki, əzələlər enerjinin əsas istehlakçısıdır. Əzələ nə qədər azdırsa, kalori sərfi bir o qədər aşağı olur və artıq çəki yığmaq ehtimalı artır. Çəki artımına təsir edən digər mühüm amil isə hormonal dəyişikliklər və insulin müqavimətidir (insulinorezisdentlik).
"Hüceyrələr qlükozanı çatdıran insulin hormonuna qarşı həssaslığını itirir. Orqanizm bunu kompensasiya etmək üçün daha çox insulin istehsal edir. İnsulin artıqlığı isə bədənin piyləri parçalamasına mane olur və onları ehtiyat kimi yığmağa başlayır. Nəticədə piylər, ilk növbədə qarın nahiyəsində toplanır", - deyə həkim izah edib.
Endokrinoloq xroniki stress və yuxu çatışmazlığını da xüsusi qeyd edib. Kortizol hormonunun artıqlığı yüksək kalorili qidalara meyli artırır və insan stressi "yeməklə keçirməyə" çalışır. Bu isə qapalı dövrə yaradır.

