Azərbaycanda yeni dövrün təhlükəsizlik sınağı - Süni intellekt

4-11-2025, 09:49           
Azərbaycanda yeni dövrün təhlükəsizlik sınağı -
XXI əsrin ən önəmli texnoloji hadisəsi olan süni intellect (AI), bütün dünyada ciddi dəyişikliklərə səbəb olur. ChatGPT kimi generativ süni intellekt sistemlərinin hazırlanması və istifadəyə verilməsi inqilabi kəşfdir. AI, cəmiyyətin demək olar ki, bütün sahələrinə nüfuz edərək insan fəaliyyətinin formasını dəyişdirir. O, mətnlər yaradır, xəbər və məqalələrdən tutmuş kitabların yazılmasına qədər yaradıcı proseslərdə iştirak edir. Musiqi bəstələyir, rəsm əsərləri və animasiya nümunələri ərsəyə gətirir.
AI, həmçinin rutin əməliyyatları avtomatlaşdıraraq resurslara qənaət edir, layihələrin icrasını sürətləndirir və nəticə etibarilə məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəldir. Yeni texnologiyaların sürətli inkişafı iqtisadiyyatın müxtəlif sahələrində daha səmərəli qərarların qəbulunu sürətləndirir və süni intellektin analiz bacarıqları şirkətlərə və dövlət orqanlarına müştəri və vətəndaşların davranışlarını daha yaxşı anlamağa və buna uyğun strategiyalar hazırlamağa imkan verir. Süni intellekt özü ilə bərabər məlumatların təhlükəsizliyi kimi problemləri də gündəmə gətirsə belə, onun iqtisadi inkişafda yeni açar rolunu oynayacağı şübhə doğurmur. Dünya ölkələri dövlət xidmətlərini təkmilləşdirmək, vətəndaşların işlərini asanlaşdırmaq üçün dövrün tələbi olan süni intellektdən geniş istifadə edirlər. Bu baxımdan kənd təsərrüfatı, səhiyyə, media, təhsil, hətta enerji sahəsində də süni intellektin tətbiqi ilə innovativ dəyişikliklər görülməkdədir.
Azərbaycanda da süni intellekt əsaslı startaplar və layihələr iqtisadi diversifikasiyaya töhfə verir. Süni intellektə əsaslanan xidmətlərin təkmilləşdirilməsində dövlət də maraqlıdır. “Azərbaycan Respublikasının 2025-2028-ci illər üzrə süni intellekt Strategiyası”nın qəbul olunması buna əyani misaldır.
Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı iştirak edən çıxışı zamanı qeyd etdi ki, bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır. Süni intellekt artıq ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir: “Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, "mainstream"in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik”.
Məlumdur ki, ölkəmizdə son illər ərzində fərqli sahələrdə rəqəmsallaşma üzrə də mühüm işlər görülmüşdür. Dövlət sosial xidmətlərinin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlara şəffaf, çevik, keyfiyyətli, əlçatan və vətəndaş məmnunluğuna uyğun xidmətlər sisteminin formalaşdırılması sosial islahatlar proqramının əsas hədəflərindəndir. Bu istiqamətdə “ASAN xidmət” modeli, DOST konsepsiyası, sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması proqramı həyata keçirilmişdir. Prezident İlham Əliyev çıxışında rəqəmsallaşma ilə bağlı əldə edilmiş uğurlara da toxundu: “Bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Biz rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük. Yəni, bəlkə də geniş ictimaiyyət bunu yaxından izləmir. Ancaq biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. Ona görə təsadüfi deyil ki, artıq bir müddət bundan əvvəl bizim hökumət strukturunda nazirliyə “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” adı verilmişdir və bu istiqamətdə də addımlar atılır”.
Digər vacib məsələnin kibertəhlükəsizliklə bağlı olduğunu qeyd edən ölkə başçısı əlavə edib ki, indi dünyada kiberhücumlar geniş vüsət alıb: “Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək. Çünki kibertəhlükəsizlik, yəni, virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu gün həm müharibələrin deməli aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir və dünya dəyişir. Ona görə bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Ona görə kibertəhlükəsizliklə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir. Əlbəttə ki, eyni zamanda, bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik”.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” təsdiq edilib. Strategiya dövlətin, cəmiyyətin və insanların müasir İKT-dən təhlükəsiz istifadəsinin təmin edilməsi üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl sektorda fəaliyyət göstərən informasiya infrastrukturunun, o cümlədən kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunmasına aid tədbirlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə, eləcə də Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş insan hüquq və azadlıqlarına riayət edilməsinə daha əlverişli şəraitin yaradılmasına xidmət edir.

Sevinc Azadi – araşdırmaçı-jurnalist












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]