Al dövrünün ən perspektivli peşələri: Qaynaqçılar və elektrikçilər
Dünən, 11:44

“Nvidia” şirkətinin baş direktoru Censen Huan bildirib ki, süni intellekt (Al) dövründə ən çox tələb olunan və yüksək maaşlı peşələr yalnız Al modellərini hazırlayan proqramçılar deyil, həm də yeni texnologiyalar üçün infrastruktur quran və ona xidmət edən işçi ixtisasları olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə o, Karnegi Mellon Universitetinin məzunları qarşısında çıxışında deyib.
Huan qeyd edib ki, süni intellektin inkişafı ABŞ üçün genişmiqyaslı sənaye reindustrializasiyası imkanı yaradır. Onun sözlərinə görə, xüsusilə elektrikçilər, santexniklər, qaynaqçılar, inşaatçılar və texniki mütəxəssislərə tələbat artacaq, çünki məhz onlar Al sistemlərinin işləməsi üçün lazım olan data mərkəzləri, çip istehsalı zavodları və digər infrastruktur obyektlərinin tikintisində iştirak edəcəklər.
“Nvidia” rəhbəri vurğulayıb ki, süni intellekt yalnız yeni kompüter sənayesi yaratmır, həm də faktiki olaraq yeni sənaye dövrünü formalaşdırır. Eyni zamanda, avtomatlaşdırmaya daha həssas olan ofis peşələri Al-ın tətbiqi ilə daha böyük risklərlə üzləşir.
Huanın sözlərini statistika da təsdiqləyir. “Randstad” kadr şirkətinin məlumatına görə, son üç ildə texniki mütəxəssislərə tələbat 27% artıb. İnşaat işçilərinə ehtiyac 30%, qaynaqçılara 25%, elektrikçilərə isə 18% yüksəlib.
“Nvidia” rəhbərinin fikrincə, infrastruktur mütəxəssislərinin çatışmazlığı Al inkişafı üçün yeni məhdudlaşdırıcı amilə çevrilir və bu, hesablama gücü və avadanlıq çatışmazlığı ilə yanaşı dayanır. O həmçinin bildirib ki, ABŞ ölkə üzrə çip istehsalı müəssisələri, hesablama kompleksləri, data mərkəzləri və istehsal sahələrinin geniş şəkildə tikintisini həyata keçirməli olacaq.

